İnsan faktoru tamamilə aradan qalxacaqmı?
"Fabrik və zavodlar tamamilə insansız hala gələcək"
Süni zəka atom bombasından daha təhlükəlidirmi?
"Robotlar insanları yeyir" yanaşması doğru deyil"
Həyatımıza sürətlə daxil olan yeni bir anlayışa - süni intellektə uyğunlaşma dövrünü yaşayırıq. Bəziləri dirəniş göstərsə də, süni intellekt öz tələblərini diktə edir, əhatə dairəsini genişləndirir. Tibb, avtomobil sənayesi, mühəndislik, maliyyə və başqa sektorlarda süni zəka texnologiyaları artıq aktiv fəaliyyətdədir. Hətta süni zəka texnologiyaları ilə hazırlanmış alqoritmlər bir çox sahələrdə insanlara məxsus işləri də yerinə yetirir. Bəzi hallarda insanlardan daha sürətli və effektiv olaraq problemləri həll edə bilir. Əsas mətləbə keçməzdən öncə qısaca bildirək ki, süni intellekt iki əsas kateqoriyaya bölünür - zəif və güclü süni intellekt. Zəif süni intellekt müəyyən tapşırıq və ya sahəyə yönəlmiş məhdud zəka səviyyəsinə aiddir. Bu növ süni intellekt insanabənzər qabiliyyətlər nümayiş etdirir. Səsli köməkçiləri, oyun strategiyaları yaradan proqram təminatını buna nümunə göstərə bilərik. “OpenAI” tərəfindən hazırlanan Chat GPT insan dilini başa düşə və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilən süni intellektdir. İstifadəçilər süni intellektdən hekayə, şeir yazmağı, mətni tərcümə etməyi istəyə bilərlər.
Süni intellekt böyük vaxt tələb edən məsələlərin həllində də effektivdir, yuxu və fasilə tələb etmədiyindən fasiləsiz işləyə bilir, eləcə də kosmos və okeanın dərinliklərinin araşdırılmasında istifadə olunur. Hətta süni intellektin insanabənzər robotları BMT-nin "Yaxşılıq üçün Süni İntellekt" sammitində çıxış edərək Yer kürəsini insanlardan daha yaxşı idarə edə biləcəklərini və süni intellekt inqilabının artıq başladığını irəli sürüblər. Çində restoranda süni intellektə təmin olunmuş ofisiantlar işə götürülüb. Robot ofisiantlar sifariş olunmuş yeməyi müştərilərin stoluna gətirir. 2015-ci ildə "doğulan" və ilk vətəndaşlıq alan robot kimi tarixə düşən Sofiya dünyanın ilk sosial insanabənzər qurğusu oldu. Onun yaradıcısı süni intellekt mühəndisi David Hansondur. Azərbaycanda da olmuş Sofiya qarşısındakı üzləri izləyə, göz təması vasitəsilə insanları tanıya və 62-dən çox üz hərəkəti ilə emosiyaları təqlid edə bilir. Güclü süni intellekt isə insan intellektini üstələyə bilmək qabiliyyətinə malikdir. Ancaq hələlik onu meydana gətirmək mümkün olmayıb.
İlk süni intellekt xəstəxanası açıldı...
Çin dünyanın ilk süni intellekt xəstəxanasını açıb. Xəstəxana tamamilə süni intellektli həkimlər tərəfindən idarə olunacaq və gündə 3 min xəstəni müalicə etmək gücündə olacaq. Pekindəki Tsinghua Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış xəstəxana 6 aylıq intensiv tədqiqat və inkişafdan sonra istifadəyə verilib. Tədqiqat qrupunun rəhbəri Liu Yang süni intellekt xəstəxanasının həm səhiyyə işçiləri, həm də geniş ictimaiyyət üçün böyük faydalar təmin edəcəyini bildirib. Liu-nun sözlərinə görə, süni intellekt həkimləri sayəsində səhiyyə daha sürətli, effektiv və əlçatan olacaq. Süni intellektli həkimlər ABŞ-nin tibbi lisenziyalaşdırma imtahanı suallarına əsaslanan MedQA sınaqlarında 93,06% müvəffəqiyyət dərəcəsi əldə ediblər. Deməli, onlar əsl həkimlərdən demək olar ki, fərqlənmirlər. Bundan əlavə, süni intellektli həkimlər sayəsində onlayn tele-tibb xidmətləri təklif ediləcək və bu həkimlər minlərlə, hətta milyonlarla xəstələrə kömək ola biləcəklər.
Süni intellekt nə zaman və niyə təhlükəli ola bilər?
Süni intellektlə bağlı narahatlıqlar daim müzakirə mövzusu olub. Dünya şöhrətli yazıçı Den Broun "Başlanğıc” romanında süni intellektin yeni "tanrı" olacağını və kompüterlər vasitəsilə yeni bir "dinin" formalaşdırılacağını vurğulayıb. "SpaceX" və "Tesla"nın qrucusu Elon Musk hesab edir ki, süni intellektin sistemli və daimi inkişafı bütün bəşəriyyətin məhvinə səbəb ola bilər, lakin onun fikrincə, bu ehtimal 20 faizdən çox deyil. Süni intellekt üzrə tədqiqatçı Roman Yampolski super-ağıllı maşınların insanlar tərəfindən idarə oluna bilməyəcəyini təhlükə kimi gördüyünü deyib. Məşhur nəzəriyyəçi-fizik Stiven Hokinq də düşünürdü ki, süni intellekt insan irqinin sonunu gətirə bilər. "Skype" proqramının yaradıcılarından Yaan Tallinn belə nəticəyə gəlib ki, süni intellektin daha da inkişaf etməsi partlayışa və nəzarətdən çıxmasına səbəb olar. Bu isə bütövlükdə bəşəriyyəti böyük təhlükə altında qoyar. "Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak da daxil olmaqla mindən çox texnologiya və tədqiqat mütəxəssisi açıq məktub yazaraq süni intellektin yaratdığı böyük risklər barədə xəbərdarlıq ediblər. Yapon alimləri süni intellektin sosial nizamı məhv edə biləcəyini və onun yaradacağı problemlərin faydalarından daha çox olduğunu iddia ediblər. Hətta riskləri nəzərə alan Avropa Parlamenti dünyada ilk süni intellekt qanununu qəbul edib. Qanuna əsasən, təhlükəsizlik qüvvələrinin biometrik identifikasiya sistemlərindən istifadə etməsinə məhdudiyyətlər qoyulub. ABŞ prezidenti Co Bayden də süni intellekt çalışmalarının dövlət nəzarətinə götürülməsinə qərar verib. Maraqlısı odur ki, süni intellekt çalışmalarının dövlət nəzarətinə alınmasını bu işlə məşğul olan şirkətlər də dəstəkləyiblər..
"Süni intellekt bəşəriyyət üçün atom bombasından daha təhlükəlidir"
Dünya şöhrətli azərbaycanlı alim Rafiq Əliyevin qənaətincə, əgər bir elm sahəsində açar yoxdursa, o ancaq fəlakət gətirə bilər. Alim misal gətirib ki, Enşteyn nəzəriyyəsi yarananda o, atom bombası haqda fikirləşməmişdi. Hətta Hiroşima və Naqasakiya şəhərlərinə bomba atılanda demişdi ki, "bilsəydim, nəzəriyyə bu məqsəd üçün istifadə olunacaq, bunu yaratmazdım". R.Əliyevə görə, süni intellektin yaratdığı qurğular insandan, yəni onu yaradandan yüz qat ağıllı olacaq:
"İnsan yaddaşının, hesablama qabiliyyətinin, öyrənməsinin müəyyən hüdudları var. Süni zəka bizdən ağıllı olacaqsa, deməli bəşəriyyətə tabe olmayacaq. Süni intellektin xeyri də çoxdur. İnsanların günlər sərf edərək gördüyü işləri süni intellekt proqramları beş-on dəqiqədə həll edir. Mənfi cəhəti odur ki, süni intellekt bəşəriyyət üçün atom bombasından daha təhlükəlidir. Bir elmi hara qədər inkişaf etdirmək olar? Məsələn, biologiya elminin inkişafı yaxşıdır, amma bioloji silah kimi istifadə edilməsi bəşəriyyət üçün təhlükədir. Dünyanın 30 faizdən çoxu virtual aləmlə yaşayır. Allah eləməsin ki, bu 70-80 faiz olsun. Süni intellektə görə, ünsiyyət getdikcə azalır".
Süni zəkanın təbii zəkaya qalib gəlmə ehtimalı varmı?
Bu sual çoxlarını düşündürsə də, bir məqamı nəzərdən qaçırmaq olmaz ki, süni intellekt adı ilə həyatımızın hər sahəsinə sirayət etmiş cazibədar icadın arxasında məhz insan ağlı durur. Risklər nəzərə alınsa da, əksəriyyət iddia edir ki, süni intellektin yaradılmasında məqsəd heç də insanı yenmək, onu tamamilə sıradan çıxarmaq, zərbə və ziyan vurmaq deyil. Əksinə, əsas qayə vaxta, insani və maddi resurslara qənaət etməklə sivilizasiyanın daha da inkişafına nail olmaqdır. Yəni süni intellekt əsrlər boyu birbaşa insanın fiziki əməyi sayəsində dövrümüzə daşınmış bəzi peşələri robotlaşmış texniki avadanlıqlara həvalə edir. Bu da imkan yaradır ki, insanlar süni intellektin sərhədsiz imkanlarından faydalanaraq yeni iş və peşə sahələrə yönəlsinlər.
Gələcəkdə yox olacaq, yaxud əksinə yeni yaranacaq peşələr hansılardır?
Süni intellektin inkişafı bir çox peşəni, fəaliyyət sahəsini avtomatlaşdırdığı üçün tədricən insan amili, mütəxəssis faktoru aradan qalxmağa başlayır. Gedişat göstərir ki, gələcəkdə kifayət qədər iş sahəsi texnoloji qurğuların "qurbanı"na çevriləcək. Əslində innovasiyanın bir sıra ixtisasları elektornlaşdırması yeni hal deyil. Dünyada baş vermiş sənaye inqilabları dövründə eyni proses gedib və təqribən XIX əsrdən etibarən qlobal əmək bazarında fabrik və zavodlarda, istehsalat prosesində, kənd təsərrüfatında yeni kəşflər "amansızca" tətbiq olunub. Fərq ondadır ki, məcburi transformasiya çağdaş dövrümüzdə daha sürətlə həyata keçirilir. Oksford Universitetinin hazırladığı "Süni intellektin inkişafı ilə bağlı mütəxəssis araştırması" adlı hesabata görə, 2116-cı ilədək süni intellekt insanların hazırda çalışdığı bütün məsləkləri icra edəcək səviyyəyə çatacaq. Proqnozlara görə, 2030-cu ilədək dünyada işləyən əhalinin üçdəbiri, Yaponiyada isə təqribən yarısı yeni peşələr axtarmaq məcburiyyətində qalacaq. Bəzi mütəxəssislərin fikrincə, gələcəkdə yox olacağı proqnozlaşdırılan peşələri proqnozlaşdırmaq mümkündür. İstehsalat və sənayedə avtomatlaşdırma və robotlar daha çox istifadə edilir. Logistika və nəqliyyat, mühasibat və maliyyə, kənd təsərrüfatı və səhiyyədə süni intellekt təsirli rol oynayır. Notarius, satış məsləhətçisi və daşınmaz əmlakla bağlı sahələrin də "yox olacağı" proqnozlaşdırılır. Növbəti onillikdə ön plana çıxacaq yeni peşələr isə süni zəka mühəndisliyi, kibertəhlükəsizlik mütəxəssisi, robottexnika mühəndisi, proqram təminatçısı, tətbiq və oyun tərtibatçı, blokçeyn tərtibatçı, rəqəmsal transformasiya və rəqəmsal marketinq eksperti, risklərin idarə edilməsi mütəxəssisi, strateji planlaşdırma mütəxəssisi, UX Dizayneri, genetika mütəxəssisi və s. olacaq.
"Süni intellekt insan faktorunu tamamilə aradan qaldıracaqmı?"
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, süni intellektin inkişafı bir neçə perspektivdə qiymətləndirilə bilər. Mütəxəssis vurğulayıb ki, süni intellekt iki istiqamətdə inkişaf etdirilir. Birincisi, spesifik sahələr üzrə süni intellektin inkişaf etməsidir:
"Məsələn, "Samsung" və ya başqa dünya brendləri öz "call center"lərini, çağrı mərkəzlərini süni intellektə həvalə etməyi düşünürlər. Bu o deməkdir ki, "Samsung" və digər dünya brendlərinin məhsulları haqda məlumatlar, sorğulara cavablar süni intellektə öyrədilir. Həmin məhsullarla bağlı sorğulara süni intellekt cavab verir. Bu da çağrı mərkəzində insan faktorunun azalması deməkdir. Həm də xidmət süni intellekt olduğuna görə, 7/24 daha keyfiyyətli xidmətin göstərilməsidir. Rəsm generasiya edən xüsusi tətbiqlər var ki, siz onlarda prompt, fikir yazırsız və həmin tətbiqlər unikal rəsmlər ortaya çıxarır. Bunlar spesifik sahələr sayılır. Bir də var "general", yəni ümimi sahələr. Məsələn, "OpenAİ"in "Chat GPT", "Google"nin "Gemini", "Microsoft"un "Copilot"u və s. bunlar ümumi bilikləri, dünya görüşünü əhatə edən süni intellektlərdir".
"Zaman dəyişib və indi hərşeyşünaslar üçün iş yoxdur"
İKT üzrə mütəxəssis vurğulayıb ki, süni intellekt spesifik sahələr üzrə bütün peşələrə demək olar ki, yiyələnib:
"İnsandan daha yaxşı dizayn edir, daha yaxşı mətn yazır. Jurnalistlərin bir qismi də mətn yazmaq işini süni intellektə həvalə ediblər. Montajyorlar hansısa bir videonun çəkilişini, sujet xəttinin yazılmasını da süni intellekt vasitəsi ilə həyata keçirə bilərlər. "OpenAI"-nin yeni yaratdığı “Sora” adlı texnologiya mətni videoya çevirməyə qadirdir. İnsan faktoru qalacaq, yoxsa tamamilə yoxa çıxacaq? Əsas və önəmli sual budur. İnsan faktoru o vaxt qalacaq ki, insanlar süni intellekti idarə edə biləcək səviyyəsini qoruyub saxlayacaq. İnsan daim özünü inkişaf etdirirsə, süni intellektlə danışa, prompt yaza bilirsə, o zaman peşəsini qoruyub saxlayacaq. Süni intellektlə davranmağı bacarmayanlar, prompt yazmağı bilməyənlər işlərini itirəcəklər. Dövrün tələbi ən kiçik sahəni hamıdan daha yaxşı öyrənmək, o sahədə ixtisaslaşmaqdır. Zaman dəyişib və indi hərşeyşünaslar üçün iş yoxdur. Hərşeyşünaslar lazımsız kütlə halına gəliblər".
"Fabrik və zavodlar insansız hala gələcək, amma bundan qorxmaq lazım deyil"
Elvin Abbasov vurğulayıb ki, müasir zaman rəqəmsal səriştəlik və kiber təhlükəsizlik sahəsində müəyyən biliklər tələb edir. Bunlara yiyələnməyən peşələrin sahibləri öz işlərini itirəcəklər. Məsələn, SOCAR neft və qazın çıxarılmasını tamamilə avtomatlaşdıracaq. Evlərimizdəki kommunal sayğaclar elə "ağıllı" olacaqlar ki, aylıq məlumatları özləri serverə ötürəcəklər:
"Qapı döyən insanlar yavaş-yavaş sıradan çıxaracaq, müfəttiş sahələri, "security"lər itib gedəcək. Bu saat elə biometrik kameralar, izləmə, nəzarət və təhlükəsizlik cihazları var ki, insandan daha yaxşı nəticə ortaya qoyurlar. Küçədə kiminsə saatlarla dayanıb sağa-sola baxmasına ehtiyac qalmayacaq. Süni intellekt dövründə ancaq intellektual insanlar öz peşələrində qalacaq. Bir çox sahələr avtomatlaşacaq. Ən böyük avtomatlaşdırma istehsalat sahəsində olacaq. Fabrik və zavodlar tamamilə insansız hala gələcək. Mühəndislərə iş olacaq, fəhlələr isə işsiz qalacaq. Amma bütün bunlardan qorxmaq lazım deyil. Azərbaycanda müəyyən barreldə neft hasil olunur. Nefti buruqlardan insanlar da çıxara bilər, avtomat qurğular da çıxarar. Orada insan faktorunun olmaması neftin hasilatını azaltmır. Əksinə, insan həyatı, orqanizmi üçün zərərli sayılan iş sahələrindən insanlar uzaqlaşdırılır. Həm də bu o deməkdir ki, digər inkişaf etmiş ölkələrdəki kimi insanlar hardasa çalışaraq aldığı əmək haqqını sosial müavinət formasında əldə edəcək. Misal üçün, Estoniya yüzdə 99 faiz avtomatlaşıb. Təsəvvür edin, dövlət qurumları otaqlarını biznes strukturlarına kirayə veriblər. Amma bugün Estoniya tənəzzülə uğramış, məhv olmuş ölkə yox, məhz inkişaf etmiş ölkədir. Orada insanlar daha yaxşı və rahat ömür sürürlər, hamının rifah halı yüksəlib. Yəni avtomatlaşmanın və süni intellektin tətbiqi heç də işsizliyin artması, insanların boş-bekar qalması, aclıq və qıtlıq olması anlamına gəlmir".
"Getdikcə "insan əməyi tamamilə sıradan çıxacaq” fikri ilə razılaşmıram"
Dünyanın nüfuzlu META şirkətində çalışan azərbaycanlı Cəfər Cəfərov isə düşünür ki, süni zəka bizim üçün gözəl gələcək vəd edir. Gənc mütəxəssisin sözlərinə görə, ağlımıza gələn hər sahədə süni zəkanın tətbiqi qaçılmazdır:
"Nəhəng şirkətlər - “Amazon”, “Apple”, “Google”, META-nın və s. bütün məhsullarında süni zəka alqoritmləri bu və ya digər formada istifadə olunur. Artıq bu, keyfiyyətin əsas göstəricilərindən biridir. “TESLA”nın özünü idarə edən maşınları var, sürücü sükan arxasında əyləşsə də, heç nəyə toxunmur və maşın öz-özünü idarə edir. Kosmik tədqiqatlarda süni zəka daha çox istifadə olunur, NASA-nın Mars və başqa planetlərdə apardığı araşdırmalarda ciddi tətbiq edilir. İnsanın edə bilməyəcəyi, gedə bilməyəcəyi yerlərdə sünu zəka alqoritmlərindən istifadə olunur. Sosial media dediyimiz reallığın təməlində də süni zəka alqoritmləri dayanır. O baxımdan süni zəka “insan əməyini tamamilə sıradan çıxarır” fikri ilə razılaşmıram. Tarix boyunca hər inkişaf nəyisə sıradan çıxarıb, amma əvəzində yeni şeylər yaradıb. Sıradan çıxarmaq məsələsi də bir növ formanın dəyişməsi kimi bir qanunauyğunluqdur. Məsələn, fotoqrafiyanın icadından əvvəl rəssamlıq peşəsi var idi. İnsanlar hansısa anı ölümsüzləşdirmək üçün xüsusi studiyalara, qalereyaya gedirdilər və rəssamlar onların rəsmini çəkirdi. Fotoaparatların kəşfindən sonra rəssamlara bu iş üçün ehtiyac qalmadı, fotoqraflar ortaya çıxdı. Amma bu, rəssamlığın bitməsi yox, fərqli istiqamətlərə yönəlməsidir".
"Robotlar insanları yeyir" yanaşması doğru deyil"
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri də süni intellektin faciə olması iddiası ilə razı olmadığını söyləyib. Ekspert bəyan edib ki, XXI əsrdə dünyanın bir çox elm adamları, İT mütəxəssisləri süni intellektlə bağlı həyəcan siqnalı çalsalar da, hətta bəziləri bəşəriyyətin gələcəyi üçün nüvə silahı kimi təhlükəli saysalar da, insan amilinin önünə keçməyəcəyini, ondan güclü olmayacağını düşünürlər. Onun sözlərinə görə, bunu elmi cəhətdən əsaslandırmaq o qədər də çətin deyil:
"Təbii ki, süni intellektin hesablamada, qərar qəbuletmədə, proseslərin icrasında gücü insanla müqayisə oluna bilməz. Məsələn, insan sadəcə bir neçə məsələdə təklif irəli sürə bilirsə, süni intellektdə bunun sayı 10-15 milyon aralığındadır. İnsan bir prosesin icrasına saatlar, günlər sərf edirsə, süni zəka ilə saniyə, hətta mikrosaniyə ərzində bunu edə bilər. Belə məsələlərdə süni intellekt bizim üçün əlçatmazdır. Lakin bəşəriyyətdə baş vermiş və baş verəcək hər bir olay sırf insan faktorundan asılıdır və onun nəzarətindədir. "Robotlar insanları yeyir" yanaşması ilə razı deyiləm. Elmi fantast və dünya elminə robot anlayışını gətirən Ayzek Azimov "gələcəkdə robotlar insanları yeyəcək" anlayışını irəli sürəndə də çoxları bununla razılaşmamışdı. Bəli, robot təhlükəli ola bilər, amma insan ona təhlükəli əmri, proqramı verərsə, o zaman təhdidə çevrilər. Robot öz-özlüyündə duyğusallığa, qərar qəbul etmək imkanına malik deyil. Süni intellekt də elə robotdur və hansısa məsələ barədə 15 milyon variant irəli sürə bilər. Amma həmin məsələnin əmrini məndən, sizdən, yəni insandan almalıdır. Ağıllı olsa da, bizdən əmr almadan heçdir. O baxımdan süni intellekt bir çox peşələrin axırına çıxsa da, insan amili heç zaman sıradan çıxmır. Sənaye inqilablarına baxaq, nə icad olunurdusa, eyni iddialar gündəmə gəlirdi, deyirdilər ki, "insan əməli yox olacaq". Əvvəllər faytonlar var idi, sonra buxarlı maşınlar çıxdı, ardınca indiki müasir texnikalar yarandı. İnsan amilinin sadəcə forma və məzmunu dəyişdi. İnsanlar hələ də nəqliyyat sistemində var.
"Bütün alətlər insan amilinin yanında çox cılızdır"
Elmin Nurinin qənaətincə, süni intellekt insana məxsus hiss və duyğulardan məhrumdur:
"Qutenberqin çap maşını uzun illər kitab çapında hegemonluq etdi, sonra təkmilləşdirilmiş çap avadanlıqları çıxdı, internet və rəqəmsallıq meydana gəldi. Amma bunlar insan amilini ortadan qaldırmadı. Sosial şəbəkədə yazırlar ki, "süni intellek məktəblərə də sirayət edəcək, məktəblər sıradan çıxacaq" və s. Bu, mümkün deyil. İnsan yaratdığı aləti özünü tamamilə sıradan çıxaracaq, peşəsinə, irsinə ciddi təsir göstərəcək səviyyəyə çatdıra bilməz. Əgər süni intellekt onu yaradan insanlardan müsbət əmrlər alacaqsa, süni intellekt bəşəriyyəti xoşbəxt etmək gücündədir. Süni intellektin hissləri yoxdur, o nə etdiyini bilmir. Sadəcə aldığı əmrə əsasən, ən unikal variantları təklif edir. Amma yenə deyirəm, özü nə etdiyini bilmir. Məsələn, təsəvvür edək ki, yolda gedərkən yıxılırıq. Qarşımızda super süni intellekt olan robot və savadsız bir yeniyetmə var. Sizə hansı kömək edə, su verə bilər? Təbii ki, savadsız yeniyetmə. Çünki insanın ilahidən gələn bir fəhmi, duyğuları var. Robotun da sizə yardım etməsi üçün mütləq ayrıca proqramla yüklənməli, əmr almalıdır. Deməli, bütün alətlər insan amilinin yanında çox cılızdır".
"Hər şeyə rəğmən, süni intellekt reallığını nəzərə almalı, İT dünyasını öyrənməliyik"
Bununla yanaşı, təhsil eksperti süni intellektin müxtəlif peşələrə sirayət edəcəyini də istisna etməyib:
"Tələbələr, gənclər süni intellektin yaratdığı reallıqla uzlaşmalıdır. Kino, bədii yaradıcılıq, media, elmi-tədqiqat və digər sahələrdə süni intellektin rolu danılmaz olacaq. Süni intellekt mətnləri redaktə edəcək, tədqiqat məqaləsi yazacaq. Ancaq bunları insanların idarəetməsi sayəsində reallaşdıracaq. Süni intellekt səbəb, məqsəd yox, bir vasitədir və özü birbaşa hansısa peşəni sıradan çıxarmağa qadir deyil. Təbii ki, hər şeyə rəğmən, süni intellekt reallığını nəzərə almalıyıq, İT dünyasını öyrənməliyik. Təkcə mühəndislik deyil, marketinq və menecment, iqtisadi əsaslı ixtisaslar, hətta pedoqoji ixtisaslarda belə İT standartları önəmli rol oynayacaq. Kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, kibernetika, nanotexnologiya ali təhsilin əsas prioritetlərinə çevriləcək. Gənclərimiz, bu istiqamətlərə yönəlsə, yaxşı olar. Bu ixtisaslar üzrə plan yerləri də artırılır, çünki dövr bunu tələb edir. Mövcud reallıqlar özləri kadrları seçir, müəyyənləşdirir".
Azərbaycanda süni intellekt sahəsi necə inkişaf edir?
Kompüter mühəndisliyi və digər İKT profilli ixtisaslar ölkəmizdə sürətlə populyarlaşır. Əksər valideynlər gələcəkdə övladlarının kompüter elmləri istiqamətində təhsil almaları üçün səy göstərirlər. Ölkəmizdə Elm və Təhsil Nazirliyi tərəfindən STEAM (Science, Technology, Engineering, Art and Math – red.) layihəsi həyata keçirilir. Bu layihə elm, texnologiya, mühəndislik, yaradıcılıq məharəti və riyazi bilikləri özündə əks etdirən modern təhsil konsepsiyasıdır. Layihənin əsas məqsədi şagirdlərdə texnoloji biliklərə həvəs yaratmaq, onların innovativ texnologiyalardan istifadə qabiliyyətini yüksəltmək və gələcəkdə dəqiq elmlər sahəsində ali təhsil almaları üçün imkanlar təqdim etməkdir. Ali təhsil sistemində də süni intellekt sahəsində kadr hazırlığına xüsusi diqqət yetirilir, yeni ixtisaslar açılır. 2022-ci ildə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında ölkəmiz tərəfindən təqdim olunan layihələrin əksəriyyəti süni intellekt texnologiyalarına əsaslanırdı. Süni intellekt sahibi robot Sofiyanın 2018-ci ildə ölkəmizə gəlməsi və dövlət başçısı İlham Əliyevlə "söhbəti", müxtəlif görüşlər keçirməsi diqqət çəkdi.
"Süni intellekt əsaslı işlər üçün əlçatan Mərkəz formalaşdırılmalıdır"
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə hesab edir ki, dövlət, yaxud özəl qurum, elmi-tədqiqat qurumu süni intellekt həlli yaratmaq istəsə belə hazırda bunu həyata keçirməsi real görünmür. Ekspert vurğulayıb ki, süni intellekt sistemlərini işlətmək üçün yeni nəsil çiplərlə təmin olunan yüksək gücə malik kompüter olmalıdır:
"Təəssüf ki, maraqlı tərəflər üçün əlçatan belə bir superkompüter hələlik bizdə yoxdur. UFAZ-da və ADA-da olanlar dar çərçivədə istifadə üçün nəzərdə tutulub. Data maraqlı tərəflər üçün əlçatan deyil. Düşünürəm ki, hökumət maraqlı tərəflər üçün əlçatan olan belə bir infrastruktur formalaşdırmalıdır. Yəni dövlət qurumlarının, biznes və elmi institutların süni intellekt əsaslı işləri üçün əlçatan olan bir mərkəz formalaşdırılmalıdır. Bildiyim qədər RİNN-in Aİ Lab qurumu tərəfindən bu istiqamətdə müəyyən işlər görülürdü. Lakin görünən odur ki, hələlik ortada real nəticələr yoxdur. Bu sektorda olan maraqlı tərəflər birgə səylərini gücləndirməlidirlər. Bura böyük resurslar yatırılmalıdır. Dünyada, qonşu ölkələrdə bu istiqamətdə böyük investisiyalar yatırırlar. Biz isə çox gecikirik. Ölkəmizdə süni intellekt həllərinin yaradılması və tətbiqi məqsədilə yaşıl enerji təminatlı bir superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi".