ABŞ-da uşaqların sosial media platformalarından zərər görməsi ilə bağlı şirkətlərə qarşı məhkəmə iddiaları sürətlə artır.
Sherg.az xəbər verir ki, Meta şirkəti artıq bu işlər üzrə yüz milyonlarla dollar məbləğində cərimə və təzminata məhkum edilib.
Məlumata görə, Meta mart ayında 375 milyon, ötən həftə isə Nyu-Meksiko ştatında uşaqların psixi sağlamlığı böhranında məsuliyyət daşıdığına görə 567 milyon dollar təzminat ödəməyə məhkum edilib. Şirkətin uşaqlarla bağlı işlər üzrə ödəyəcəyi məbləğin artıq 950 milyon dollara yaxınlaşdığı bildirilir.
Bundan əlavə, Meta və YouTube-a qarşı bir istifadəçini platformaların dizayn xüsusiyyətləri vasitəsilə asılı vəziyyətə salmaq ittihamı ilə açılan məhkəmə işində ümumilikdə 6 milyon dollar təzminat qərarı çıxarılıb.
ABŞ-da sosial media şirkətlərinə qarşı 3 mindən çox məhkəmə işinin davam etdiyi bildirilir. Ekspertlər bu prosesləri 1990-cı illərdə tütün şirkətlərinə qarşı açılan kütləvi məhkəmə işləri ilə müqayisə edir və Meta-nın gələcəkdə 1,4 trilyon dollara qədər təzminat riski ilə üzləşə biləcəyini qeyd edirlər.
ABŞ-ın Kaliforniya ştatında davam edən prosesdə isə Meta-nın platformalarını uşaqlarda asılılıq yaratmaq məqsədilə qəsdən hazırladığı iddiasının araşdırılması gözlənilir. Şirkət ittihamları rədd edir.