Dəftələrin üzərində şəhidlərin fotosu...-Naşir:“Mən belə ucuzlaşdırmazdım”

 “Təsəvvür edin, həmin dəftəri istifadə etdikdən sonra zibil qutusuna atacaqlar, üzərində də şəhidimizin fotosu olacaq”
“Yəqin çap etdirən insan bunu fikirləşməyib, istəyib onları xatırlatsın”
“Mən isə dəftərdə deyil, başqa davamlı qalan, rəflərdə yeri olan çap məhsullarının üzərində görmək istərdim”
Yeni çap olunan dəftərlərin üzərində Vətən müharibəsində şəhadətə ucalan igidlərimizin fotoları və onlar haqqında məlumatlar əks olunub. Beləliklə, şagirdlər qəhrəmanlarımızı tanıyacaq, onları daim yadda saxlayacaqlar. 
Lakin bu təşəbbüs ictimaiyyətdə müzakirə doğurub. Əksəriyyət dəftərlərin istifadə olunduqdan sonra atılacağını, azyaşlı şagirdlər tərəfindən cırıla biləcəyini düşünüb və bunun düzgün olmadığını xüsusi vurğulayıb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan naşir, təhsil eksperti Rafiq İsmayılov söyləyib ki, bu təşəbbüsün yaxşı tərəfləri də var:
“Dəftərin üzərində əks olunması, uşaqların görməsi, yadda saxlaması gözəldir. Şəhidlərimizin müxtəlif yollarla yada salınması təqdirəlayiqdir. Lakin bu elə də böyük  hadisə deyil ki, haqqında xüsusi yazılsın. Çünki bunun müsbət tərəfləri ilə yanaşı xoşagəlməz  tərəfləri də mövcuddur.
 Təsəvvür edin, həmin dəftəri istifadə etdikdən sonra zibil qutusuna atacaqlar, üzərində də şəhidimizin fotosu olacaq. Bu tərəfini düşünmək lazımdır. 
Yəqin çap etdirən insan bunu fikirləşməyib, istəyib onları xatırlatsın. Mən isə belə ucuzlaşdırmazdım. Dəftərdə deyil, başqa davamlı qalan, rəflərdə yeri olan çap məhsullarının üzərində görmək istərdim”.
Samirə