Alim ömrü, Aydın ömrü

Ürəyində "Azad sükutu" olan Aydın Kazımzadənin 70 yaşı tamam olur

Bakı Dövlət Universitetinə yaxından bələd olandan sonra, bütün şüurlu ömrümlə bu Universitetə qovuşandan bəri, cümlənin harasında olmasına baxmayaraq “Universitet”  sözünü həmişə böyük hərflə yazmışam. Çünki bu Universitet yarandığı zamandan Azərbaycan xalqının maariflənməsi üçün, burda təhsil alan tələbələrin, hər şeydən  əvvəl, Vətən sevgisi ilə böyümələri üçün çox iş görmüş və görməkdədir. Mən Bakı Dövlət Universitetini həm də böyük alimlərinə görə, elm və tədrisin inkişafında misilsiz  xidmətlər göstərmiş dünənki, bugünkü, sabahkı müəllimlərinə görə sevmişəm.

Universitetimizin öz elmi, pedaqoji fəaliyyəti  ilə, üstəgəl, tələbələrinə hörməti və qayğısı ilə seçilən müəllimləri, alimləri çoxdur. Özünün elmi səviyyəsi, universitet deyilən müqəddəs bir anlayışın müqəddəsliyini göz bəbəyi kimi qoruyan insanlardan biri AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Aydın Kazımzadədir.

Aydın Kazımzadə ilk növbədə elm adamıdır. Orta məktəbi qızıl medalla bitirib. Elə həmin il, yəni 1967-cı ildə BDU-nun fizika fakültəsinə daxil olub, oranı da fərqlənmə diplomu ilə bitirib, doğma fakültədə, Yarımkeçiricilər fizikası kafedrasında aspirant olub, 1975-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası  müdafiə edib.

Elm dünyasına aparan bu yolda Aydın Kazımzadənin uğurları həmişə hiss olunub. Onun fizika elmi sahəsindəki əsərlərini saymaqla qurtaran deyil. Həm də bu əsərlər fizikanın ən yeni-modern sahələrinə aiddir və elə buna görə də Aydın müəllim mürəkkəb fizikanın bir çox istiqamətləri üzrə dünyada tanınmış alim kimi qəbul edilməkdədir.

Aydın Kazımzadə dünyanın elmə söykənən ölkələrində nəşr olunan impakt faktorlu elmi jurnallarda məhsuldar bir alim kimi məqalələr dərc etdirir, bir sıra beynəlxalq elmi konfranslarda öz sözünü deyir. Onun bir sıra dərslik və dərs vəsaitləri, monoqrafiyaları tələbələrin ən çox köməyinə gələn kitablar sırasındadır. 

Aydın Kazımzadənin elmi fəaliyyətinin əsas istiqamətləri sırasına: yarımkeçiricilər fizikası, yarımkeçirici cihazların metal-dielektrik keçidləri, şüalanmanın maddə ilə qarşılıqlı təsiri, axma nəzəriyyəsi, maye-kristallar fizikası, elementar zərrəciklər fizikası və qarşılıqlı təsirlərin birləşdirilməsi daxildir. Ümumiləşdirdiyimiz bu sahələrin hamısı nəzəriyyə ilə praktikanın birgəliyini ifadə edir və yəqin ki, elmi nailiyyət məhz bu aspektdə öz səmərəsini verir. 

Aydın Kazımzadəni AMEA-nın bütün alimləri - xüsusilə fiziklər həmişə hörmətlə qarşılayırlar. O, AMEA-nın müxbir üzvü kimi bu elm müəssisəsi ilə daim yaradıcılıq əlaqəsindədir.

Bakı Dövlət Universitetinin rəhbərliyi bütün əməkdaşları  Aydın müəllimi daim yüksək qiymətləndirir. O, taleyini bağladığı Universitetə, bitirdiyi fakültəyə çox bağlıdır. Fizika fakültəsində kafedra müdiridir, uzun müddət BDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru kimi çalışıb. Bu gün Aydın müəllim BDU rektorunun Elm və təhsil üzrə müşaviri kimi məsuliyyətli bir vəzifədədir.  Rektorumuz Elçin Babayev onun haqqında həmişə hörmətlə danışır. Universitetimizin 100 illik yubileyi ərəfəsində və yubiley təntənələrində həmişə onu rəhbərliyə dəstək olan bir adam kimi gördük.

Aydın Kazımzadə çox sakit və təvazökar insandır. Doğrusu, şəxsən mənim bu alimə olan hörmətimin əsasında ən çox onun sadəliyi və təvazökarlığı dayanır. Bəli, Aydın müəllim çox sakit insandır. Ancaq onun bu sakitliyini M.İbrahimovun  “Azad”  hekayəsindəki  Azadın sükutu ilə müqayisə etmək olar: Azad  Vətən uğrunda mücahidlərlə bir cərgədədir, içi, ürəyi Vətən sevgisi ilə doludur, amma heç vaxt bu barədə danışmır. Lazım gələndə isə hamıdan əvvəl ön cəbhəyə atılır.

Ədəbi tənqidçilər  ürəyi qəhrəmanlıqla döyünən, ancaq zamanına qədər  bunu heç vaxt büruzə verməyən  müsbət obrazları nəzərdə tutan  “Azad sükutu”  kimi bir ifadəni ədəbiyyatşünaslığa gətirmişdilər. Aydın Kazımzadədə  bir  “Azad sükutu”  var. Bu sükutun arxasında ömrünü həsr etdiyi bir Universitetə sonsuz  sevgi  var. O sevgi onun  işində, fəaliyyətində, əməkdaşlara olan münasibətində görünməkdədir. Sakit, amma təlatümlü  bir Universitet  sevgisi. 

Bu çətin karantin günlərində şəhərdən uzaq bir kənddəyəm və birdən yadıma düşdü ki, avqustun 8-i Aydın müəllimin –tələbələrdən tutmuş universitet rəhbərliyindəki hər kəsin böyük hörmət bəslədiyi uca bir alimin, pedaqoqun 70 yaşı tamam olur. Belə insanlar tək bir ailə üçün deyil, bütöv bir millət üçün, xalq üçün doğulur.

Doğum gününüz mübarək, Aydın müəllim!

Cahangir Məmmədli,
Filologiya elmləri doktoru, professor