“Bəzi şagirdlər məktəb üçün təhlükəyə çevrilib” - Təhsil eksperti

Təəssüf ki bəzi məktəblərdə şagirdlərin bu cür davranışlarının, intizamsızlığın, yekaxanalıqlarının qarşısı vaxtında alınmır, nəzarətə götürülmür

Davamlı zorakılıq edən, digər şagirdlər üçün təhlükə yaradan, məktəb mühitinə uyğunlaşa bilməyən uşaqlarla bağlı ayrıca yanaşma olmalıdır

271 saylı məktəbdə fiziki zorakılıq törədilib. Məlumata görə, məktəbin şagirdi gün ərzində digər şagirdləri ayrı-ayrılıqda fiziki zorakılığa məruz qoyub və bu əməlini də görüntüyə aldıraraq sosial şəbəkə hesabında paylaşıb. Paylaşılmış videoda görünür ki, şagird başqa birisini divara qısnayıb və onu vurmağa, döyməyə hazırlaşır, bir başqası isə kənarda dayanıb baş verəcəkləri videoya çəkməyə hazır vəziyyətdədir.

Şagird məktəb yoldaşını vurmağa başlayan kimi kınardakı uşaq da bunu telefonun kamerası ilə çəkir. Bu nədir? Bəna nə ad vermək olar, bəlkə nəhayət ki Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bəlkə bir açıqlama versin. Təhsil sistemimiz – məktəblər “mafiya babaları”, “vor zakon” qanunlarının əsirinə çevrilib. Bəs sosial şəbəkələrə yaş məhdudiyyətinin tətbiqi müzakirə olunmuşdu Milli Məclisdə, hanı nəticə? Kim nə istəsə, təhdid, şantaj, təhqir, zorakılıq... çəkib paylaşacaqsa, uşaqlar “Tik-tok qəhrəmanı”na çevriləcəksə qanun qəbul etməyin nə faydası? 

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, 271 saylı məktəbdə baş vermiş hadisə məktəblilər arasında təhlükəli psixoloji mühitin formalaşdığını göstərir: 

- Burda məsələ təkcə fiziki zorakılıq deyil, kollektiv şəkildə bir şagirdin mənliyini alçaltmaq, şəxsiyyətini təhqir etmək və bunu ibrət kimi təqdim etmək, guya ki qarşısındakına “dərs vermək”dir. Bu, adi məktəbli intizamsızlığı deyil, ciddi sosial-psixoloji problemdir. Təəssüf ki bəzi məktəblərdə şagirdlərin bu cür davranışlarının, intizamsızlığın, yekaxanalıqlarının qarşısı vaxtında alınmır, nəzarətə götürülmür, məktəb rəhbərliyinin proseslərə nəzarəti zəifdir, psxoloq xidməti formal xarakter daşıyır, valideynlər uşaqların davranışlarına çox gec reaksiya verir, nəticədə bu cür zorakılıq halları baş verir. Aqressiv davranış sərgiləyən şagidlər digər şagirdlərin təhlükəsiz təhsil mühitini pozur. Davamlı zorakılıq edən, digər şagirdlər üçün təhlükə yaradan, məktəb mühitinə uyğunlaşa bilməyən uşaqlarla bağlı ayrıca yanaşma olmalıdır. Belə hallarda töhmət, cəza mexanizmləri hallandırmaq, valideynin məktəbə çağırılması kifayət etmir, fayda da vermir. Xüsusi nəzarət və reabilitasiya mərkəzləri yaradılmalıdır ki orada həm psixoloqlar, həm sosial işçilər və xüsusi hazırlıqlı pedaqoqlar uşaqlarla işləsin. Çünki bəzi şagirdləri mövcud məktəb mühitində saxlamaq həm onların özünə, həm də digər şagirdlərə zərər verir. Burada məqsəd təbii ki cəzalandırmaq deyil, düzgün istiqamətləndirmək olmalıdır. Şagirdlərin təhlükəsizliyi, psixoloji rahatlığı da qorunmalıdır. Məktəb təhsil və inkişaf mühiti olmalı, qorxu, təzyiq, bullinq məkanı olmamalıdır. Biz məktəbi belə görmək istəmirik.