Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.
Deputat bildirib ki, dünyada mənəvi, əxlaqi aşınma getməkdədir: “Azərbaycanda bu məsələ hər zaman diqqət mərkəzində olub. 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycan gənci ən yüksək mənəvi, əxlaqi dəyərlərə sahibdir. Biz ölkəmizdə bu müsbət tendensiyanı qorumalıyıq. Qloballaşma dönülməz xarakter alıb. İnformasiya texnologiyaları öz inkişafının ən yüksək mərhələsinə çatıb. Bizim ayrıca strategiyamız olmalıdır. Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır”.
Rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov “Sherg.az”a bildirib ki, sosial şəbəkələrə hüquq mühafizə orqanları nəzarət edir:
“Kiber təhlükəsizlik tərəfinə isə Rabitə Nazirliyi baxır. Düşünürəm ki, sosial şəbəkələrdə cəza mexanizmi yaradılmalıdır. Yəni kimsə, nalayiq ifadələr istifadə etdikdə və ya təhqir yazdıqda inzibati cəzalar tədbiq olunmalıdır. Çünki bu texnolojidən çox sosioloji problemdir. Tik-tok sadəcə vasitədir. Problem insanların sosial şəbəkə etikasının olmamasındadır. Xaricdə belə bir deyim var “Sosial şəbəkədə və internetdə etika olmalıdır”. Blogerlər və tanınmış insanlar tərəfindən maarifləndirici işlər aparılmalıdır”.