- “4 mindən çox magistratura yerinin boş qalması bu islahatı qaçılmaz edir”
Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanda magistratura təhsilinin müddətinin 2 ildən 1 ilə endirilməsini təklif edib. Deputat Elm və təhsil Komitəsinin iclasında bildirib ki, dünyada təhsil müddətinin qısaldılması prosesi gedir və magistraturada boş yerlərin qalması da müddətin azaldılması ilə bağlı ola bilər.
Deputatın təklifini şərh edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Sherg.az-a bildirib ki, Ceyhun Məmmədovun Azərbaycanda magistratura təhsilinin müddətinin 2 ildən 1 ilə endirilməsi ilə bağlı təklifi, qlobal təhsil trendləri və milli ali təhsil sisteminin struktur xüsusiyyətləri baxımından olduqca aktual, əmək bazarının tələblərinə uyğun və sistemli elmi-pedaqoji yanaşma tələb edən konseptual bir təşəbbüsdür:
"Azərbaycanın 2005-ci ildən inteqrasiya etdiyi Boloniya prosesi və beynəlxalq təhsil standartları bu gün 1 illik intensiv magistr proqramlarını (9-12 aylıq) uğurla tətbiq edir. Avropa Ali Təhsil Məkanında magistr səviyyəsi 90-120 Avropa Kredit Transferi və Toplanması Sistemi (ECTS) kreditini əhatə edir.
Bu sistemin qlobal flaqmanı olan Böyük Britaniyada dərslər, seminarlar və laboratoriya işləri üzərində qurulan intensiv proqramlar (məsələn, London İqtisadiyyat Məktəbi - LSE) yay semestrini də daxil edən qrafiklə 1 ildə minimum 90 beynəlxalq kreditin toplanmasını təmin edir. Analoji olaraq, ABŞ ali təhsil sistemində də müddət illərlə deyil, çevik kredit saatları (30-36 US Credit) ilə ölçülür və bir çox proqram sürətləndirilmiş formatda 1 illik təklif olunur".
Fəlsəfə doktoru hesab edir ki, regional rəqabətlilik fonunda Gürcüstanın da analoji qanunvericilik addımları atması və Azərbaycanda 4 mindən çox magistratura yerinin boş qalması faktı bu islahatı qaçılmaz edir:
"Çünki müasir gənclər üçün 2 il ərzində əmək bazarından və gəlirdən məhrum olmağın alternativ dəyəri çox yüksəkdir və proqramın uzanması təhsili cəlbedici etmir. Lakin bu islahatın beynəlxalq arenada diplomların tanınması problemini yaratmaması və akademik keyfiyyəti qoruması üçün magistratura səviyyəsinin beynəlxalq praktikaya uyğun təsnifatı mütləqdir. Bu çərçivədə, tamamilə praktiki layihələrə əsaslanan peşəkar (tətbiqi və dərs əsaslı) magistratura proqramlarının müddəti 1 ilə endirilməli, gələcəkdə doktoranturaya yönələcək və elmi tədqiqat, arxiv araşdırması, fundamental dissertasiya müdafiəsi tələb edən akademik magistratura proqramlarının 1.5–2 illik strukturu isə qorunmalıdır. Düşünürəm ki, həm də təcrübəli və peşəkar təhsil-elm adamı kimi tanıdığım Ceyhun müəllimin təklifi sadəcə mexaniki vaxt qısaldılması və zamana qənaət kimi başa düşülməməlidir. Bu təşəbbüsün reallaşması — kurikulumların yenidən qurulmasını, təkrarçılığın aradan qaldırılmasını, tələbələrin hərbi xidmət qrafiki ilə uzlaşdırılmasını və 1 ildə minimum 90 beynəlxalq kredit həcmini təmin edən intensiv modelin qurulmasını əhatə edən dərin bir islahat çərçivəsində həyata keçirilərsə, ölkədə həm insan kapitalının formalaşma sürətini, həm də ali təhsil müəssisələrinə qəbul dinamikasını ciddi şəkildə artıracaq strateji bir addım olacaqdır".