İndi vəziyyət dəyişib !-  "Ölkəmizdə kifayət qədər düzgün addımlar atılır"


Akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov verdiyi açıqlama ilə yenidən gündəmə gəlib. Millət vəkili bildirib ki, guya Ramiz Mehdiyev dəvət zəngi zamanı Prezident İlham Əliyevin adını çəkdiyi üçün toyda iştirak təklifini tərəddüdsüz qəbul edib. Nəticədə sözügedən mərasimə ailəlikcə qatılıb. Toyda iştirakına görə “təəssüfləndiyini” deyən S.Novruzovun sözlərinə görə, bir gün sonra məlum olub ki, onu toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən R.Mehdiyev səhv məlumat verib:
“Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmayıb və bizi aldadıblar”.

Qeyd edək ki, cəmiyyətdə ikrah doğuran bu açıqlamadan sonra  S.Novruzov Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən istefa verib. 

Vəziyyəti “Sherg.az”a şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bunun çox gülməli açıqlama olduğunu diqqətə çatdırıb: 

“Özləri parlamentdə qərar qəbul ediblər ki, koronavirusla əlaqədar kütləvi tədbir keçirilməməlidir. Tam əminəm ki, Prezident bilsəydi, icazə verməzdi”.

ADP sədri vurğulayıb ki, son 30 ildə Azərbaycanda bütün neqativ hallar Rusiyanın tapşırığı ilə R.Mehdiyev tərəfindən həyata keçirilib:

“İqtidarla-muxalifət arasında düşmənçilik münasibətlərinin yaradılması, siyasi müxalif liderlərin həbs edilməsi, Avropa ölkələri ilə Prezident arasında neqativ münasibətlərin formalaşdırılması R.Mehdiyevin rəhbərliyi ilə həyata keçirilib. İndi R.Mehdiyevi neytrallaşdırmağa çalışırlar. Hakimiyyət istəyir ki,  Azərbaycanda yeni siyasi münasibətlər yaradılsın. Bu zaman kimlərsə R.Mehdiyevin ətrafında birləşib, Prezidentin iradəsinə zidd olaraq güc mərkəzi yaratmaq istəyirsə, ölkə başçısı onların hər biri cəzalandırmalıdı. Kimsə islahatların əleyhinə olan qüvvələrlə birləşəcəksə, nəyə görə hakimiyyətdən bəhrələnməlidir?”.

Partiya sədri S. Novruzovun istefasına da münasibət bildirib:

“Prezidentin siyasi xəttinə zidd olan adamlar onun partiyasında necə ola bilər? Ya R.Mehdiyevin, ya da İlham Əliyevin yanında durmalısan. Bunu gizlətmək lazım deyil. R.Mehdiyevin Prezidentlə xeyli vaxtdır ki, yolları ayrılıb.

İndi R.Mehdiyevin tərəfdarları Prezidentə qarşı güc mərkəzi yaratmaq istəyirlər. Artıq Azərbaycanda siyasi istiqamətin dəyişilməsində ciddi proses gedir.

R.Mehdiyev Azərbaycanda Rusiya və Ermənistanın maraqlarını təmsil edən güclərin rəhbəridir. İndiyə qədər Azərbaycanda Rusiyanın tapşırığı ilə aparılan bütün siyasət, Azərbaycanın inkişafdan saxlanması, ölkəmizin iqtisadiyyatının dağıdılması R.Mehdiyevin rəhbərliyi altında həyata keçirilib. Bunların hamısını R.Mehdiyev həyata keçirib. R.Mehdiyev Prezidentin xalqın xeyri üçün verdiyi sərəncamların icrasına mane olub.

Məqsəd Prezidentlə-xalq arasında düşmənçilik yaratmaq və Prezidenti rusiyapərəsət qüvvələrin köməyinə möhtac etməkdir. İndi situasiya dəyişib. Ölkəmizdə kifayət qədər düzgün addımlar atılır. Belə vəziyyətdə kimsə gedib R.Mehdiyevlə yaxınlıq yaratmaq istəyirsə, o deməkdir ki, açıq şəkildə Prezidentin əleyhinə olan qüvvələrdir. Ona görə də onlar ölkə başçısı ilə eyni partiyada ola bilməzlər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu