Əvvəllər bilik daha önəmli sayılırdısa, indiki dövrdə fərqli bacarıqlara daha çox üstünlük verilir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, şagirdlərin koqnitiv bacarıqları kifayət qədər yaxşı olsa da, müşahidələr onların iş həyatına atılmaları üçün lazımi praktiki bacarıqları yetərli olmadığını göstərir:
"SABAH Akademiyasını yaradarkən istedadlı tələbələri ölkənin iqtisadi liderləri ilə bir araya gətirməyi hədəfləyirdik. Bu il rəqəmsal bacarıqların ilk məzunları olacaq və Azərbaycan təhsili üçün önəmli yenilikdir. "Rəqəmsal bacarıqlar" layihəsinin məzunları yaşıdlarından fərqli olaraq startap kimi mövzulara daha yaxşı hakim olaraq tələbə həyatına başlayacaqlar".
Təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, bilik vacibdir, ancaq müəyyən istiqamət üzrə səriştələrin və bacarıqların olması daha önəmlidir:
“İndiki dövr bacarıqların olmasını tələb edir. Məsələn kimsə, yaxşı riyaziyyatçıdır ancaq onun İKT bilikləri yoxdur. Demək ki, burada təkcə bilik əhəmiyyət daşımır. Bilik və bacarıqların olması fərqli, istiqamətlər üzrə səriştələrin formalaşması istənilən dövlət ya özəl qurumda nəzərdə tutulan bir istiqamətdir. Yəni kadrın bacırıqlı olması hər bir müəssisə üçün ən optimal yoldur. İnformasiya texnologiyaları, idman və ya mülki müdafiə ilə bağlı bacarıqların olması şəxsin özü ilə paralel kollektiv üçün də bir üstünlük sayılır. Nazirin bu fikrinə müsbət yanaşıram”.