“Azərbaycan və Türkiyə Mehri yolu ilə birləşməlidir”- Geosiyasi vəziyyət dəyişir


Cəbhədən gələn şad xəbərlər, ordumuzun əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, tarixi qələbə uzaqda deyil. Biz otuz ildən sonra, nəhayət ki, Qarabağa qovuşacağıq. Buna daha heç kimin şübhəsi yoxdur. Və  Azərbaycanın bu qalibiyyəti həm də bir sıra geosiyasi məqamlarla nəticələnəcək. Təkcə region yox, dünya dəyişəcək.

İlk növbədə ermənilər kim olduqlarını başa düşəcəklər. İkinci bir tərəfdən isə onlara qucaq açan havadarları yanıldıqlarını anlayacaq. Və dünya güclərinin maraqlarında indi başqa prioritetlər, məsələlər dayanacaq. Elə isə tarixi ədalətin, haqqın diktəsi ilə türklərin dəyişdirdiyi dünya, geosiyasət necə olacaq?

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu barədə fikirlərini “Sherg.az”a bildirib. O, məsələnin ən yaxın müddətdə həllini tapacağını düşünr:

“Hərbi əməliyyatların uzun müddət davam edəcəyini düşünmürəm. Belə bir ehtimal yoxdur. Əksinə, müharibə yaxın vaxtda sona çatacaq. Biz otuz günə 4 şəhəri, 3 qəsəbəni, 162 kəndi azad etdik. Və müddət ərzində düşmənə texnika, şəxsi heyət baxımından xeyli itki verdik. Deməli, qarşı tərəfin gücü artıq tükənir. İşğalçını seperat sülhə məcbur edə bilərik. Hərçənd, bununla razılaşacağına inanmıram. Onlar elə millətdirlər ki, son adamları ölənədək vuruşacaqlar. Hələ bir də gördüz, yüz il sonra “soyqırım” qeyd etdilər. Amma dediyim kimi, haqlı mübarizəmizin qalibiyyətlə başa çatmasına az qalıb”.

Ə. Əlibəyli, həmçinin müharibədən sonrakı dövr haqqında da danışıb:

“Ermənistana təklif etmək lazımdır ki, Mehridən iqtisadi dəhliz açsın. Beləliklə, Naxçıvan Azərbaycanla birləşdirilməlidir. Bu həm də Rusiyanın, Türkiyənin, hətta uzaq Çinin marağındadır. Təkrarlayıram, hazırkı proseslər situativ xarakter daşıyır və yaxın zamanda bitəcək. Azərbaycan ərazi bütövlüyünü təmin edəcək. Ermənistanda hakimiyyətə kim gəlsə onun bircə xilas yolu var- qonşu ölkələrlə inteqrasiya və iqtisadi dəhlizin açılması. Əks halda biz Mehrini fiziki olaraq özümüzə birləşdirmək hüququmuzdan yararlana bilərik. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti ona xeyli iqtisadi ziyanlar vurub. Amma biz də iqtisadi zərərlərin qarşısını almağa çalışmalıyıq. Zəngilanla Türkiyə arasındakı sərhəd 187 kilometrdir. Mehri dəhlizinin eni 33 kilometrdir. Bakı-Tblisi-Ceyhan kəmərinin uzunluğu 1768 kilometrdir. Əgər torpaqlarımız azad olunsa, bu sərhəddin uzunluğu cəmi 200 kilometr ola bilər. İndilik isə mütləq  Azərbaycan, Türkiyə və Naxçıvan iqtisadi cəhətdən birləşməlidir”

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu