Xaricdə oxumaq təkbaşına hərbi xidmətdən azadolma demək deyil - AÇIQLAMA

Təhsilin forması, statusu, sənədləşməsi və qanuni əsasları əsas rol oynayır

Əyani ali təhsil alan tələbələr hərbi xidmətdən möhlət hüququna malikdir. Lakin təhsilini xarici ölkələrdə alan şəxslərə bu hüquq şamil edilmir. Baku TV-yə müraciət edən vətəndaş iddia edir ki, oğlu tələbə olduğu halda hərbi xidmətə çağırılıb. Şikayətçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti oğlunun təhsil alması haqqında sənədi qəbul etmədiyini və onu "təsdiqlənməmiş" hesab etdiyini bildirib. "Halbuki sənəddə heç bir problem yoxdur. Oğlum Ukraynada əyani təhsil alır. Lakin onu kabinetə çağıraraq təhsildən imtina etməsi və əsgərliyə getməsi barədə ərizə yazdırıblar". Məsələ ilə bağlı Dövlət Xidmətindən bildirilib ki, ali təhsil pilləsinin bütün səviyyələri üzrə xarici ölkələrdə faktiki olaraq əyani təhsil alan çağırışçılara heç bir məhdudiyyət olmadan çağırışdan möhlət verilir: "Lakin distant (onlayn) formada təhsil alan çağırışçılara möhlət hüququ şamil olunmur. Qanunvericilikdə ali təhsil pilləsinin bütün səviyyələri üzrə yalnız əyani təhsil alan çağırışçılara hərbi xidmətə çağırışdan möhlət hüququ nəzərdə tutulub. Müxtəlif fors-major hallarla bağlı istisnalar müəyyən edilməyib. Konfidensial fərdi məlumatlar isə qanunla müəyyən olunmuş hallar istisna olmaqla üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər".

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, başqa ölkədə ali təhsil alan gənclərin hərbi xidmət məsələsi cəmiyyətdə ən çox yanlış anlaşılan mövzulardandır. Qanunvericiliyə görə, xaricdə təhsil alan şəxs yalnız müəyyən şərtlər daxilində həqiqi hərbi xidmətdən möhlət hüququ əldə edir. Burada əsas məsələ təhsilin davamlı, rəsmi və tanınan olmasıdır: 

- Əgər gənc xarici ölkədə ali təhsil alırsa və bu təhsil Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə sənədlərlə təsdiqlənirsə, həmçinin təhsil aldığı ali məktəb rəsmi və akkreditə olunmuş müəssisədirsə, o zaman təhsil müddətində hərbi xidmətdən möhlət verilə bilər. Amma bu, avtomatik baş vermir. Gənc mütləq şəkildə təhsilini təsdiq edən sənədləri vaxtında müvafiq qurumlara təqdim etməlidir. Digər tərəfdən, əgər xaricdə təhsil distant, qeyri-formal, akkreditasiyasız proqram üzrədirsə və ya şəxs faktiki olaraq təhsilini davam etdirmirsə, bu halda möhlət hüququ yaranmır və həmin gənc həqiqi hərbi xidmətə çağırıla bilər. Eyni zamanda, bakalavr, magistr və doktorantura səviyyələri üzrə qanunla müəyyən edilmiş yaş həddi və təhsil müddəti də nəzərə alınır. Bu hədlər aşıldıqda da möhlət hüququ qüvvədən düşür. 

Ə.Həsənli bildirdi ki, bir vacib məqam da xaricdə təhsil alan, lakin təhsilini yarımçıq dayandıran, ölkəyə qayıdan və ya tələbə statusunu itirən şəxslərlə bağlıdır: 

- Bu şəxslər artıq möhlət hüququnu itirmiş hesab olunur və hərbi qeydiyyat qaydalarına uyğun olaraq hərbi xidmətə çağırıla bilərlər. Yəni yekunda məsələ çox sadədir: xaricdə oxumaq təkbaşına hərbi xidmətdən azadolma demək deyil. Təhsilin forması, statusu, sənədləşməsi və qanuni əsasları əsas rol oynayır. Bu səbəbdən gənclərə və valideynlərə tövsiyəm odur ki, xaricdə təhsil planı qurarkən bu hüquqi detalları mütləq nəzərə alsınlar ki, sonradan gözlənilməz problemlərlə üzləşməsinlər.