Yol polisi sürücüləri saxlaya bilməz: Utilizasiya... -RƏY
 

 “Köhnə avtomobillərin utilizasiyası məcburi deyil. Yol polisinin sürücüləri saxlayıb avtomobilin istehsal ili ilə bağlı sənədləri yoxlaması da şayiədir”.
 
Bu sözləri “Sherg.az”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib. 

Ekspert qeyd edib ki, köhnə avtomobillərin utilizasiyası ilə bağlı həm ötən il, həm də bu il ərzində müvafiq qərarlar qəbul olunub:

- Köhnə avtomobillərin utilizasiyası məcburi xarakter daşımır. İstismarda olan və ya olmayan avtomobilini könüllü olaraq utilizasiyaya təhvil verən vətəndaşlara müəyyən məbləğ ödəniləcək.  Bunlar hamısı utilizasiya, Utilizasiya Fondunun yaradıması, utilizasiya rüsumları ilə bağlı qərarlarda konkret əksini tapıb. Utilizasiyaya məruz qalacaq avtomobillərlə bağlı konkret il – istehsal ili yoxdur. Belə bir hal müəyyən edilməyib. Avtomobil qəzalı vəziyyətdədirsə, istismar edilmirsə, istismara yararsızdırsa, avtomobil sahibi tərəfindən utilizasiya ilə məşğul olan şirkətlərə təhvil verilə bilər. Şirkət də bunun əvəzində avtomobil sahibinə müəyyən rüsum ödəyir. Proses bu şəkildə icra olunacaq.
 Qeyd edək ki, bir neçə gündür yol polisinin avtomobilləri saxlayaraq sənədləri yoxladığını, istehsal ili köhnə avtomobillərin istifadəsinə icazə vermədikləri barədə xəbərlər yayılıb. Bildirilir ki, istehsal ili köhnə olan avtomobillərin utilizasiyaya cəlb olunmasına başlanılır. Bu barədə Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı da deyib.  L.Qasımov qeyd edib ki, Azərbaycanda ekoloji sağlamlığın qorunması məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə başlanılıb. İstehsal ili köhnə olan avtomobil sahiblərinin narahatlığı da buradan qaynaqlanır.