Aktual elm sahələrinin inkişafı prioritetdir

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Bakıda keçirilən forum Azərbaycan elminin perspektivləri barədə nikbin düşünməyə imkan verir


  Sentyabrın 9-da Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işinə başlayıb. Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edib. Forum çərçivəsində tədbir iştirakçıları  sentyabrın 11-də (bu gün) işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.
Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.
  ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışı zamanı bildirib ki, xaricdə yaşayan Azərbaycan alimlərinin iştirakı ilə elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir. Rektor bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra elm və təhsil sahəsində də yeniliklərin tətbiq olunması zərurəti yaranıb: “Elm çox cəlbedici bir sahədir. Azərbaycan elminin səviyyəsinin yenidən qaldırılması, peşəkar kadrların yetişdirilməsi üçün nələri etməyin lazım olduğu barədə düşünmək lazımdır. Azərbaycan elminin, təhsilinin nüfuzu daha da artırılmalıdır. Bunun üçün isə biz alimlərimizdən təkliflər gözləyirik”.
  Əməkdar elm xadimi, Münxen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, dünyaşöhrətli azərbaycanlı alim Məsud Əfəndiyev isə qeyd edib ki, forumun təşkilində məqsəd Azərbaycan elminin inkişafına töhfə vermək, peşəkar və gənc alimlər arasında körpü yaratmaqdır. Alim Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, elmimizin yüksək səviyyədə inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb: “Xalqımızın inkişafına əlimizdən gələn qədər töhfə verməyə hazırıq”.
  Forumda Azərbaycanda fəaliyyət göstərən universitet və elmi-tədqiqat institutlarının beynəlxalq akademik mühitlə əlaqələndirilməsində xaricdə yaşayan alimlərin rolunun inkişaf etdirilməsi barədə danışılıb. Natiqlər Çin diaspor alimlərinin fəaliyyətindən müsbət mənada faydalanmağın təcrübəsindən bəhs ediblər, Azərbaycan üçün bu modelin qurulmasının vacibliyi vurğulanıb.
  Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində maraqlı müzakirələrin aparılacağına əminliyini diqqətə çatdıran elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, tədbir çərçivəsində ən vacib məqam Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiya məsələsidir.
Elm və Təhsil Nazirliyi tərəfindən göstəriləcək dəstək və imkanlar barədə danışan nazir transformasiyanın ən böyük problem olduğunu qeyd edib. Elmi rəqəmlərlə ölçməyin mümkün olmadığını deyən nazirin sözlərinə görə, Azərbaycan üçün elm və təhsil sahəsində müəyyən problemlər var. Lakin son iki ildə elmin təhsillə inteqrasiyasından sonra bu sahənin inkişafında xeyli addımlar atılıb və nəticələr görülür.
Azərbaycan elminin inkişafı üçün prioritetlərin müəyyən edilməsinin vacibliyini vurğulayan E.Əmrullayev dövlət tərəfindən təhsillə bağlı müxtəlif proqramlar həyata keçirildiyinə diqqət çəkərək, proqram çərçivəsində təhsil alan gənclərimizin ölkəyə qayıtması və öz biliklərini paylaşmasının vacibliyini qeyd edib. 
 
 Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov isə “Sherg.az"a açıqlamasında deyib ki, rəqəmsal texnologiyaların, süni intellektin sürətlə dominanta çevrildiyi hazırkı kritik dönəmdə ölkəmizdə belə bir forumun təşkil edilməsi və dünyanın müxtəlif yerlərində yaşayan, fəaliyyət göstərən azərbaycanlı alimlərin Bakıda toplanması olduqca mühüm hadisədir.  Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin  bu təşəbbüsü təqdirəlayiq hal kimi qiymətləndirilməlidir:

 “Bu forum Azərbaycan elminin dünyanın elmi yeniliklərinə, qabaqcıl təcrübələrinə inteqrasiya vasitəsilə inkişafına böyük töhfə verəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına ünvanladığı müraciətində bu məqamı xüsusi olaraq vurğulayıb və bu cür forumların ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması üçün əhəmiyyətli olduğunu qeyd edib: “Forumun dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əminəm”.
Dövlətimizin başçısı Bakıda təşkil olunan bu Forumun Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcəyinə, eləcə də işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcəyinə inamını ifadə edib. Cənab Prezident eyni zamanda xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutmasının Azərbaycan diasporunun inkişafı üçün də böyük imkanlar yaratdığını vurğulayıb: “Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır. Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülüb”. Bu fikirlər onu göstərir ki, Azərbaycan Prezidenti ölkəmizin dayanıqlı və innovativ inkişafında alimlərimizin roluna böyük ümidlər bəsləyir. 
Yeri gəlmişkən, Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim, ümumilikdə isə 200-dən çox yerli və xarici alim iştirak edir. Onlar müxtəlif elm sahələrini təmsil edirlər. Bu faktın özü də Azərbaycan elminin perspektivləri barədə nikbin düşünməyə imkan verir. Əlbəttə, hazırda elm sahəsində müxtəlif problemlərin mövcud olduğu da sirr deyil. Lakin o da qeyd olunmalıdır ki, indi ölkəmizdə elmin inkişafı ilə bağlı yeni dövlət proqramı üzərində ciddi iş gedir. Aktual elm sahələrinin inkişaf etdirilməsi dövlətimizin əsas prioritetlərindən birinə çevriləcək”.