Kənd məktəblərinin qapısına qıfıl vurmaq kəndin ümidini öldürməkdir - Ekspert

  • "Bu qərarlar bizi səssiz uçuruma sürükləyir, məktəbini itirən kənd gələcəyini də itirir"
  • “Azərbaycanın əsl gücü paytaxtda deyil, ucqar kəndlərdədir”

Elm və Təhsil Nazirliyi məktəblərin optimallaşdırılmasına başladı, bölgələrdə neçə-neçə məktəb bağlandı. Bağlanan məktəblərin şagirdləri hansı məktəblərə gedir, gedə bilirlərmi, təhsilləri davam edirmi, bağlanan məktəblərin müəllimlərinə başqa məktəblərdə dərs saatları verilibmi, əmək haqqı alırlarmı, suallar çoxdur. Məlumatlara görə, 2025–2026-cı tədris ili ərzində Azərbaycanda aparılan optimallaşdırma tədbirləri çərçivəsində ümumilikdə 96-dan çox məktəb ləğv edilib və ya fəaliyyətini dayandırıb.

Nazirlər Kabinetinin hesabatına və rəsmi statistikaya əsasən ötən il ölkə üzrə ümumi təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması aparılıb, nəticədə əsasən şagird sayı az olan kənd və bölgə məktəbləri bağlanaraq digər müəssisələrə birləşdirilib. Ümumiyyətlə son 3 ildə ölkədə 226-dan çox məktəb fəaliyyətini dayandırıb ki, bunların da əksəriyyəti bölgələrdəki azkomplektli ibtidai və orta məktəblərdir. Bölgələrdə məktəblərin bağlanmasının əsas səbəbi kimi miqrasiya və demoqrafik dəyişikliklər nəticəsində kənd yerlərində məktəbyaşlı uşaqların və şagirdlərin sayının azalması göstərilir. Lakin məktəblərin bağlanması və ya fəaliyyətinin dayandırılması yalnız şagird sayının azlığı ilə bağlı deyil, həm də binaların texniki vəziyyəti ilə birbaşa əlaqəlidir. Məktəb binası qəzalıdırsa, müasir standartlara cavab vermirsə bağlanır. Modul tipli məktəblərin quraşdırıldığı məktəblər də var. 

Təhsil məsələləri üzrə mütəxəssis Vüqar Məmmədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, əsl maarifləndirmə mərkəzin hüdudları daxilində sıxışıb qala bilməz. Təhsil bütöv Azərbaycanı, onun hər bir qəsəbəsini, ən ucqar kəndini eyni mərhəmət, diqqət və qayğı ilə əhatə etməlidir. Paytaxtda yanan elm işığı regionlara, yolları qarlı dağ kəndlərinə çatmadıqca, biz bütöv və qüdrətli bir cəmiyyət formalaşdıra bilmərik. Təhsil millətin onurğa sütunudur; bu sütun yalnız bir nöqtədə deyil, hər yerdə möhkəm olmalıdır ki, cəmiyyət ayaq üstə sağlam dura bilsin: 

- Reallıq isə göz qabağındadır. Bu gün kəndlərimizdə ürəkağrıdan problemlər hökm sürür. Müəllim çatışmazlığı, müasir texniki avadanlıqların yoxluğu, illərlə təmir üzü görməyən yollar və işsizlik dərdi kəndlinin belini bükür. Üstəlik, kənd təsərrüfatının, sadə insanların həyətyanı sahələrinin inkişafı qarşısında duran süni və təbii maneələr həyatı daha da mürəkkəbləşdirir. Lakin bu amansız çətinliklər uşaqların elmə, işığa gedən cığırını bağlamaq, onların təhsil almaq kimi təməl hüququnu arxa plana atmaq üçün qətiyyən bəhanəyə çevrilməməlidir. Bütün bu sosial sıxıntılar və infrastruktur problemləri o demək deyil ki, biz ən asan yolu seçərək kənd məktəblərinin qapısına qıfıl vurmalı, yaxud bu acınacaqlı ssenarinin reallaşmasına süni şəkildə zəmin yaratmalıyıq. Əksinə, məktəb kəndin döyünən ürəyidir; onu bağlamaq o kəndin ümidini öldürmək, gələcəyini məhv etməkdir. Açıq və birmənalı şəkildə etiraf edilməlidir ki, yalnız mərkəzə istiqamətlənən, kəndləri isə taleyin ümidinə buraxan bu cür dar çərçivəli təhsil siyasəti bizi inkişafa deyil, səssiz və dərin bir uçuruma sürükləyir. Gəncliyini, ziyalısını və məktəbini itirən kəndlər tədricən boşalır, bu bərəkətli torpaqlar isə öz doğma sahiblərindən məhrum olur. Bu torpağın hər bir kəndi, hər bir daşı mənim üçün əziz və müqəddəsdir. Dövlətin təhsil strategiyası elə qurulmalıdır ki, kəndlərimiz tərk edilmiş, unudulmuş məkanlara deyil, əksinə, elmin və tərəqqinin ocaqlarına çevrilsinlər. Hər kəs bilsin və bu həqiqəti qəbul etsin ki, Azərbaycanın əsl gücü və yenilməzliyi yalnız paytaxtın bərq vuran işıqlarında deyil, məhz o ucqar kəndlərdə, min bir çətinliyə rəğmən kitab oxuyan, elmlə nurlanan və Vətən torpağına sahib çıxan məğrur övladlarındadır.