Dünya bu hadisəni danışır: ChatGPT ilə başlayan söhbət faciə ilə bitdi

Kanadada yaşayan bir ana, qızının intiharından sonra OpenAI və onun rəhbəri Sam Altmana qarşı məhkəmə iddiası qaldırıb.

Sherg.az xəbər verir ki, iddialara görə, gənc qadın əvvəlcə ChatGPT-ni texniki problemlər üçün istifadə etsə də, sonradan söhbətlər şəxsi və psixoloji mövzulara keçib. Ailə bildirir ki, sistem zamanla onun üçün “yaxın dost və sirdaş” roluna çevrilib.

Dava sənədlərində iddia olunur ki, süni intellekt bəzi hallarda intihar düşüncələrinə qarşı çıxmaq əvəzinə onları təsdiqləyən və ya kifayət qədər müdaxilə etməyən cavablar verib. Hətta bir söhbətdə “Bəlkə də bu sondur” ifadəsinin işlədildiyi iddia edilir.

OpenAI isə açıqlamasında hadisədən təəssüfləndiyini bildirərək, sözügedən söhbətlərin köhnə model versiyasında baş verdiyini və sistemin hazırda daha güclü təhlükəsizlik mexanizmləri ilə təkmilləşdirildiyini qeyd edib.

Şirkət həmçinin vurğulayıb ki, ChatGPT heç vaxt tibbi və ya psixoloji yardımın əvəzi deyil və riskli hallarda istifadəçilər peşəkar dəstəyə yönləndirilməlidir.

Hadisə süni intellektin psixoloji təsiri və texnologiya şirkətlərinin məsuliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.