Universitetlərin dolması naminə keçid balını aşağı salmaq çıxış yolu deyil - EKSPERT

  • Şəmil Sadiq: "Əgər abituriyentlərin hazırlıq səviyyəsi zəifdirsə, bunun səbəblərini araşdırmaq lazımdır"

2026-cı ildən etibarən II ixtisas qrupu üzrə 150 ballıq ixtisasların siyahısı genişləndirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, I qrupda Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları da daxil olmaqla yeni ixtisaslar, II qrupda isə təxminən 7 ixtisas 150 ballıq siyahıya əlavə edilib. III və IV ixtisas qruplarında isə hər hansı dəyişiklik edilməyib.

Təhsil məsələləri üzrə mütəxəssis, dosent Şəmil Sadiq Sherg.az-a deyib ki, 150 balla qəbul imkanının genişləndirilməsi gənclərin təhsilə münasibətinə və özünəinamına mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, əsas problem 150 balla qəbulun özü deyil, abituriyentləri belə nəticə göstərməyə gətirib çıxaran səbəblərin aradan qaldırılmamasıdır:

"150 balla qəbul gəncliyin özgüvənini məhv etməkdir. İllərdir deyirik ki, qəbul imtahanları məktəbdə tədris olunan məzmuna uyğun olmalı, şagirdin bilik və bacarığını ölçməlidir. Suallar həddindən artıq çətin, mübahisəli və yalnız dar bir auditoriyanın cavablandıra biləcəyi səviyyədə olduqda nəticədə orta göstəricilər aşağı düşür. Sonra isə 150 ballıq qəbul elan edilir və belə bir mənzərə yaranır ki, guya Azərbaycan gənci bu qədər bilir, təhsilimizin səviyyəsi də budur. Bu əziklik sindromuna sürükləməkdir gəncliyi! Əslində isə bu, təkcə təhsil sisteminin deyil, həm də qiymətləndirmə sisteminin problemidir. Belə yanaşma gənclərin özünəinamına ciddi zərbə vurur. Gəncə sanki belə bir mesaj verilir:

“Sənin bilik səviyyən budur”, “Səndən adam olmayıb olmayacaq da”. Halbuki minlərlə gənc həmin əziyyətin yarısını çəkərək YÖS, SAT, IELTS və digər beynəlxalq imtahanlarla daha yaxşı xarici universitetlərə qəbul ola bilir. Əgər bizim qəbul imtahanı şagirdlərimizi öz ölkəsində uğursuz, xaricdə isə uğurlu edirsə, problem haradadır?".

Ş.Sadiqin sözlərinə görə, universitetlərin dolması naminə keçid balını aşağı salmaq çıxış yolu deyil:

"Əgər abituriyentlərin hazırlıq səviyyəsi zəifdirsə, bunun səbəblərini araşdırmaq lazımdır. Əgər problem imtahan modelindədirsə, onu dəyişmək lazımdır, yox doğrudan da belə savadsızlıq hökm sürürsə, zəhmət çəkilib qəbulu azaltmaq və ya dayandlrmaq lazımdır. Qəbul imtahanı məqsəd deyil, vasitədir. Onun vəzifəsi gəncləri ümidsizliyə salmaq yox, onların bilik və potensialını obyektiv qiymətləndirməkdir".

Mütəxəssis hesab edir ki, qəbul sistemi daha şagirdyönümlü, məktəb proqramına uyğun və ölçmə baxımından daha balanslı olmalıdır: "Əks halda, hər il keçid ballarını aşağı salmaqla problemi həll etmirik, sadəcə onun nəticələrini elan etmiş oluruq. Və problemi gələcəyə daşıyırıq. 700 mümkün balın cəmi beşdə biri ilə universitetə qəbuldan danışırıq. Bununla da sübut etməyə çalışırıq ki, Azərbaycan təhsili yerlə sürünür".