- Natiq Cəfərli: "Dövlət universitetlərində Azərbaycan dilində təhsil tam pulsuz olmalıdır!"
- Elçin Əfəndi: "Gürcüstanın modeli müsbətdir, amma Azərbaycanın reallığı fərqlidir"
Gürcüstanda dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, tələbələrin motivasiyasını və təhsil prosesində iştirakını artırmaq üçün mexanizmlər tətbiq olunur. Kobaxidze qeyd edib ki, əgər tələbə semestr ərzində iki fəndən kəsilirsə, bu, təhsil prosesində yetərli iştirak etmədiyini göstərir. Belə hallarda, üçüncü semestrdən başlayaraq dövlət maliyyələşdirilməsi azaldılacaq.
Kobaxidzenin sözlərinə görə, bu tədbirin yeganə məqsədi tələbələri təhsillərinə daha məsuliyyətli yanaşmağa və yüksək akademik nailiyyətlər səviyyəsini qorumağa təşviq etməkdir. O, həmçinin vurğulayıb ki, Gürcüstan tarixində ilk dəfə olaraq dövlət universitetlərində təhsil haqqı tələbələr üçün tamamilə pulsuz olacaq.
Azərbaycanda ali təhsilə əlçatanlığın artırılması uzun illərdir təhsil siyasətinin əsas müzakirə mövzularından biridir. Xüsusilə təhsil haqlarının bir çox ailə üçün ciddi maliyyə yükü yaratması dövlət universitetlərində təhsilin tam və ya qismən ödənişsiz olması ilə bağlı müzakirələri aktuallaşdırır. Bu fonda qonşu Gürcüstanın dövlət universitetlərində təhsil haqqını tam ləğv etməsi və bununla yanaşı, dövlət maliyyələşdirilməsini tələbələrin akademik nəticələri ilə əlaqələndirməsi Azərbaycanda da oxşar modelin tətbiqinin mümkünlüyü ilə bağlı suallar doğurur. Bəs ölkəmizin ali təhsil sistemi və dövlət büdcəsinin imkanları belə bir maliyyələşdirmə modelinə keçidə nə dərəcədə şərait yaradır?
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanın mövcud ali təhsil sistemi və dövlət büdcəsinin imkanları dövlət universitetlərində ödənişsiz təhsil modelinin tətbiqinə şərait yaradır.
İqtisadçının fikrincə, dövlət universitetlərində Azərbaycan dilində təhsil tamamilə pulsuz olmalıdır. Onun sözlərinə görə, bu, həm gənclər üçün mühüm stimul yaradacaq, həm də xaricdə təhsil almağa üz tutanların sayının azalmasına töhfə verəcək: “Bu, gəncləri ölkədə saxlaya və yerli universitetləri seçməyə həvəsləndirə bilər. Hazırda bir çox abituriyent müqayisə aparır və görür ki, Azərbaycandakı təhsil haqları, məsələn, Türkiyədəki qiymətlərlə təxminən eynidir. Belə olan halda, onlar xaricdə təhsil almağa üstünlük verirlər. Dövlət universitetlərində Azərbaycan dilində təhsil pulsuz və daha keyfiyyətli olmalıdır. Xarici dillərdə, istər ingilis, istər rus, istərsə də digər dillərdə fəaliyyət göstərən bölmələr isə ödənişli əsasda fəaliyyət göstərə bilər. Lakin dövlətin əsas prioriteti dövlət dilində ali təhsilin əlçatanlığını təmin etmək olmalıdır. Bu addım həm ali təhsilin keyfiyyətinin yüksəlməsinə, həm də təhsil alanların sayının artmasına xidmət edər. Azərbaycanda ali təhsilli insanların ümumi əhali içərisində payı faiz nisbətinə görə bəzi qonşu ölkələrlə müqayisədə yüksək deyil. Buna görə də belə bir islahatın həyata keçirilməsinə ehtiyac var”.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Sherg.az-a bildirib ki, Gürcüstanın dövlət universitetlərində təhsilin ödənişsiz olması ilə bağlı qərarı müsbət qiymətləndirilsə də, Azərbaycanın mövcud reallığı fərqlidir.
Mütəxəssisin sözlərinə görə, iki ölkə arasında tələbə sayı və ali təhsil sisteminin miqyası baxımından ciddi fərq var: “Azərbaycanda təxminən 300 min tələbə təhsil alır, Gürcüstanda isə bu rəqəm 180 minə yaxındır. Həmçinin Azərbaycanda bir il ərzində ali məktəblərə qəbul olunan tələbə sayını Gürcüstan təxminən iki-üç ilə qəbul edir. Buna görə də Gürcüstanın bu qərarı öz imkanları baxımından daha asan həyata keçirilə bilir. Əlbəttə, istərdik ki, Azərbaycanda da belə bir model tətbiq olunsun. Ancaq mövcud vəziyyəti nəzərə aldıqda, dövlət artıq hər il dövlət sifarişi ilə ayrılan plan yerlərinin sayını artırır. Məsələn, bu tədris ilində bakalavr səviyyəsində təxminən 35 min nəfər Azərbaycan vətəndaşı dövlət sifarişi əsasında ödənişsiz təhsil almaq imkanı əldə edəcək. Magistratura səviyyəsində isə bu göstərici 7-8 min nəfər təşkil edir. Beləliklə, ali təhsildə dövlət sifarişi üzrə təhsil alanların sayı təxminən 42 min nəfərə çatır.
Buna 9 və 11 illik təhsil bazasından kolleclərə qəbul olunanları, eləcə də peşə təhsili alanları da əlavə etsək, ümumilikdə hər il təxminən 60 min Azərbaycan vətəndaşı dövlət hesabına təhsil almaq imkanı qazanır”.
Bununla belə, E. Əfəndi gələcəkdə bakalavr, magistratura və doktorantura səviyyələri də daxil olmaqla, ali təhsilin tamamilə ödənişsiz olmasının arzuolunan olduğunu deyib.