Ruslar Xankəndidə məskən salırlar

Qarabağda baş verənlər 10 noyabr üçtərəfli anlaşmasının kobud şəkildə pozulması deməkdir

"Bu, indiki dövr üçün adi hal kimi görünsə də, gələcəkdə ciddi fəsadları ola bilər. Azərbaycan tərəfi bu kimi addımlara lazımi reaksiyanı verməlidir"


Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Xankəndinə gəlib. General Xankəndidə sülhməramlılar üçün 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib. O, sülhməramlılar üçün mobil şəhərciklərin 5 apreldən gec olmayaraq istifadəyə veriləcəyini bildirib. Bulqakov aprelin sonuna qədər rus sülhməramlıları üçün mobil hospitalın açılacağını da söyləyib: “Hazırda Dağlıq Qarabağda sülhməramlılar üçün 25 hərbi şəhərciyin inşası və istifadəyə verilməsi işləri gedir.

Apreldə hamısı istifadəyə veriləcək”. Sirr deyil ki, Qarabağdakı Rusiya sülhməramlılarının əksər davranışı Azərbaycan ictimaiyyətində narazılıq və narahatlıq yaradır. Sülhməramlıların sadəcə Qarabağa qanunsuz gediş-gəlişə imkan vermələri, erməni separatçılarına qol-qanad açması deyil, həm də torpaqlarımızda kök salırmış kimi uzunmüddətli perioda hesablanmış tikililər inşa etməsi, rahatlıqları üçün infrastruktur qurmaları haqlı olaraq təşvişə və etiraza səbəb olur. Ekspertlər isə hesab edirlər ki, Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəlməzdən öncə Bakıya gəlməli, azərbaycanlı həmkarıyla görüşməli və Qarabağa səfərin məqsədini bəyan etməli idi. İzah olunmalıydı ki, 10 noyabr bəyanatına əsasən, rus sülhməramlıların sayı 1960 nəfər göstərildiyi halda, hərbi şəhərciklərin sayı niyə durmadan artmaqdadır. 

Narazılıq doğuran məqamla bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, son vaxtlar Qarabağın dağlıq bölgəsində baş verənlər həm Ermənistan, həm də Rusiya tərəfindən 10 noyabr üçtərəfli anlaşmasının kobud şəkildə pozulması deməkdir. Siyasi şərhçinin fikrincə, Ermənistan separatçı rejimlə əlaqələrini saxlamaqla, Rusiya isə Laçın koridorundan qanunsuz gediş-gəlişə imkan yaratmaqla sazişin şərtlərini pozur:

“Azərbaycan ordusunun döyüşlə azad etdiyi və sonradan boşaldılan bölgələrdən başqa, Xankəndi, Əsgəran, Xocalı və digər ərazilər də Azərbaycan Respublikasının qanuni ərazisidir. Burada dövlətimizin suveren hüquqları bərpa olunmalıdır. Əfsuslar olsun ki, Rusiya sülhməramlıları öz hərəkətləri ilə bu prinsipləri ayaqlar altına alır. Bölgədə rus hərbi birləşmələrinin yerləşməsinə ilk gündən etirazlar edilir. Çünki rus silahlılarının say tərkibi və forması sülhməramlı missiyasından kənara çıxıb”. 

Analitik vurğulayıb ki, ümumiyyətlə, Rusiyanın imperiya maraqları hamımıza bəllidir:

“Moskvanın Abxaziya və Krımda heç bir beynəlxalq normalara sığmayan hərəkətləri uzaq tarixdə baş verməyib. Kreml rus əsgərinin ayağı dəyən yeri “özününküləşdirmək” siyasətindən əl çəkmir.

Ona görə Qarabağda rus hərbçilərinin sayının artırılmasına və onların qalıcı niyyətindən irəli gələn addımlarına ciddi yanaşılmalıdır. Bu, indiki dövr üçün adi hal kimi görünsə də, gələcəkdə ciddi fəsadları ola bilər.

Azərbaycan tərəfi bu kimi addımlara lazımi reaksiyanı verməli və sülhməramlılardan dövlətimizin suveren hüquqlarının bərpa olunması üçün fəaliyyət tələb etməlidir”.