TƏCİLİ ! - Tariximizin daşla hörülmüş səhifələri tarixə qovuşur – Biganəlik ! 

“Tarixi abidəsinə biganə olan məmur asanlıqla torpaqdan da pay satar”

“Cəlilabad rayonuda qədim tarixi abidə olan “Qazan köşkü”nü darmadağın etdilər”

“Bu məsələdə milli qeyrət olmalıdır! Qeyrət yoxdursa, belə hallar davam edəcək”


Qaxın İlisu kəndində tarixi abidələr məhv olmaq üzrədir. Aidiyyəti qurumların diqqətsizliyi və məsuliyyətsizliyi ucbatından Azərbaycan tarixinin daşla hörülmüş səhifələri cırılıb atılır. İlusuda olan tarixi abidələrin durumu həqiqətən də ürəkağrıdıcıdır. Yüz illərin sınağından çıxmış abidlərin biganəlik, işbilməzlik və sevgisizlik səbəbindən üz qaraldan yox oluşuna şahid oluruq. 
İlisunu əhatə edən dağların üstündə yerləşən “Şeyx Şamil”qalası, “Qala kompleksi”  və“Ulu Məscid” tam dağılmaq üzrədir. Onlar guya maraqlı tarixi memarlıq abidələri kimi qorunur. Amma bu “qoruma” yalnız sözdədir. Mədəniyyət Nazirliyi (MN) tərəfindən abidələrin üzərinə vurulan hər hansı bir lövhəyə rast gəlinmir. Bilmək olmur ki, nazirlik bu lövhəni əziyyət çəkib gətirib vurmayıb, yoxsa həmin lövhə də abidələrin uçan divarları ilə birlikdə tarixə qovuşub.
Bəs illərin sınağından çıxmış tarixi abidələrimizə qarşı etinasızlığını səbəbi nədir? 

Qaxdakı incilərimizin məhvinə dair təəsüratlarını “Sherg.az”la bölüşən tarixçi-alim Dilavər Əzimli bildirib ki, tarixi abidələr onun ən yaralı yeridir:

“Nə qədər biganəlik olar? Biz nə qədər yazırıq, yenə də abır-həya yoxdur. Bilirsiniz niyə? Çünki rayonlarda olan məmurlar başqa meyarlarla təyin olunurlar. Onları yalnız pul, varlanmaq düşündürür. Təsəvvür edin, tarixi abidəsinə biganə olan məmur asanlıqla torpaqdan da pay satar. Necə ki, satıblar. SSRİ dönəmində ermənilər bizim bu mentaliteti yaxşı biliblər.



Məsələn, Ermənistanla sərhəd ərazilərdəki rayonlarımızdan hansısa məmurun övladı Ermənistanda elmi iş müdafiə edəndə, ermənilər bildirirdilər ki, “bizə filan yerdən filan qədər torpaq ayırtdır, övladın da asanlıqla elmi işini müdafiə etsin”. Məmurlarımız da buna gedirdilər.

Bu cür düşüncəyə sahib olanları hansı tarixi abidə düşündürə bilər ki? Qax rayonun İlisu kəndinə getsəniz, orada qiyməti milyonlarla ölçülən evlər var. Amma bu ev sahiblərinin yadına tarixi abidə düşürmü?

Həmin kənddə Qax rayon İcra Hakimiyyəti məmurlarının bahalı evləri yoxdurmu? Əlbəttə, var! Gedək onların evlərini uçuraq, dərhal üstümüzə polis tökəcəklər. Deyəcəklər ki, mənim namusuma təcavüz edirsən. Amma abidənin dağılmasına göz yumurlar”.

Tarixi abidlərin namus meyarı olduğunu deyən D.Əzimli vurğulayıb ki, bu abidələr  babalarımızdan bizə qalan namusdur:

“Namusu beləmi qoruyarlar? Guya başqa abidlərimiz yaxşı gündədir. Bu günlərdə Cəlilabad rayonuda qədim tarixi abidə olan “Qazan köşkü”nü darmadağın etdilər. Mədəniyyət Nazirliyindən kimsənin səsi çıxmadı. Onlardan bir soruşun ki, on il bundan qabaq Azərbaycanda nə qədər dünya əhəmiyyətli tarixi abidə var idi və indi nə qədəri qalıb? 

Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin İlisudakı abidəyə necə münasibət göstərməyinin şahidi olmuşam. Bu adam milyonlarla ölçülən villaya sahibdir, amma bir tarixi abidəni təmir etdirməyə hünəri çatmayıb. Belə naziri olan millətin tarixi abidləri dağılar”.

Tarixçi İçərişəhərə gedəndə göz yaşını saxlaya bilmədiyini deyib:

“İçərişəhər dağıdılıb yoxa çıxır. Kim dağdır? Harın məmurlar, vəhşiləşmiş oliqarxlar. Qax rayonu strateji ərazidə yerləşir. Gürcülər öz dərs kitablarında onu Gürcüstan ərazisi kimi təqdim edirlər. Bu rayonda olan məmurlar bunu bilmirlərmi? Bilirlər. Amma nə fayda? Hələ SSRİ dönəmindən Qax rayonunda gürcü şəbəkəsi fəal olub.

Yəqin ki, indi də fəaldır. Balakən rayonunda dostumuz Akif Məmmədli uzun illərdir ki, bu abidləri aşkara çıxarır, onların bərpası üçün haray-həşir salır. Ona kömək etmək əvəzinə, mane olurlar. Hətta yaratdığı ev muzeyini də əlindən almaq istədilər. Mədəniyyət Nazirliyi də bu işdə iştirak edirdi. Amma Akif Məmmədli itib-batmış abidələri dağılmaqdan xilas etmək üçün bütün gücünü işə salıb. Tək döyüşür, hədələrə məruz qalır”.

D.Əzimlinin sözlərinə görə, Qax, Balakən, Zaqatala. Şəki rayonlarında minlərlə tarixi abidə var:

“Bu ərazilər ən qədim dövrlərdən indiyə kimi tariximizi əks etdirən tarixi abidələr yurdudur. Qədim Alban abidələri ilə zəngindir bu diyar. “Şeyx Şamil qalası” və “Qala kompleksi”nin ağır durumunu görüb pis oldum. Şeyx Şamil sağ olsaydı, tüpürərdi bizim məmurların sifətinə. Bu məmurların fəaliyyəti idi ki, Hacı Muradın sümüklərini oğurlayıb Dağıstana apardılar.

Əlbəttə, tarixi abidələrin bu günə düşməsində ən böyük məsuliyyəti Mədəniyyət Nazirliyi və onun nəzdində olan qurumlar daşıyır. Bəlkə buna da ölkə başçısı nəzarət etməlidir? Bəs, bu nazirliklər, rayonda çalışan məmurlar nəyə lazımdır? Tarixi abidə məsələsində milli qeyrət olmalıdır! Qeyrət yoxdursa, təbii ki, belə hallar davam edəcək.

Əminəm ki, İlisudakı tarixi abidələrimizlə bağlı bu durum ölkə başçısının da diqqətini cəlb edəcək. Fikrimcə, maskalı oğlanları rayonlara daha çox göndərmək lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu