Xankəndi şəhərində yaradılmış Qarabağ Universitetinin təbliğat görüşü keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən təbliğat görüşündə Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gozəlova, Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə əməkdaşları, məktəb-liseyin müəllim və şagirdləri, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlər iştirak ediblər.
Görüşdə çıxış edənlər işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində doğma yurd yerlərimizin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsindən danışıblar. Bildiriblər ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir. Həmçinin vurğulanıb ki, işğaldan azad edilən ərazilərdə yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən Qarabağ Universitetinin yaradılması Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq.
Görüşdə məktəb-liseyin şagirdləri və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparıb, universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verilib.