Polisin cəsarəti, peşəkarlığı cəmiyyəti ruhlandırır -Əliməmməd Nuriyev

Ona görə Azərbaycan düyanın ən təhlükəsiz ölkələrindən biri olaraq qalır


2 iyul Azərbaycanda Polis Günüdür.  Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla da hər ilin bu günü "Azərbaycan Polisi Günü" kimi qeyd edilir.
106 il öncə məhz bu gün Cumhuriyyətimizin Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanları yaradılıb. 1918-1920-ci illərdə ilk müstəqil dövlətimizin təhlükəsizliyinin təmin edilməsində Azərbaycan polisi müstəsna rol oynayıb. Azərbaycan polisi təkcə asayişin qorunmasında deyil, həmin illərdə də baş qaldıran erməni separatçılarına qarşı mübarizədə də müstəsna əhəmiyyətli addımlar atıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, ötən əsrin 80-ci illərinin sonunda da erməni separatçılarına qarşı mübarizədə Azərbaycan polisi ön sıralarda dayanıb. 
Ölkəmizdə asayişin və təhlükəsizliyin, həmçinin ərazi bütövlüyünün təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə Polisin rolu böyükdür. İstər birinci Qarabağ müharibəsi zamanı, istərsə də 44 günlük müharibədə Azərbaycan polisi həm də ön cəbhədə xidmət edib.  Bu gün də təkcə işğaldan azad olunan ərazilərimizdə deyil, bütövlükdə cəmiyyətimizdə təhlükəsizliyin qorunmasında Azərbaycan polisinin rolu danılmazdır. Kənardan bəlkə də hər şey rahat görünə bilər. Amma təkcə son bir həftədə baş verənlər göstərdi ki, təhlükəsiz şəraitində yaşamağımızın arxasında 106 yaşlı polisimizin 7/24 xidməti dayanır.
Qeyd edək ki,  1990-cı ilin əvvəllərində erməni separatçıları Qarabağda baş qaldırıb mülki əhaliyə qarşı hücum aktları təşkil edəndə, milli ordu formalaşmadığı üçün bütün güc və məsuliyyət Azərbaycan polisinin öhtəsinə düşüb. Tək Dağlıq Qarabağ yox, demək olar ki, Ermənistan-Azərbaycan şərti sərhəddi boyunca kəndlərimizi, dinc əhalini qəsibkarlardan qoruyan onlar idi. Təpədən dırnağa silahlanmış düşmənə qarşı yalnız atıcı silahlarla tutarlı müqavimət göstərib yüzlərlə insanı terror qurbanına çevrilməkdən xilas edib Azərbaycan polisi! 
Qarabağ uğrunda gedən döyüşlərdə 932 polis əməkdaşı şəhid olub. Onlardan 66 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. 247 nəfəri isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. 
2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatlarında da  üzərlərinə düşən ağır döyüş tapşırığını  ləyaqətlə yerinə yetirən qəhrəman polislərimiz yenə Şəhid verdi, Qazi oldu!

Konstitutsiya Araşdırmalar Fondunun Prezidenti, DİN yanında İctimai Şuranın sədri  Əliməmməd Nuriyev “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Polisi bu gün vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, Azərbaycan Polisinin asayişin qorunması üçün atdığı qətiyyətli addımlar və peşəkarlıq cəmiyyət tərəfindən yüksək qiymətləndirilir: 

-Azərbaycan polisinin bugünkü fəaliyyəti hamımıza məlumdur. Onların müstəsna xidmətləri dövlət və xalq üçün əhəmiyyətlidir. Xalqımız polislərimizi hər zaman sevib, sevir və öz polisinə güvənir.  Və bu çətin, çətin olduğu qədər də şərəfli peşənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Polis hər zaman birmənalı olaraq ən təhlükəli, problemli, fövqəladə vəziyyətlər olan yerdə öz şərəfli xidmətini apararaq xalqına, dövlətinə xidmətini nümayiş etdirir. Azərbaycan düyanın ən təhlükəsiz ölkələrindən biri olaraq qalır və Azərbaycan Polisi öz peşəkarlığı, dövlətçiliyə sədaqəti ilə bu sahədə qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsində biz döyüşkən, əzimkar və vətənpərvər müasir Azərbaycan Polisi gördük. Bu gün Azərbaycan cəmiyyəti Azərbaycan Polisinə yüksək etimad göstərir və dəstək verir.
Polisin yorulmaz səyləri təhlükəsizliyi təmin edir, insanlara inam hissi aşılayır, ədalətli və nizam-intizamlı cəmiyyətin əsaslarını qoruyur. Polisin cəsarəti, peşəkarlığı cəmiyyəti, ruhlandırır, sarsılmaz xidmətlə əsl qəhrəmanlıq ruhunu təcəssüm etdirir. Bir daha DİN yanında İctimai Şura adından Azərbaycan polisinin yaranmasının 106-ci ildönümü münasibətilə polisin bütün şəxsi heyətini Polis Günü münasibətilə təbrik edir, onlara fədəkar, şərəfli və əzmli işlərində uğurlar arzu edirik!