Tədris ilinin bir aydır başlamasına baxmayaraq bəzi məktəblərdə dərs cədvəli hələ də təsdiqlənməyib.
Valideynlərin sözlərinə görə, övladları yeni tədris ilinə uyğunlaşmaqda çətinlik çəkir, hər həftə fərqli cədvəllə dərslərə hazırlaşırlar.
Artıq tədris ilinin başlamasından bir ay keçib.
Maraqlıdır, məktəblərdə dərs cədvəlinin tam təsdiqlənməməsinin səbəbi nə ola bilər? Bu nüans şagirdlərin təhsil səviyyəsinə necə təsir edəcək?
Suallarımızı cavablandıran təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a deyib ki, hansısa təhsil müəsisəsində dərs cədvəli ilə bağlı problem yaranıbsa, bu müəllim çatışmazlığından və təhsil verənlərin vaxt uyğunsuzluğundan qaynaqlana bilər:
''Fikrimcə, bu nöqsan bütün təhsil müəsisələrini əhatə etmir. Ola bilsin ki, bir-iki məktəb belə problemlə üzləşib. Təbii ki, bu barədə müəsisə rəhbəri cədvəlin hazırlanması və müəllim təminatı ilə bağlı yuxarı qurumlara məlumat verib. Cədvəllərin tam formalaşmaması şagirdlərin müvafiq olaraq bəzi fənlər üzrə dərsdən geri qalmalarına səbəb olur. Bu da onların təhsil göstəricilərinə mənfi təsir göstərə bilər. Ona görə də çalışmaq lazımdır ki, dərs cədvəli vaxtında hazır olsun. Yəni, hər bir təhsil müəsisəsi rəhbəri öncədən bu planlamaları aparmalıdır. Ən azından bir ay müddətində problem öz həllini tapmalı idi. Ümid edirəm ki, məktəb rəhbərliyi yaxın vaxtda məsələni aradan qaldıracaq".