Əlisahib Hüseynov: Artıq sülh zamanıdır

Bakının hazırkı sülh gündəliyi də zatən ABŞ-nin sülhü tezləşdirmək mövqeyi ilə uyğun gəlir
 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obraynı qəbul edib. Ceyms Obrayn ABŞ Dövlət katibi Antoni Blinkenin bu yaxınlarda Prezident İlham Əliyev ilə telefon danışığını və bu əsnada aparılan müzakirələri məmnunluqla qeyd edib. O, ABŞ-nin regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğuladı. Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd etdi. Bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlər müzakirə olunub.
 Prezident İlham Əliyev Antoni Blinkenlə telefon danışığını məmnunluqla xatırladı, bu telefon danışığı əsnasında əlaqələrimizin geniş spektrinin müzakirə olunduğunu deyib.
Azərbaycan ilə ABŞ arasında ölkəmizin müstəqilliyinin ilk günlərindən müxtəlif sahələrdə uğurlu əməkdaşlığın qurulduğu vurğulanıb.
 Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq, COP çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin səmərəli və faydalı məsləhətləşmələrinin olduğu qeyd edildi. COP29-un uğurla nəticələnməsi üçün ABŞ-nin öz dəstəyini bundan sonra da davam etdirəcəyi qeyd edilib.
Qeyd edək ki, C.Obrayn iyunun 11-13-də İrəvanda səfərdə olmuş, açıqlamaları ilə diqqət çəkmişdi. O, təxminən indi səsləndirdiklərini Ermənistanda da dilə gətirmişdi. “ABŞ iki Cənubi Qafqaz ölkəsini belə bir razılaşmanı qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir” kimi fikirləri fonunda Ağ Ev rəsmisinin Mərkəzi Asiyadan yeni ticarət dəhlizinin yalnız Bakı-İrəvan anlaşmasının imzalanması nəticəsində reallaşa biləcəyindən danışması adi məsələ sayıla bilməz: “Bizim fikrimizcə, Mərkəzi Asiyadan Aralıq dənizi istiqamətində ticarət dəhlizi inşa etmək üçün bir neçə nəsildən bir üzə çıxan fürsət yaranıb. Bu, yalnız Azərbaycan və Ermənistan arasında sülh olduğu təqdirdə mümkün ola bilər. Bu, bütün dəhliz boyunca yeni sənaye istiqamətləri yaradacaq. Bu, indi baş verə bilər. Bir neçə il sonra, indiki qədər əhəmiyyətli olmaya bilər... Ona görə də indi bunu etməyin zamanıdır”.
Bu baxımdan Ceyms Obraynın Azərbaycan səfərini şərh edən  politoloqların fikrincə, onun Bakıya  səfəri  Cənubi Qafqazın siyasi gündəmində dayanan başlıca məsələdir.

 Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da “Sherg.az”a açıqlamasında deyib ki, rəsmi Bakının hazırkı sülh gündəliyi də zatən ABŞ-nin sülhü tezləşdirmək mövqeyi ilə uyğun gəlir:
“İkinci Qarabağ müharibəsi başa çatandan sonra rəsmi Bakı həm Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə israrla başa salmağa çalışırdı ki, Zəngəzur dəhlizinin açılması təkcə region üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyətli məsələdir. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin bu mövqeyi bəzi ölkələrin sərt müqaviməti ilə üzləşirdi və onlar hər vasitə ilə Zəngəzur dəhlizinin açılmasına, eləcə də Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına mane olurdular. Ancaq bütün təzyiq və süni maneələrə rəğmən hazırda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsini özü üçün ən başlıca vəzifə kimi görən Azərbaycanın Zəngəzur dəhlizinin açılması məsələsində nümayiş etdirdiyi ardıcıllıq və prinsipiallıq, nəhayət ki, öz müsbət nəticələrini verməyə başlayır. Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obraynın Bakıya səfəri və onun Prezident İlham Əliyev ilə görüş zamanı ABŞ-nin regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayaraq, Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd etməsi də Bakının Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyinin düzgünlüyünü ortaya qoyur”.
 
AHK sədrinin sözlərinə görə, Obraynın Azərbaycana səfərdən öncə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə etdiyi çıxışda Zəngəzur dəhlizinin açılmasının ABŞ və Avropa İttifaqı üçün vacibliyi barədə yer alan fikirlər də olduqca önəmlidir:
 “Bu çıxışın məzmunundan belə nəticəyə gəlmək olur ki, Ağ Ev yeni geosiyasi və geoiqtisadi planlarını reallaşdırmaqda Bakının dəstəyinə ciddi ehtiyac duyur və bunu Ceyms Obraynın vasitəsilə dilə gətirib. Obraynın sözügedən çıxışından ABŞ-nin Mərkəzi Asiyanın ixracatının Rusiya və Çin üzərindən həyata keçirilməsini istəmədiyi bəlli olur. Azərbaycan və Ermənistan arasında sülhün imzalanması isə bunun üçün əlverişli imkanlar aça və Mərkəzi Asiyanı Rusiya və Çinin asılılığından xilas edə bilər”.

 Ə.Hüseynov xatırladıb ki, hazırda Mərkəzi Asiya ölkələri öz məhsullarını dünya bazarına Rusiya və ya Çin vasitəsilə ixrac edirlər: 
“Ancaq Amerika rəsmisinin sözlərinə görə, onların alternativ üçün Azərbaycanla işləməyə ehtiyacı var: "Bir yol Gürcüstan və Qara dənizdən keçir, digər yol, yəni potensial olaraq daha böyük yol Azərbaycan, Ermənistan və Türkiyədən keçir. Bu mənada müharibəyə son qoymaq və 1990-cı ildən bəri mövcud olan bu dəhşətli münaqişənin başa çatması üçün bizim Ermənistan və Azərbaycan arasında sülh sazişinə ehtiyacımız var. Bizim mesajımız budur: artıq sülh zamanıdır!”.
 Qeyd etdiyim kimi, Azərbaycanın sülh gündəliyi də zatən ABŞ-nin sülhü tezləşdirmək mövqeyi ilə uyğun gəlir. Azərbaycan tərəfi Ermənistana sülh sazişi imzalamaq üçün bu günlərdə növbəti paketi təqdim edib.  Zəngəzur dəhlizinin açılması və Obraynın çıxışında yer alan məqamların reallaşması üçün heç şübhəsiz ki, ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, münasibətlər normallaşmalıdır. Lakin rəsmi İrəvan isə sözdə sülhdən danışsa da, ancaq onun sülh ritorikası hələlik sadəcə imitasiya xarakteri daşıyır. Ermənistan rəhbərliyi nə sülhün, nədəki Zəngəzur dəhlizinin əhəmiyyətini tam dərk eləmir.
 Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı prinsipial mövqeyi isə tərəfdaşlarımızın artmasına yol açır. Proseslər göstərir ki, biz həm Zəngəzur dəhlizi, həm də Mərkəzi Asiya ilə bağlı düzgün siyasət aparmışıq. Azərbaycanın yeni geosiyasi reallıqlar kontekstində Qərb üçün vacibliyi danılmazdır. Və görünən budur ki, bu həqiqəti artıq Ağ Evdə də dərk etməyə başlayıblar. Ceyms Obraynın səfəri ABŞ-nin Azərbaycanın mövqeyi ilə hesablaşdığını göstərir”.