- “Valideynə müdaxilə etmə deyirlər, özləri abituriyenti yönləndirirlər”
Dünəndən etibarən ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsinə start verilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bütün ixtisas qrupları üzrə seçim prosesi avqustun 12-dən 19-u saat 23:59-dək internet üzərindən həyata keçiriləcək.
Sözsüz ki, ali təhsil müəssisələrinə qəbul prosesinin ən həlledici mərhələlərindən biri məhz ixtisas seçimidir. Çünki bu mərhələdə verilən qərar yalnız universitetə qəbul olunmağı deyil, gəncin gələcək peşəsini, karyera istiqamətini və həyat yolunu da müəyyənləşdirir. Elə buna görə də hər il minlərlə abituriyent və valideyn bu seçim qarşısında tərəddüd yaşayır. Son illər isə ixtisas seçimi ətrafında yeni bir kommersiya bazarı formalaşıb. Bəzi təhsil ekspertləri və müxtəlif şirkətlər ödənişli ixtisas seçimi xidmətləri təklif edir, bunun müqabilində isə abituriyentlərdən və valideynlərdən müəyyən məbləğdə ödəniş tələb olunur.
Xüsusilə sosial şəbəkələrdə aparılan reklam kampaniyaları vasitəsilə bəzi şəxslər abituriyentlərin və valideynlərin etibarını qazanmağa çalışaraq ixtisas seçimini ödəniş müqabilində həyata keçirməyi təklif edirlər. Bu xidmətlər "düzgün seçim", "100 faiz uğur" və ya "peşəkar seçim" vədləri ilə təqdim olunsa da, aidiyyəti qurumlar dəfələrlə vətəndaşları belə çağırışlara qarşı ehtiyatlı olmağa səsləyiblər. Dövlət İmtahan Mərkəzi vaxtaşırı yaydığı xəbərdarlıqlarda abituriyentlərə və onların valideynlərinə yalnız kommersiya məqsədi güdən şəxslərin vədlərinə aldanmamağı, ixtisas seçimi zamanı rəsmi məlumatlara və etibarlı mənbələrə üstünlük verməyi tövsiyə edir.
Mövzunu şərh edən təhsil eksperti Vüqar Məmmədov Sherg.az-a bildirib ki, abituriyentlərə təqdim edilən ödənişli ixtisas seçimi xidmətləri gənclərin gələcəyi üzərində qurulan olduqca təhlükəli bir kommersiya mexanizminə çevrilib. Onun sözlərinə görə, bu xidməti təklif edən şirkətlər və fərdlər əksər hallarda valideynlərə övladlarının seçiminə müdaxilə etməməyi, onları sərbəst buraxmağı şiddətlə məsləhət görürlər: “İlk baxışdan müasir və düzgün yanaşma kimi görünən bu çağırışın arxasında əslində böyük bir ziddiyyət və kökündən yanlış bir addım dayanır. Çünki valideynin övladına təsirini qınayan bu mərkəzlər, özləri heç tanımadıqları, psixologiyasına və daxili dünyasına bələd olmadıqları minlərlə abituriyenti kütləvi şəkildə istədikləri kimi yönləndirirlər. Bu proses hər şeydən əvvəl abituriyentin taleyi ilə açıq-aşkar oynamaqdır. İxtisas seçimi sadəcə keçid ballarının və riyazi ehtimalların standart şablonlara uyğunlaşdırılması deyil; bu, gəncin bütün gələcək həyatını, karyerasını və cəmiyyətdəki yerini müəyyən edən ən mühüm qərarlardan biridir. Lakin bu xidmətlər gəncin şəxsi potensialını, fərdi bacarıqlarını və uzunmüddətli hədəflərini dərindən təhlil etmədən, yalnız "bal boşa getməsin" prinsipi ilə hərəkət edirlər. Belə həlledici və həssas bir qərarı bir neçə dəqiqəlik ödənişli seanslara sığdırmaq, gənclərin gələcəyini düşünmədən onları sadəcə bir kommersiya alətinə çevirmək deməkdir”.
Ekspertin fikrincə, bu mexanizm abituriyentin öz həyatı haqqında məsuliyyətli qərar vermə qabiliyyətini və müstəqil iradəsini iflic edir:
“Valideyn diqtəsindən qorunmaq adı altında biznes maraqlarının qurbanına çevrilən gənclər, sonradan heç vaxt sevməyəcəkləri və onlara yad olan peşələrin yorucu yükünü daşımağa məhkum olurlar. İxtisas seçimi vərəq üzərindəki rəqəmlərin mexaniki uyğunlaşdırılması deyil, gəncin özünüdərk prosesinin nəticəsi olmalıdır. Gənclərin taleyini gəlir mənbəyinə çevirən və onları tanımadıqları adamların iradəsinə tabe edən bu yanlış ənənə, onların aydın gələcəyinə vurulan ən böyük zərbələrdən biridir”.