Çin sərtləşir: Bölgədə yeni gərginlik ocağı yaranır

Növbəti hədəf Honkonq və Tayvan adasıdır

 Çinin hərbi ritorikası getdikcə sərtləşir. Vaxtilə yalnız iqtisadi zəmində güclənən və dünyadakı hərbi qovğalardan yan keçən Çin siyasətini dəyişir. Çin hərbçilərinin bugünlərdə Hindistanla sərhəddə törətdiyi təxribat da bundan xəbər verirdi. İki ölkə arasındakjı sərhəddə baş verən insident Pekinin əzəli nümayişi idi. Çinin növbəti hədəfi Honkonq və Tayvan adasıdır.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, Honkonq uzun illər Böyük Britaniyaya məxsus olub, 1997-ci ildə xüsusi statusla Çinə qaytarılıb:



““Bir dövlət, iki sistem” Honkonqun maraqlarına zidd deyildi, idarəetməsini qoruyurdu. Ancaq son illər Çin fəal surətdə Honkonqun daxili işlərinə qarışmağa başlayıb. Vaşinqtonun son hesabatına görə, “bir dövlət, iki sistem” statusu artıq işləmir və Pekinin məqsədi Honkonqa nəzarəti tam ələ keçirməkdir. ABŞ prezidenti Donald Tramp da bu haqda açıqlamalar verib. Pekində eyni zamanda Tayvan adasıyla bağlı da oxşar planlar hazırlanır. Tayvanın Çinə zorən birləşdirilməsi mövzusu fəal müzakirə olunur. Pekində məsələni danışıqlar yolu ilə həll etməyə üstünlük verirlər, ancaq alınmasa hərbi variantı da istisna etmirlər”.

Politoloq qeyd edib ki, Tayvanın əsas müdafiəçisi və qoryucusu ABŞ-dır. Çinin Tayvanı ələ keçirmək təşəbbüslərinə Vaşinqton seyrçi qalmayacaq:

“Vaşinqton 1979-cu ildə Çini rəsmən tanımasına baxmayaraq, Tayvanı hərbi yardımını heç zaman kəsməyib. ABŞ Konqresinin Tayvana hərbi yardımı əsaslandıran xüsusu qanun da var. Pentaqon Tayvanla birgə bölgədə hərbi təlimlərə də ara vermir. 
Buna baxmayaraq, keçmiş illərdən fərqli olaraq Pekində Vaşinqtonla qarşıdurmadan çəkinmirlər. Məsələn, Çinin baş qərargah rəisi general Li Tsoçen deyib ki, Tayvan bütün hallarda Çinin materik hissəsinə birləşdirilməlidir. Maraqlıdır ki, Çin əhalisi arasında Tayvanı hərbi yolla materikə biləşdirməyin tərəfdarları da artır. Məsələn sosial şəbəkədə Tayvanı hərbi yolla birləşdirməyə çağırış edən səhifəyə 750 milyon baxış olub”. 

E.Şahinoğlunun sözlərinə görə, Çin Tayvanın özündə də tərəfdar qrupu formaslaşdırmağa çalışır. Çin Honkonqa vaxtilə təklif etdiyini Tayvan rəhbərliyinə də təklif edir: 

““Gəlin “bir dövlət, iki sistem” əsasında birləşək”. Ancaq hadisələrin müşahidəsi göstərir ki, “bir dövlət, iki sistem” Pekin üçün müvəqqəti xarakter daşıyır. Pekin qonuşulqdakı çinlilərin də kommunist sistemi çərçivəsində  yaşamasına çalışır. Tayvanda və Honkonda yaşayan çinlilərin əksəriyyəti üçün kommunizm modelini özləri üçün yolverilməz sayırlar.   
Beləliklə, bölgədə yeni gərginlik ocağı yaranır. ABŞ və Çin koronavirusla mübarizə aparmalarına, insan və maliyyə itkilərinə baxmayaraq, hərbi ritorikalarını zəiflətmirlər. Rusiya 2008-ci ildə Gürcüstanla apardığı müharibə, Abxazıya və Cənubi Osetiyaya qoşun yeritməsi, o cümlədən 2014-cü ildə Krımı ilhaq etməsi, Donbasda separatizmə dəstək verməsi səbəbindən əsas təhlükəli dövlət elan edilmişdi. Ancaq son bir-iki ildə Çin Rusiyanı qabaqlamağa “müvəffəq” olub və beynəlxalq aləm Çini ram etməyin yollarını arayır”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu