“AZAL-ın menecmentinin gücləndirilməsinə ehtiyac var"

Vüqar Bayramov: “Təklif edirik ki, AZAL-ın indiki səhmlərinin 49 faiz özəlləşdirilməsi həyata keçirilsin”



"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tərkibində olan Aviasiya Təhlükəsizlik İdarəsi və beynəlxalq hava limanlarının rəhbərliyi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və bir sıra digər ölkələrin aviasiya hakimiyyəti orqanlarının nümayəndələri sərnişin daşımaları üzrə daha sıx əməkdaşlıq üçün danışıqlar aparır”.

Bu barədə şirkətin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycanın regionlarından digər ölkələrin məşhur istiqamətlərinə reyslərin həyata keçirilməsi məsələsi gündəlikdədir: "Xüsusilə də, İstanbuldan Qəbələ və Lənkəran hava limanlarına türk aviaşirkətləri "Pegasus” və "Atlasjet” tərəfindən uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunur. Həmçinin "Air Arabia” büdcə aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin böyüklüyünə görə üçüncü şəhəri - Şarjadan Bakı, Qəbələ və Azərbaycanın digər regionlarına birbaşa reyslər aça bilər”.

Məsələni şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə açıqlamasında qeyd edib ki, bütün bunlar AZAL-da təyyarə biletlərinin qiymətinin yüksək olması ilə əlaqəlidir: "Hətta dövlət başçısı İlham Əliyev də bunu problem kimi göstərmişdi. AZAL dövlətdən ucuz və güzəştli qiymətə yanacaq alır. Bu şirkətin təyyarələri dövlət büdcəsi hesabına alınır. Hazırda istifadə edilən hava limanı dövlət büdcəsi hesabına inşa olunub. Belə olan halda qiymətlər aşağı olmalıdır. Təəssüf ki, qiymətlər yüksəkdir. Bu da şirkətin xarici şəhərlərə uçuşlarının azalmasına gətirib çıxardıb. Əlbəttə, birmənalı şəkildə demək olar ki, indiki məqamda vətəndaşlarımız digər aviaşirkətin xidmətlərindən istifadə etmək barədə düşünürlər. Və bu da xarici şirkətlərin sayının artmasına səbəb olur”.

Ekspert qeyd edib ki, AZAL-ın menecmentinin gücləndirilməsinə ehtiyac var: "Nəzərə alsaq ki, ölkə Prezidenti özəlləşmə prosesinə başlamaqla bağlı tapşırıqlar verib. Təklif edirik ki, AZAL-ın indiki səhmlərinin 49 faiz özəlləşdirilməsi həyata keçirilsin. Çünki bu imkan verəcək ki, şirkətin xərcləri azalsın. Digər yandan qurumda korporativ idarəetmə mexanizmi qurulsun. Şirkətin idarə edilməsi daha çevik olsun. Əlbəttə, çevik idarəetmə və xərclərin azaldılması imkan verəcək ki,

biletlər daha ucuz qiymətə təklif edilsin. Bu baxımdan hesab edirəm ki, AZAL-da biletlərin ucuzlaşması qeyd etdiyim islahatların həyata keçirilməsindən sonra mümkün ola bilər. Belə olan təqdirdə vətəndaşlarımız digər şirkətlərdən deyil, AZAL-dan istifadə edəcəklər. Valyuta da ölkədən çıxmayacaq və xərclənən valyuta gəlirlər yerli şirkətimizdə qalacaq”.

Ayyət Əhməd