«Atam çətinliklərdən asanlıqla çıxmağı bacarır» - MÜSAHİBƏ

Fərqanə Qasımova: “Alim müəllim problemlərin öhdəsindən Allahı sevdiyi, səbrli olduğu və təvəkkül etdiyi üçün rahatlıqla gəlir »


Həmişə  xalqa  məşhurların övladları, ailəsi maraqlı olub. Onlar haqqında xəbərləri,  şəkilləri diqqətlə izləmişik. Lakin elə tanınmışlar var ki, uşaqları da valideynlərinin yolunu davam etdirərək xalqın sevdiyi, tanıdığı simalara çevirilib. Kimiləri müğənni, kimiləri aktyor, kimiləri isə aparıcı olaraq fəaliyyət göstərib. Əlbəttə populyar insanın uşaqları  olmağın verdiyi məsuliyyət hissi də onları uğurlu olmağa sövq edib.
 Məşhur övladlardan biri də xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımovadır.  
Bu çətin günlərdə biz də Fərqanə xanımla həmsöhbət olduq.

 - Əvvəlcə hazırkı gündəmdən sual vermək istərdim.  “Evdə qal” kampaniyasına dəstək verirsinizmi?

- Əlbəttə əməl edirik. Sosial şəbəkələrdə tövsiyə mesajları paylaşırıq ki,  evdə qalın. Mütləq şəkildə riayət etmək lazımdır. 

- Bəs Alim müəllim?

- Alim müəllim də evdədir. Bütün işləri dayandırmışıq. Evdə otururuq ki, çətin günləri Allahın izni ilə yola verək.

 - Bir çox həmkarlarınızın "online" layihələri oldu. Sizin necə belə fikriniz varmı?  

- Bəli, olacaq.İnşallah.

Söhbətimizin axarını dəyişib bir az da xoş ovqatlı suallara keçək... Xalq tərəfindən sevilən sənətkarın övladı olmaq necə hissdir?

- Musiqiçi ailəsində doğulursan, dahi insanın övladı olduğunu dərk edirsən. İçində də musiqinin yaşadığını anlayırsan. Musiqi ilə böyüyürsən. Məsələn, yeyirik, içirik həyat davam edir. Bir də var ki,  musiqi ilə yaşayasan. Necə ki övladımızı boya - başa çatdırırıq, eləcə də sənətimizi böyüdürük. Xoşbəxtəm ki, xanəndəyəm. Xalqın Fərqanə Qasımovasıyam. Çox məsuliyyətli bir hissdir. Dahi sənətkarın övladı olub, adını qoruyub saxlamaq. Həm də onun adı ilə bir yerdə anılmaq çox sevindirici və şərəf vericidir.

- Dediniz ki, əlavə məsuliyyət də lazımdır. Bəs bunu nə zaman dərk etdiniz?

- Uşaqlıqdan çox məsuliyyətli olmuşam. Bu da məni musiqiyə çatdırdı. Ona görə ki, dörd yaşımdan qəzəllər öyrənməyə başladım. Müəyyən yaşa çatanda dəf çaldım. Uşaqlar həyətdə oynayırdı, mən isə musiqi ilə məşğul olurdum. Piano məktəbini bitirdim, sonra konservatoriyaya daxil oldum, magistraturanı bitirdim. Hazırda 17 ildir ki, Asəf Zeynallı adına musiqi məktəbində  müəllimə işləyirəm. Bunlar hamısı insandan məsuliyyət tələb edir.  

- Alim Qasımovun musiqiyə  yönləndirməsi olmasa idi başqa sənəti seçərdinizmi?

- Bu suala cavab özünü təsdiq etməmiş olar.  Bilmirik axı nə ola bilərdi. Yenə də cavab vermək istəyirəm. Musiqi insanın daxilində  olur.  Canında varsa mütləq özünü göstərəcək. Amma danılmaz faktdır ki, Alim müəllim ustadımdır. O mənə muğamın incəliklərini, sirrlərini öyrədib. Deməli onun övladı olmalıydım, muğamın sirrlərini bilməliydim. Başqa cür cavab verməyə çətinlik çəkərəm. 

- Bəzən olur ki, müəllimin sinifində övladı da dərs alır. Məktəbdə müəllim- şagird, evdə valideyn-uşaq olurlar. Bəs siz Alim müəllimdən dərsləri dinləyəndə övladı, yoxsa tələbəsi kimi öyrənirdiniz?

- Alim müəllim konservatoriyada 1997-ci ildə müəllim kimi çalışmağa başladı. Mən də 1996-ci ildən tələbə idim.  Mənə görə konservatoriyaya müəllim kimi işə girdi. Çünki dedim ki, "Ata səndən başqa heç kimin tələbəsi olmaq istəmirəm."Bu bir il müddətində Arif  Babayevin sinifində idim. Bilirdim ki, atam gələcək. Həqiqətən də gəldi və tələbəsi oldum. Sinifdə onun tələbəsi idim. Amma evdə övladı. 

- Qrup yoldaşlarınızın münasibəti necə idi?

- Hamı mənə əlçatmaz kimi baxırdı. Alim Qasımovun övladı olduğum üçün bəxtəvər deyirdilər. Amma o xoşbəxtliyin içərisində məsuliyyət də var idi. Nə olsun ki, atam idi. Amma hamıdan daha çox hazırlıqlı, məsuliyyətli dərsə gedirdim ki birdən atam qrupda acıqlanar .  Ona görə həmişə ikiqat hazır olurdum.

- Yəqin ki, Alim müəllim də sizi digər tələbələrdən seçmirdi...

- Bütün tələbələrinə eyni davranırdı. Sadəcə mənlə daha çox məşğul olub. Yəni onlara müəyyən saat ərzində dərs deyirdi. Amma  mənimlə evdə də məşğul olurdu. Bir də görürdün tarını götürüb ki gəl oxuyaq. Əlbəttə mənə daha çox vaxt sərf edirdi. 

- Biz Alim Qasımovu sənətkar kimi tanıyırıq. Siz ondan bir ata kimi nə danışa bilərsiniz?

- Mənə görə ali bir insandır. Çətinliklərdən asanlıqla çıxmağı bacarır.  Problemlərin öhdəsindən Allahı sevdiyi, səbrli olduğu və təvəkkül etdiyi üçün rahatlıqla gəlir. Övladlarından, qohumlarından maddi mənəvi köməyini əsirgəmir. Çox gözəl insandır. Bir ailəyə, nəslə, elə obaya əsl lazimi keyfiyyətlərə malik olan  şəxsiyyətdir. 

- Elə olurmu ki, arada fikirləriniz üst - üstə düşməsin və mübahisə edəsiniz?

 - Əsla buna izin vermirəm. Çünki Alim müəllim  nə qədər sadə insandırsa bir o qədər də mürəkkəbdir. Bu da onun dahiliyindən irəli gəlir.  Mən də, ailəmiz də izin vermirik ki, kimsə onunla  mübahisə etsin.  Ola bilir Alim müəllimin də düşüncələrində də qəbul edilməyən sözlər olsun. Amma qəti surətdə mübahisəni dayandırmaq lazımdır. Çünki hörmətsizliyi sevməyən bir insandır.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu