Təhsil nazirinin özü də Amerikada təhsil alıb

Ancaq niyə bu ölkədə təhsil almaq istəyən gənclərin yolunu kəsirik?




ABŞ-ın "Open Doors” təşkilatı bu ölkədə təhsil alan azərbaycanlıların sayını açıqlayıb. Hesabatda qeyd olunub ki, 2014/2015-ci tədris ilində Amerikada 408 azərbaycanlı tələbə təhsil alıb. Sənəddə o da qeyd olunub ki, göstərilən illər üzrə nəticələrə Azərbaycandan olan tələbələr əsasən natamam ali təhsil pilləsində təhsil almağa meyl ediblər:

"Tələbələrin 38 faizi tam ali təhsil, 42 faizi natamam ali təhsil, 13 faizi könüllü praktik təlimlər, 7 faizi isə ingilis dili kursları və ya qısamüddətli kursları üzrə təhsil alır”. Əlbəttə, məlum hesabat açıqlandığı andan etibarən bu mövzu sosial şəbəkələrin ciddi müzakirə mövzusuna çevrilib. ABŞ-da təhsil alan həmyerlilərimizin sayının az olduğu iddia olunur. Hətta əksər təhsil ekspertləri də bildirirlər ki, 408 nəfər elə də böyük rəqəm deyil.

ABŞ-dakı azərbaycanlı tələbələrin sayının az olduğunu deyən "Ümid” partiyasının sədr müavini, Azərbaycan-Avropa Hərəkatının rəhbəri Ramin Hacılı "Şərq”ə bu məsələni bir neçə səbəblə izah edib: "Birincisi, ABŞ-da təhsil almaq üçün olduqca çox vəsait xərcləmək lazımdır. Orada həm universitetlərin təhsil haqları çox yüksəkdir, həm də yaşam standartları çox bahadır. Yəni maliyyə çox tələb olunur. Ona görə də azərbaycanlılar Amerikaya deyil, daha çox Avropa və qonşu ölkələrə üz tutur. ABŞ-da xüsusi proqramlar mövcuddur. O proqramla digər ölkələrin istedadlı gənclərinin ABŞ-da təhsil almasına yardımçı olurlar. Bunun da ABŞ üçün qazancı odur ki, bütün ölkələrdəki beyinlərə sahiblənir və beyin axınının ABŞ-a meyillənməsinə nail olurlar. Lakin bir sıra ölkələr də bunu əngəlləməyə başlayıb. Bunun xeyirli tərəfləri odur ki, ABŞ-ın gerçəkləşdirdiyi bu siyasət gənclərin yetişməsinə və dünyaya böyük töhfələr verməyə gətirib çıxarır”. Məsələn, Azərbaycandakı universitetlər gənclərin böyük uğurlar əldə etməsinə imkan vermir. Amma dünyanın inkişaf etmiş ölkəsinə gedib, o imkanlardan istifadə edərək böyük uğura imza ata bilər. Təbii, hansısa azərbaycanlı nailiyyətlərə imza atanda yaddaşlarda qalır və Azərbaycanın fəxrinə çevrilir. Bu o demək deyil ki, Amerikaya gedən hansısa bir gənc artıq o dövlətə xidmət göstərir və ya o dövlətin casusudur. Sadəcə, orada özünü ifadə etmək və elmi tədqiqatlar aparmaq üçün yetərli imkanlar var”.

Həmsöhbətimizin qənaətincə, bütün dövlətlər, xüsusən də qonşu Gürcüstan və Ermənistan ABŞ-ın bu proqramlarına açıq olduğunu bəyan edib: "Bu ölkələr yüzlərlə gəncinin ABŞ-a getməsini dəstəkləyir. Amerikanın "Fulbreyt”, "Aereks” və "Fleksəd” proqramları mövcuddur ki, tələbələrin bütün xərclərini qarşılayır. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Amerikada həmin proqramla təhsil alıb”.

Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycan hökuməti neft gəlirləri hesabına dövlət proqramı çərçivəsində Azərbaycan gənclərinin təhsilinə yardımçı ola biləcəyini bəyan etdi və bundan sonra gənclərimizin təqaüd alma imkanları azaldı: "Təqaüd üçün müraciət edən gənclərə "nəyə görə öz dövlət universitetlərindən istifadə etmirsən” sualı verildi”.

R.Hacılı söyləyib ki, 2013-cü ildən etibarən Azərbaycan ABŞ-ın gerçəkləşdirdiyi bütün proqramları bağlamağa başladı: "Digər yandan Azərbaycan gənclərin Amerikada təhsil almaq üçün təqaüddən yararlanmaq imkanları yoxdur. Azərbaycan dövlət proqramı çərçivəsində demək olar ki, ABŞ-a çox az tələbə göndərir. Nəticədə ABŞ-a təhsil üçün gedən həmyerlilərimizin sayında azlıq müşahidə olunur”.

Təşkilat yetkilisi onu da əlavə edib ki, uduzan Azərbaycan dövləti və xalqıdır: "Çünki dünyaya çox istedadlı şəxsiyyətlər verə bilərik. Onlar böyük biliklərə yiyələnərək, həm bəşəriyyətə, həm də ölkəmizə çox müsbət töhfələr verə bilər. Kadr kimi yetişib ölkəmizə xidmət göstərə bilərlər. Unutmayaq ki, Azərbaycanın hazırkı təhsil naziri də Amerikada təhsil alıb. Problemli adam olsaydı, onu gətirib, yüksək posta təyin etməzdilər. Bundan başqa, "ASAN xidmət”in təşəbbüskarlarının əksəriyyəti ABŞ-da təhsil alıb. Düşünürəm ki, Azərbaycan dövləti bütün bunları nəzərə alaraq ABŞ-da təhsil alan azərbaycanlı gənclərin sayının artırılması məqsədilə xüsusi proqram işləməlidir. Şəxsən mən bu proqramın hazırlanmasında və həyata keçirilməsində töhfələr verə bilərəm. Çünki özüm də Amerikada xüsusi proqramla təhsil almışam və bu ölkənin həmin istiqamətdəki siyasətini öyrənə bilmişəm. Amerikalı məzunlar birliyinin üzvüyəm və idarə heyətində də təmsil olunmuşam”.

Ayyət Əhməd