Ötən bazar Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi magistratura imtahanları iştirakçıların bir qismi üçün uğursuz oldu. Qeyri-sabit hava şəraiti və paytaxtda keçirilən beynəlxalq miqyaslı tədbirlə eyni günə təsadüf etməsi imtahan iştirakçılarının gecikməsinə səbəb oldu. Gecikənlər imtahana buraxılmadılar.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi "Sherg.az"a açıqlamasında bildirdi ki, hazırda DİM tərəfindən dünənki tarixdə keçirilmiş magistraturaya qəbul imtahanının II cəhdilə bağlı müzakirələr gedir. İmtahanın təkrar keçirilməsi və yaxud da hansısa qərarların alınması ilə bağlı gün ərzində alınacaq qərarlar ictimaiyyətə təqdim olunacaq:
- Təəssüf ki, 17 may tarixində imtahanlarla bağlı müəyyən xoşagəlməz hallar yaşandı. İştirakçı sayının azalması, həmçinin iştirakçıların ağlr şərtlər altında imtahana gəlmələri suallara lazımi səviyyədə fokslana bilməmələrinə səbəb olub. Bu amillər imtahan nəticələrinə təsirsiz ötüşməyəcək. İxtisaslar üzrə keçid ballarda aşağı düşəcək. Fikrimcə, Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanını 10 may tarixinə təyin etsəydi daha yaxşı olardı. Bu gün ərzində onlarla bakalavrdan tıxacda qalma səbəbindən gecikdikləri üçün imtahana buraxılmamaları ilə bağlı ismarıc almışam. Hesab edirəm ki, ən azından gecikənlər üçün saat 12:00-da imtahan başlatmaq olardı. Təəssüf ki, olmadı. Qeyd etdiyim kimi dünənki hava şəraiti və vermiş olduğu rahatsızlıq, iştirakçıların sayına təsiri bir sıra ixtisas üzrə keçid ballarının bir qədər enməsinə təsir edəcək.