Savadlı müəllimlər məktəblərə dönür: Keçid ballarının yüksəlməsi müsbət əlamətdir

Azərbaycan dili və ədəbiyyatı ixtisası artıq seçim deyil, fürsətdir 

“Müəllimlərlə bağlı serfikatlaşdırma prosesində təxminən 8 minə yaxın müəllimin fəaliyyətinə öz peşəsinə uyğun olmadığına görə xitam vermişik. Onlardan 5500-dən çoxu yuxarı sinif, 1000-dən çoxu isə ibtidai təhsil üzrə müəllimlərdir”. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, dilin tədrisi ilə bağlı ayrı-ayrı yaş və öyrənmə xüsusiyyətlərini nəzərə almaqla, onların öyrənmə keyfiyyətlərini nəzərə alan tədqiqat yoxdur. Hansı çalışmalarla uşaq daha çox öyrənir, sualı dərindən tədqiq olunmur. E.Əmrullayev bildirib ki, Azərbaycan dili və ədəbiyyat ixtisasına gələn müəllimlərin sayında artım müşahidə olunur: “Son illər 411-dən çox abituriyent 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib. Bizim də prioritetimiz müəllimlik ixtisasının balını qaldırıb savadlı kadrların yetişməsinə imkan yaratmaqdır”.

Nazirin dediklərində həqiqət payı nə qədərdir? Həqiqətənmi, 500-dən yuxarı bal toplayan abituriyentlər müəllimlik ixtisasını sevərək, bu peşəyə yiyələnmək istəyərək seçirlər, yoxsa başqa varinat olmadığından, topladıqları bal III ixtisas qrupundakı hüquqşünaslıq ixtisasına yol açmadığından əlacsız qaldıqlarından?

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Sherg.az-a açıqlamasında qeyd etdi ki, III ixtisas qrupunu əsasən hüquqşünaslıq ixtisasına görə seçirlər, amma fərqli yanaşmalar da müşahidə edilir: 

- Azərbaycan dili və ədəbiyyatı III ixtisas qrupunda yer alır və bu qrupda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, dil və ədəbiyyat müəllimliyi, əsasən xarici - ingilis dili - ixtisaslarıdır ki, bunlar daha pestijli sayılır. Amma könüllü şəkildə Azərbaycan dili və ədəbiyyatı ixtisasını seçən abituriyentlər də olur. Təcrübədə olub, 630-640 bal toplayan abituriyentlər var ki bu ixtisasda təhsil alırlar. III ixtisas qrupunda, doğrudur, əksəriyyət müvafiq olaraq hüquqşünaslıq və dövlət və ictimai münasibətlər ixtisaslarına meylli olur, topladıqları bal bu ixtisaslara qəbula imkan vermədikdə sonrakı mərhələdə Azərbaycan dili və ədəbiyyatı ixtisasını seçirlər. Bu ixtisas həm də 2 ixtisas əldə etmək imkanı verir ki, bu da üstünlükdür. Həm dil, həm də ədəbiyyat müəllimi ixtisası. 

E.Əfəndi bildirdi ki, son illərdə əksər ixtisaslarda keçid ballarının yüksək olduğu görünür və bu, təqdirəlayiqdir: 

- Əlbəttə, pedaqoji ixtisaslara keçid ballarının yüksək olması müsbət amildir. Bu, savadlı müəllimlərin məktəblərdə çalışması, şagirdlərə, övladlarımıza savadlı, öz peşəsini sevən müəlimlərin dərs tədris edəcəyi deməkdir ki bunun sayəsində də həm orta məktəblərdə, həm də ali təhsil müəssisələrində savadlı dil və ədəbiyyat müəllimlərinin çalışacağı anlamına gəlir.