Parlamentari: Polis Azərbaycanda ictimai sabitliyin əsas sütunudur

Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Ulu Öndərin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra hüquq-mühafizə orqanlarının işində dönüş yaranıb, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənib.
Ulu Öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan polisinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı daim Azərbaycan polisinin maddi-texniki təchizatının, sosial təminatının yaxşılaşdırılması üçün müvafiq addımlar atır.
Dövlət başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Bu da polislərin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı, onlara daha yaxşı xidmət göstərmək üçün əlavə güc verir. 


Böyük Quruluş Partiyası sədri, deputat Fazil Mustafa "Sherg.az"a bildirib ki, polis Azərbaycanda ictimai sabitliyin əsas sütunudur:

“Biz rahat və güvənli şəkildə yaşasaq da polisdə özümüzə aid ola biləcək faydalı işləri görməzdən gəlirik. Yəni daha çox neqativ axtarırıq. Əslində diqqət etsək görərik ki, Azərbaycan cəmiyyətində polisin fədakarlığı olmasa ciddi problemlər və təlatümlər baş verə bilər. Fədakar polislərimizi təbrik edirəm. Xüsusilə də burada Daxili İşlər Naziri Vilayət Eyvazovun xüsusi rolunu qeyd etmək istəyirəm. Son illərdir polis camiasında demək olar ki, neqativ hallarla bağlı barışmaz mübarizə aparılır. Hər hansı bir şəkildə qanunu pozan polislərə qarşı sərt tədbirlər görülür. Hər biri də prinsipial yanaşmanın nəticəsidir. Hesab edirəm ki, Azərbaycan polisinin bu gün fəaliyyəti Azərbaycan cəmiyyəti tərəfindən də kifayət qədər ciddi şəkildə dəstəklənir. Çünki sağlam düşüncəyə sahib olan insanlar anlayırlar ki, müəyyən epizodlarla bağlı məsələləri şişirtmək lazım deyil. Polisin bütövlükdə fəaliyyəti Azərbaycan cəmiyyətinin sabitliyində əsas rol oynayır. Polisə təkcə  Bakı konteksindən yanaşmaq lazım deyil. Bu gün həmin polis Qarabağda və bütün bölgələrdə təhlükəsizliyi qoruyur, müəyyən kriminal halların baş verməsinin qarşısını alır. Polisin bu fəaliyyətini yüksək qiymətləndirməli və dəyərləndirməliyik”.