Rəsmi Bakı sərt reaksiya verməlidir !- “Rus sülhməramlılardan tələb etməliyik ki...”

Ermənistan parlamentinin deputatı Taqui Tovmasyan bir neçə gün əvvəl iki deputat - Sofiya Ovsepyan və Anna Qriqoryan ilə birgə Qarabağa səfər etdiklərini və separatçılarla görüş keçirdiklərini deyib. Bildirib ki, Ermənistan parlamentində “artsax” deputatlar qrupu yaradılıb və orada təmsil olunan erməni deputatlar Xankəndindəki separatçılarla daim əlaqədə olurlar.

Azərbaycan ictimaiyyətində ən ciddi narahatlıq və etiraz doğuran məsələdən biri də həm xaricilərin, həm ermənilərin rahat şəkildə Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizindən istifadə edərək Qarabağa gəlməsi və orada separatçılarla təmasda olmasıdır. Hökumətin sərt bəyanatından sonra Rusiya sülhməramlılar xaricilərin Qarabağa qanunsuz səfərlərinə imkan vermədiyini deyir. Amma görünür, bir müddət ara sakitləşən kimi Laçın dəhlizində nəzarət yenidən “yumşalır”. 

Politoloq Samir Əsədli “Sherg.az”a bildirib ki, Ermənistandan Azərbaycan ərazisinə qanunsuz səfərlər, xüsusilə də bu səfərlərdə separatçılarla görüşlər yolverilməzdir. 

Ekspertin sözlərinə görə, bu kimi hallar problemin birdəfəlik həllinə qarşı olan addımlardır: 

“Ermənistanda müəyyən bir qrup torpaq iddialarını kənara qoyub Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Koçaryan-Sarkisyan cütlüyü və onların dəstəkçiləri isə erməni xalqını yenidən fəlakətə sürükləməkdə israrlıdır. Bu məsələdə qəti həlledici sözü erməni xalqı deməlidir. Ermənilər 44 günlük müharibənin ağır məğlubiyyətindən və Ermənistanın regionun bütün iqtisadi layihələrindən kənarda qalaraq səfil duruma düşməsindən ibrət götürməlidir. Qərar verməlidirlər ki, xəstə təxəyyülün ardınca gedib bir xalq olaraq məhv olmaq istəyirlər, yoxsa Qafqazda normal qonşuluq münasibətləri ilə yaşayıb əsl dövlətə sahib olmağa üstünlük verirlər”. 

Analitik bildirib ki, Ermənistan parlamentində “artsax” deputatlar qrupunun yaradılması xəstə təxəyyülun məhsuludur: 

“Bütün bunlarla yanaşı, rəsmi Bakı bu kimi olaylara sərt reaksiya verməlidir. Laçın dəhlizinə nəzarət edən sülhməramlılardan durumu gərginləşdirəcək belə səfərlərə imkan yaratmamağı tələb etməliyik. Diplomatik bəyanatların keçərsiz olduğu halda Azərbaycan tərəfinin öz haqqını bərpa etmə yollarını dünya bir dəfə görüb. Sülhməramlılar bölgədə yeni müharibə istəmirlərsə, öz missiyasını düzgün yerinə yetirsinlər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu