- Bu üstünlükdən yararlanmaq üçün plan yerlərinin çoxluğuna önəm verməkdən daha çox, düzgün ixtisas və düzgün seçim strategiyası olmalıdır
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında I ixtisas qrupunu seçən abituriyentlər bu il digər qruplarla müqayisədə daha böyük üstünlüklərə malikdirlər. Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial mediada canlı yayım zamanı deyib. DİM sədri I ixtisas qrupunda pulsuz təhsil imkanlarının geniş olduğunu xüsusi vurğulayıb:
"Birinci qrup bu il çox şanslı qrupdur. Hazırda bu qrup üzrə ayrılmış ümumi plan yerlərinin 75 faizini dövlət sifarişli, yəni ödənişsiz yerlər təşkil edir. Bu, abituriyentlər üçün çox ciddi bir göstərici və böyük imkandır".
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bu fikirdədir ki, M.Abbasazadənin I ixtisas qrupunu şanslı qrup hesab etməsi təsadüfi deyil. “Sherg.az”a açıqlamasında ekspert bildirdi ki, ümumi plan yerlərinin 75 faizinin dövlət sifarişli olması abituriyentlər üçün kifayət qədər böyük üstünlükdür:
- Xüsusilə ödənişli təhsil ailələr üçün maliyyə yükü yaratdığına görə dövlət sifarişli yerlərin bu qədər yüksək paya malik olması həmin qrupun cəlbediciliyi artırır. Burada 2 məqamı qeyd etmək lazımdır. Birincisi, plan yerlərinin çox olması qəbul şansını artırır. İkincisi və daha vacibi, dövlət sifarişli yerlərinin çoxluğu abituriyentin ali təhsil almaq üçün əlavə maliyyə yükü ilə üzləşməməsi baxımından böyük üstüblükdür. I qrupda abituriyent yalnız ali məktəbə qəbul olmaq deyil, eyni zamanda ödənişsiz əsaslarla təhsil almaq baxımından da geniş seçim imkanına sahib olur. Amma bunu I ixtisas qrupunda imtahan verənlərin hamısının rahat bir şəkildə ali məktəbə daxil olacaq deyə başa düşmək də düzgün olmaz. Dövlət sifarişli yerlərin çoxluğu həmin qrupda rəqabətin olmayacağı anlamına gəlmir. Əksinə, bu üstünlük I ixtisas qrupuna zatən marağı artırır, xüsusilə kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik və müasir əmək bazarı ilə əlaqəli dgər istiqamətlərə marağın yüksək olması, müəyyən ixtisaslarda rəqabəti daha da yüksəldir. Plan yerlərinin artırılması əmək bazarının tələbləri ilə uzlaşdırılması müsbət məqamdır. Bu gün texnologiya, mühəndislik, enerji, rəqəmsallaşma və digər texniki sahələr üzrə mütəxəssislərə ehtiyac artır. Əgər plan yerlərinin artırılması bu tələbat nəzərə alınaraq həyata keçirilirsə, bu, həm ali təhsilimiz, həm də əmək bazarı üçün müsbət addımdır. Abituriyentlərə həmişə tövsiyə edirik ki, I qrupda ödənişsiz yerlər çoxdur düşüncəsinə qapılıb ixtisas seçməsinlər. Abituriyent ilk növbədə öz balını real qəbul imkanlarını seçmək istədiyi ixtisası və həmin ixtisas üzrə dövlət sifarişli yerlərin sayını və məzun olduqdan sonra əmək bazarındakı perspektivi birgə qiymətləndirməlidir. Bu il I ixtisas qrupu abituriyentlər üçün həqiqətən daha əlverişli imkanlar yaradır, amma bu üstünlükdən yararlanmaq üçün plan yerlərinin çoxluğuna önəm verməkdən daha çox, düzgün ixtisas və düzgün seçim strategiyası olmalıdır.