İddia qaldırıb qazanmalıyıq

26 il bizə məxsus ərazilərdə qanunsuz hasilat işləri aparılıb

"Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki bütün qızıl yataqlarında və digər qiymətli metal mədənlərində yeganə söz sahibidir"


İşğaldan azad edilmiş ərazilərimizdə yerləşən qiymətli metal yataqlarının işlənməsi məsələsi Ermənistanın da diqqət mərkəzindədir. Ermənilər 30 ilə yaxın müddətdə istismar edərək milyardlarla dollar qazandıqları yataqların aqibətini həssaslıqla izləyirlər. Bir neçə gün əvvəl “Gpartners” hüquq firmasının nümayəndəsi Sarkis Qriqoryan maraqlı açıqlama ilə çıxış edib.

O, iddia edib ki, yanvarın sonlarında Azərbaycan hökuməti ilə Böyük Britaniyanın “Anglo Asian Mining plc” şirkəti arasında “Söyüdlü” (Zod), “Vejnəli” (Zəngilan) və “Qızılbulaq” (Kaşen, Ağdərə) qiymətli metal yataqlarında istismara başlanması barədə razılaşma əldə olunub. Qriqoryan deyib ki, müharibəyə qədər bu yataqlar “GeoProMining Gold” və “Vallex Group” şirkətləri tərəfindən istismar olunub. Həmin şirkətlər bu yataqların işlənməsinə 250 milyon dollara qədər investisiya yatırıblar. Lakin həmin şirkət hazırda burada heç bir iş aparmır, çünki yatağın 75 faizindən çoxu Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir. Rusiya mənşəli bu şirkətin cəmi iki ölkədə aktivləri var - Rusiya və Ermənistanda. Deyilənə görə, Zod yatağının ehtiyatlarının həcmi 74,7 ton qızıl təşkil edir ki, bu da 4,4 milyard dollar deməkdir. Erməni hüquqşünası beynəlxalq təşkilatlar vasitəsi ilə Azərbaycana dava açmaq, kompensasiya tələb etmək kimi sərsəm ifadələr də səsləndirib: “Niyə Ermənistan hökuməti Qafqazın ən böyük qızıl mədəni ilə bağlı məsələdə fəaliyyətsizlik göstərir? Ermənistan hökuməti niyə Azərbaycan qarşısında kompensasiya tələbi qaldırmır?”. Məlumat üçün bildirək ki, erməni hüquqşünasın həyasızlıqla kompensasiya tələb etdiyi yataqlardan ikisi - “Vejnəli” və “Qızılbulaq” yataqları bütünlüklə Azərbaycan ərazisində yerləşir. Sonuncu yataq mis-qızıl ehtiyatlarına görə hətta “Söyüdlü”dən böyük hesab olunur. Hazırda onun yerləşdiyi əraziyə  Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 



Yataqlarla bağlı qeyri-müəyyənliyi “Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki bütün qızıl yataqlarında və digər qiymətli metal mədənlərində yeganə söz sahibidir. Ekspert hesab edir ki, işğal edilmiş ərazilərimizdə uzun illər qeyri-qanuni fəaliyyət icra edilməsi, mədənlərin istismarı Azərbaycanın həmin şirkətlərə qarşı iddia ilə çıxış etməsinə imkan yaradır:

“İndi sərhədlərin dəqiqləşdirilməsi, demarkasiyası prosesi gedir. Proses yekunlaşandan sonra hansısa birgə müəssisələrin, xarici şirkətlərin iştirakı ilə mədənlərin ortaq işlədilməsi mümkündür. Hətta qanuni olaraq müəyyən hissəsi Ermənistan sərhədləri daxilində qalan mədənlərin də birgə fəaliyyətini təşkil etmək olar.

Amma bir şərtlə ki, bugünədək torpaqlarımızda fəaliyyət göstərən beynəlxalq şirkətlərlə bağlı Azərbaycan tərəfinin iddiaları təmin edilsin. 25-26 il bizə məxsus ərazilərdə qanunsuz hasilat işləri aparılıb.

Dövlətlərə qarşı hüquqi iddialar daha ağır prosedur qaydalardan keçir, ancaq özəl şirkətlərə qarşı iddialarda tez nəticə əldə etmək mümkündür. Əslində şirkətlərin də marağında olar ki, ağır cərimələrə, sanksiyalara məruz qalmamaq üçün rəsmi Bakı ilə anlaşma əldə etsinlər. Fikrimcə, sərhəd zolağının təhlükəsizliyi təmin edildikdən sonra yataqlarla bağlı problem həllini tapacaq”.