COP29 ərəfəsində bağçaların fəaliyyətinin dayandırılmaması təqdirəlayiqdir -RƏY

Elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı bağçaların fəaliyyəti məsələsinə aydınlıq gətirib.
Sherg.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, çalışan analar üçün bağçalar olduqca önəmlidir. Buna görə də COP29 tədbirləri günlərində bağçaların fəaliyyətinin tamamilə dayandırılması nəzərdə tutulmayıb.
“Noyabr ayında Azərbaycanda keçirilən COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri fəaliyyət göstərsin. Çünki çalışan analar üçün bağça önəmlidir. Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda bu fəaliyyət ümumi proses üçün hər hansı problem yaradacağı təqdirdə, müdaxilə oluna bilər.
Çünki normal halda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürürlər”, - Emin Əmrullayev qeyd edib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Sherg.az”a bildirib ki, bilirik ki, ölkədə bağçaların sayı azdır:

“Cəmi 1825 bağça var. Onun 1642-i dövlət, qalan 13-ü isə özəl bağçalardır. Azərbaycanda hər dörd uşaqdan yalnız biri bağçaya gedə bilir. Belə olan təqdirdə də bağçaların lazımlılığı və onlara olan tələbat həddən artıq çoxalır. Ümumiyyətlə bağçalar uşağın sosiallaşması, ilkin tədris pilləsi üçün bir mərhələ deyil, həm də valideynin öz işi ilə məşğul olması üçün bir vasitədir. Azərbaycanda isə bağçalarda ciddi sıxlıq müşahidə edilir. Elm və Təhsil Naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, çalışan analar üçün bağça olduqca vacibdir. Bunu hər bir çalışan ana və onun ailəsi iki qat hiss edir. Hətta uşağını bağçaya qoymadığı üçün öz işindən imtina etmək məcburiyyətində qalan bir çox valideynlər də var. Yaxın ətrafımda da bu cür hadisə ilə qarşılaşan bir neçə valideyn tanıyıram. Bu qərara haqq qazandırıram. Bağçaların açıq olması müəyyən sıxlıqla müşahidə edilməz. Ümumiyyətlə bağçaların kəmiyyət göstəriciləri məkan və qəbul etdiyi uşaqların say etibarı ilə çox deyil. Lakin hər bir uşağın bağçaya getməsi ailəsi üçün böyük dəstəkdir. Düşünürəm ki, COP29 ərəfəsində bağçaların fəaliyyətinin dayandırılmaması təqdirəlayiqdir. Bağçaların fəaliyyətdə olması o qədər də problemli məsələyə çevrilə bilməz”.