İmtahan suallarında həqiqətən proqramdan kənar suallar yoxdur
Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə APA-ya müsahbəsində imtahan suallarının bəzən çaşdırıcı olması ilə bağlı iddialara da aydınlıq gətirib. M.Abbaszadə bildirib ki, imtahanların məqsədi şagirdləri çaşdırmaq deyil, onların bilik və bacarıqlarını daha dəqiq ölçməkdən ibarətdir:
“Mən istərdim ki, belə fikirlər səsləndirənlər heç olmasa, bir konkret misal göstərsinlər ki, hansı sual “tələyə salmağa” hesablanıb. Sadəcə ümumi fikir deməklə bunu iddia etmək düzgün deyil. Sosial şəbəkələrdə yazılan şərhlərə və ya ayrı-ayrı fikirlərə baxıb ümumi nəticə çıxarmaq da doğru yanaşma deyil. Statistika bir nəfərin, yüz nəfərin, hətta min nəfərin fikri əsasında formalaşmır, amma təəssüf ki, bəzən sosial şəbəkədə yazılanlar yanlış ictimai rəyin formalaşmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, imtahanda yüz mindən artıq şagird iştirak edir. Məsələn, hansısa kursun 50-60 şagirdi “imtahan çətin idi” deyirsə, bu, hələ ümumi nəticəni ifadə etmir. Statistika fərqli anlayışdır və daha geniş məlumat – data əsasında aparılmalıdır”.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi “Sherg.az”a açıqlamasında M.Abbaszadənin mövqeyinin doğru olduğunu dedi:
- Məleykə Abbaszadə tam obyektiv, şəffaf açıqlamalar verib. İmtahan suallarının çaşdırıcı, mövzudan, tədris proqramından kənar olması məsələsinə gəlincə, deməliyəm ki, həqiqətən proqramdan kənar suallar yoxdur. Problem ondadır ki şagirdlər əsasən IX-XI sinfə çatanda hazırlıq kurslarına gedir, orta siniflərdə keçilmiş mövzuları da təkrar öyrənir, yadına salır. Amma kimlərsə hazırlığa getmir, V-VI-VII sinifdə keçilmiş mövzunu unudur və imtahanda həmin mövzuları əhatə edən suallarla qarşılaşanda elə zənn edirlər ki bunlar proqramdan kənardır. Belə fikirlər formalaşır. Bəzən də repititor müəllimlər sıxışdırır şagirdləri və valideynləri, sualların proqramdan kənar olduğuna inandırmağa çalışırlar. Bu, düzgün yanaşma deyil. Məleykə Abbaszadə demək olar obyektiv açıqlama verib. Gözləntimiz budur ki, imtahan nəticələri erkən açıqlansın, marker müəllimlərin sayının azlığı buna imkan vermir. Düşünürəm, süni intellekti prosesə cəlb etməliyik ki, proses daha tez yekunlaşsın və imtahan nəticələri qısa zamanda açıqlansın.