Dələduz MTK  direktoru: Vətəndaşın 223 250 manatını ələ keçirib

                                
Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi ev 3 m.70 ünvanında yaşayan Agaəlizadə Esmira Namiqovna tərəfindən "Şərq"in redaksiyasına şikayət məktubu daxil olub. Vətəndaş şikayətində bildirib ki, Bakı şəhərində fəaliyyət göstərən “Dərəçiçək” MTK və “İnşaat Konstruksiyaları” MMC və bu qurumların rəhbəri Əliyev Raufun öz fəaliyyətlərinə dair Prezident Administrasiyasına şikayətlər daxil olmaqdadır.

Qeyd olunub ki, qurumlar barəsində 20 ildən artıqdır ki, prokrurlorluq, vergi və məhkəmə orqanlarında çoxsaylı ittihamedici və digər xarakterli materiallar var. Şikayət məktubunda vurğulanıb ki, Rauf Əliyev vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 19 il ərzində, Esmira Ağaəlizadənin külli miqdarda 223 min 250 (iki yüz iyirmi üç min iki yüz əlli) manat pulumu dələduzluq yolu ələ keçirib: "2005-ci il tarixdə “Dərəçiçək” MTK ilə müqaviə bağlayaraq 76815 ABŞ dolları məbləğində mənzil aldım. Sonradan Rauf Əliyev eyni mənzili digər şəxlərə satdığına görə məcbur olub ondan pulumu tələb etdim. Müvafiq araşdırmalar oldu, lakin bu illər ərzində Rauf pulumu qaytarmadı, heç bir tədbir görülmədi. 2019-cu ildə bu məsələni həll etmək üçün Rauf Əliyev məndən əlavə olaraq 55 min manat pul istədi və mənə yeni mənzil verəcəyini bildirdi. Hesabla, məndən mənimsədiyi pulun üstünə də 55 min manat pul qoyub ona cəmi 223250 pul vermiş oldum. İndi isə mənzili mənə “İnşaat Konstruksiyaları” MMC-nin direktoru kimi  satdı, dedi ki, bina tikilməkdədi, 5-6 aya hazır olanda mənzili təhvil verəcəm". 
Şikayətçi diqqətə çatdırıb ki, 14 noyabr 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən Xətai rayonu Mehdi Mehdizadə küçəsi 2-4 ünvanda “İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilən binanın 2-ci blok, 8-ci mərtəbə, 89.3 kv.m 54 saylı, 2 otaqlı mənzil 223250 (iki yüz iyirmi üç min iki yüz əlli) manat dəyərində ona satılıb. Lakin 5 il ərzində gedib-gəldikdən sonra aydın olub ki, Rauf Əliyev onlara müqaviləni və maliyyə arayışını kağız kimi satıb, əslində isə satılmış mənzil yoxdur: "Bina Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən pilot layihə kimi inşa olunub. Mənə təqdim edilən müqavilə və plan-sxemdə belə bir mənzil nəzərdə tutulmayıb. Həmin binanın sakinlərinin arasında vatsap qrupu yaradılıb. Həmin qrupa sadə məlumat yazılsa, məlum olacaq ki, orada hər sahənin öz sahibi var, amma mənə aid olan mənzil yoxdur. Bu ilin may ayının sonunda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi şikayətlə müraciət etdim. Şikayətimin üzərindən 1(bir) ay müddət keçdi, məni İdarədən çağırmadılar.Özüm İdarəyə getdim, ərizəmin araşdırılması tapşırılmış müstəntiq bildirdi ki, “İnşaat Konstruksiyaları” MMC-də digər cinayət xarakterli materiallar mövcud olduğu üçün bu ərizənidə ona veriblər. Bu məsələ mülki məsələdir, bir mənzil 2 nəfərə satılsa idi, araşdırma aparılacaq. Müstəntiq dedi, gedin mənzilinizi sizə göstərəcəklər. Gəldik Miri adlı komendantın yanına, oda bir sutka bizi “fırladandan” sonra bildirdi ki, bura pilot layihədir, sizin mənzil yoxdur. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyinə məlumat üçün bildirdim ki, bu məsələ 2005-ci ildən başlayıb və bu davam edən cinayətdir. Mənə satılmış ilkin mənzil 2005-ci ildə sonradan digər şəxsə satılıb". 
Vətəndaş qeyd edib ki, vaxtında qanuni tədbirlər görülmədiyi üçün 2019-cu ildə Rauf Əliyev, həmin məsələnin davamı kimi məni təkrarən aldadaraq, mənzil satmaq adı ilə, ümumilkdə külli miqdarda pulumu mənimsəyib:

 "Hesab edirəm ki, 2005-ci ildə bir mənzili iki nəfərə satan, 2019-cu ildə mənimsədiyi pulu qaytarmaq adı ilə məndən 55000 manat pul alıb, mənzil əvəzinə müqavilə və maliyyə arayışı satan Rauf Əliyevin barəsində qanuni tədbirlə görülməsinin vaxtı çatıb. 19 il ərzində davam edən bu hərəkətlər heç də mülki məsələyə oxşamır. Əməkdaşın deməsinə görə, bu yaxınlarda “İnşaat Konstruksiyaları” MMC-də baş vermiş cinayət xarakterli əməllərə görə, cinayət işi Ağır Cinayətlər məhkəməsinə göndərilib. İki dəfə eyni şəxs tərəfindən eyni predmetli əməllə aldadılma mülki xarakterli ola bilməz. Səlahiyyətli orqan kimi konkret tədbirlər görülməsini xahiş edirik. Çox ümid edirəm ki,  səsimiz eşidiləcək və göstərdiyim hallar obyektiv olaraq araşdırılacaq və nəticəsi barədə qanuni tədbirlər görüləcək".