- “İran Prezidenti Zəngəzur dəhlizinin İran üçün təhlükə olmadığını açıq şəkildə bildirdi”
Azərbaycan-İran münasibətlərində son dövrlərdə qarşılıqlı təmasların intensivləşməsi diqqət çəkir. Xüsusilə 2024-cü ildən etibarən iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi və müxtəlif səviyyələrdə görüşlərin keçirilməsi münasibətlərdə müəyyən yumşalmanın müşahidə olunmasına səbəb olub. Bu proses İranın qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq siyasəti fonunda baş verib. Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında son telefon danışığı da bu baxımdan diqqət çəkən məqamlardan biridir. Dövlət başçısı iranlı həmkarını ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb. Telefon danışığı zamanı liderlər Bişkekdə keçirilmiş son görüşü və həmin görüşdə müzakirə olunan məsələləri də məmnunluqla xatırlayıblar.
Hazırda Azərbaycan hökumətinin nümayəndə heyətinin İranda səfərdə olması və ikitərəfli münasibətlərin gündəliyində duran məsələlərin müzakirə edilməsi də Bakı ilə Tehran arasında siyasi dialoqun davam etdiyini göstərir. Bununla yanaşı, iki ölkə arasında münasibətlərdə həllini gözləyən bir sıra məsələlər də mövcuddur. İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar, Azərbaycanın bu sanksiyalara münasibəti, nəqliyyat və kommunikasiya layihələri, o cümlədən Araz çayı üzərindən keçən ikinci yol və sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması kimi məsələlər tərəflərin gündəliyində yer ala bilər.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Sherg.az-a söyləyib ki, Azərbaycanla İran arasında elə də böyük yaxınlaşma müşahidə olunmur:

“ Sadəcə olaraq, ölkələrarası münasibətlər iki il əvvəl necə idisə, bu gün də həmin şəkildə davam edir. 2024-cü ilin mayından sonra Azərbaycanla İran arasında münasibətlərdə müəyyən istiləşmə baş verdi. Daha doğrusu, bu proses 2024-cü ildən etibarən İranın qonşu və müsəlman ölkələrinə münasibətini dəyişməsi fonunda başladı. İran hakimiyyəti qonşularla və müsəlman ölkələri ilə xoşməramlı münasibətlər qurmağa, düşmənçilik və gərginlikdən uzaq durmağa qərar verdi. Bu siyasət müsəlman ölkələri ilə əlaqələrin yaxşılaşdırılması istiqamətində atılan addımlarda da özünü göstərdi. Məsələn, İran Səudiyyə Ərəbistanı ilə münasibətlərini dərinləşdirdi və qarşılıqlı əməkdaşlığı genişləndirdi. Həmin dövrdə Azərbaycan-İran münasibətlərində də müəyyən müsbət inkişaflar baş verdi. Prezident İbrahim Rəisinin helikopter qəzası nəticəsində həlak olmasından sonra İranda hökümət dəyişdi və Məsud Pezeşkian prezident seçildi. Məsud Pezeşkianın fərdi keyfiyyətləri onu mühafizəkar və ya dindar kəsimin nümayəndəsi kimi xarakterizə etməyə əsas vermir. O, daha çox texnokrat siyasətçi kimi tanınır. Pezeşkian parlamentdə olduğu dövrdə hökuməti sosial məsələlər və ölkədəki problemlərlə bağlı daim tənqid edib”.
Analitik qeyd edib ki, Pezeşkianın prezident seçilməsi Azərbaycan-İran münasibətlərində müəyyən səmimiyyət yaratdı:
“Bu, əsasən Pezeşkianın Azərbaycan türkcəsinə, Azərbaycan türklərinə və Azərbaycana olan xoşməramlı münasibətindən irəli gəlirdi. Həmçinin Pezeşkian əvvəlki prezidentlərdən fərqli olaraq, Azərbaycanla İran münasibətlərinin yaxşılaşdırılması istiqamətində çalışacağına dair mesajlar verib. Bunu təsdiqləyən bir sıra məqamlar da var. Məsələn, Zəngəzur dəhlizinə qarşı Xamenei və digər dövlət rəsmiləri çıxış etdiyi halda, Pezeşkian açıq şəkildə bildirdi ki, bu dəhlizin İranın təhlükəsizliyinə və müstəqilliyinə heç bir zərəri yoxdur. O, həmçinin bu layihənin Ermənistanın ərazi bütövlüyünə təhdid yaratmadığını vurğuladı. Eyni zamanda Azərbaycana qarşı SEPAH-ın qarayaxma kampaniyası aparıldığı zaman Pezeşkian bildirdi ki, Azərbaycan ərazisindən İrana heç bir təyyarə uçmur və heç bir raket atılmır. O, bu tip ittihamların əsassız olduğunu qeyd etdi. İsraillə müharibə dövründə Azərbaycanın İrana humanitar yardım göstərən ölkələrdən biri olması da İran prezidenti tərəfindən yüksək qiymətləndirildi”.
S.Soltan bildirib ki, Bişkekdə keçirilən görüşlər və prezidentlər arasında baş tutan telefon danışıqları deməyə əsas verir ki, Azərbaycanla İran arasında yaranan problemlər danışıqlar yolu ilə həll oluna bilər və İran hakimiyyəti buna hazırdır:
“Əvvəllər İran hakimiyyəti problemləri xarici işlər naziri və ya digər nazirlər vasitəsilə həll edirdisə, indi İran hökumətinin başçısı ilə Azərbaycan dövlətinin başçısı bu məsələləri birbaşa telefon danışığı yolu ilə müzakirə edirlər. Sonuncu telefon danışığı da Azərbaycan prezidentinin Məsud Pezeşkiyana göstərdiyi diqqətin göstəricisidir. Məsud Pezeşkiyan 1954-cü il sentyabrın 29-da, indiki Güney Azərbaycanda anadan olub. Onun oğlu Yusif Pezeşkiyanın çıxışlarında da azərbaycanlı kimliyi özünü göstərir. Qızı Zəhra xanım isə müxtəlif tədbirlərdə Azərbaycan türkcəsində şeir söyləməklə türk olduqlarını gizlətmir. Türk olduqlarını gizlətməmələri bu ailənin diqqətçəkən xüsusiyyətlərindən biridir. İranda hakimiyyətdə olan türklər az deyil. Lakin Məsud Pezeşkiyan türk kimliyini açıq şəkildə ifadə edir və bu xüsusiyyəti Azərbaycanda ona qarşı müəyyən simpatiya yaradır. Prezidentlər arasında keçiriləcək görüşdə İrana tətbiq olunan sanksiyalar, Azərbaycanın bu sanksiyalara münasibəti və ikitərəfli ticarət əlaqələri əsas müzakirə mövzuları ola bilər.Bundan əlavə, Azərbaycanla İran arasında Araz çayı üzərindən keçən ikinci yolun və keçidin açılması məsələsi də gündəmə gətirilə bilər”.