Orbanın Ukrayna səfəri: Macarıstan Baş naziri Kiyevə niyə gedib -PƏRDƏARXASI

Macarıstanın Baş naziri Viktor Orban 2012-ci ildən sonra ilk dəfə bu gün səhər saatlarında Kiyevə gedib.
 O, ilk olaraq ölkəsinin Ukrayna paytaxtındakı səfirliyinə baş çəkib.
Səfər zamanı Baş nazirin Prezident Vladimir Zelenski, eləcə də yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Onlar arasındakı sonuncu görüş ötən həftənin son günlərində Avropa İttifaqının Brüssel sammiti çərçivəsində baş tutub.


Mövzu ilə bağlı “Sherg.az”a danışan "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli   bildirib ki, Macarıstan Baş naziri Viktor Orban Ukrayna savaşının sona çatdırılması tərəfdarları sırasında ön planda yer alır:
“Macarıstanın mövqeyi Ukrayna müharibəsinin Avropa Birliyinin çiynində ağır yükd olmasından ibarətdir. Avropa Birliyinin Rusiya ilə Ukrayna savaşına görə qarşıdurma vəziyyətində olması həmin quruma üzv dövlətlərə iqtisadi problemlər yaradır. Ona görə də Macarıstanın Baş naziri Ukrayna savaşının sonlandırılması istiqatində müəyyən addımlar atmağa cəhd göstərir. Macarıstanın Baş nazirinin mövqeyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirləri ilə də üst-üstə düşür”. 

Analitik qeyd edib ki, indiki situasiyada Viktor Orbanın Ukraynaya səfəri çoxlarına gözlənilməz gələ bilər:
“Ancaq son vaxtlar Ukrayna  Prezidenti Vlodimir Zeleniskinin sülh mesajları verməyə başlaması hər kəsə məlumdur. Görünür ki, Ukrayna da savaşdan yorulub və tükənmək təhlükəsi ilə üzləşdiyi üçün  müharibənin dayandırılmasında maraqlıdır. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin tərəfindən də sülh sazişi ilə bağlı müəyyən mesajlar gəlməyə başlayıb. Moskva özünün sülh şərtlərini də elan edib. Hətta son məlumata görə Rusiyanın hansısa naziri özəl təyyarə ilə Moskvanın sülh sazişini müzakirə etmək üçün Amerika Birləşmiş Ştatlarına səfərə gedib. Ukrayna savaşın taleyi rəsmi Kiyevdən daha çox, ABŞ və Qərb tərəfindən həll olunur. Viktor Orbanın səfəri zamanı sülh sazişi ilə bağlı məqamların Ukrayna hakimiyyətinin diqqətinə çatdırılması məqsədi də güdülə bilər. Viktor Orbanın Putin ilə münasibətləri mövcuddur. Bu baxımdan Kremlin sülh şərtlərinin Viktor Orbana çatdırılması mümkündür. Eyni zamanda, Orbandan xahiş oluna bilər ki, Kiyevə səfər etsin və Zelenski hakimiyyətinə Rusiyanın şərtlərini çatdırsın”.

Qeyd edək ki, Macarıstan iyulun 1-dən 6 ay müddətinə Avropa İttifaqı Şurasına sədrliyi Belçikadan təhvil alıb.