Bir regionun siyasi və iqtisadi lideriyik

Paşinyan bunların fərqindədir və yürütdüyü siyasət sadalanan reallıqlardan irəli gəlir

Erməni xalqı varlığını itirmək istəmirsə, Türkiyə və Azərbaycanla münasibətlərini yoluna qoymalıdır


Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan ölkəsində baş verən proseslərdən danışarkən Paşinyan hakimiyyətinin yürütdüyü siyasətin ermənilər üçün təhlükələrindən söz açıb. Son prosesləri şərh edən Abovyan bildirib ki, Azərbaycan artıq nümayiş etdirdi ki, Ermənistanın cənub hissəsini ölkənin digər əraziləri ilə ayırmaq imkanına malikdir. Onun sözlərinə görə, rəsmi Bakı İran-Ermənistan logistik əlaqələrini də bağlamağa qadir olduğunu sübuta yetirdi. Abovyanın iddiasına görə, Ermənistan hakimiyyəti böyük ehtimalla Ermənistanın şimalını Gürcüstanla birləşdirən dövlətlərarası avtomobil yolunun bir hissəsini də ilin sonuna qədər Azərbaycanın nəzarətinə verəcək:

“İndi təsəvvür edin ki, Türkiyə-Azərbaycan qoşunları eyni vaxtda respublikanın İrana və Gürcüstana yollarını bağlamaq qərarına gələndə nə baş verəcək. Beləliklə görünən odur ki, hazırkı hakimiyyət ölkəni parçalamağa və məhv olmağa sürükləyir. Ermənistan hakimiyyəti bizi Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına hazırlayır. Lakin Türkiyənin Ermənistanla sərhədləri açmağa hansı şərtlərlə razı olacağı haqda heç bir məlumat verilmir və bu, gizli saxlanılır”. Abovyanın fikrində həqiqət odur ki, Azərbaycan güclü tərəfdir və lazım olanda öz qəti və sərt mövqeyini ortaya qoyur. Ancaq bir sıra ekspertlərə görə, məhz indiki məqamda erməni müxalifətinin və ölkədəki müəyyən qruplaşmaların Paşinyan hökumətinə qarşı bu cür ittihamlar səsləndirməsi təsadüfi deyil. Məsələ ondadır ki, Paşinyan hökuməti regional kommunikasiyaların açılmasından bəhs etdikcə, Türkiyə ilə normal münasibət qurmaqdan danışdıqca, ictimaiyyətə “xain, erməni düşməni” kimi təqdim olunur. Amma sirr deyil ki, müəyyən qruplaşmaları çıxmaqla erməni cəmiyyəti Paşinyanın sağlam və real mövqeyini, müharibəsiz inkişaf dövrünü daha çox dəstəkləyir. 
 
Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli “Şərq”ə açıqlamasında vurğulayıb ki, 44 günlük müharibədən və möhtəşəm Zəfərdən sonra təkcə hərbi mövqelər deyil, həm də geopolitik durum və xalqların baxış dərəcəsi dəyişib. Partiya rəsmisinin sözlərinə görə, Azərbaycan xalqı qalib statusundadır:

“Bundan sonra regionla bağlı geopolitik planlarda bu məqam əsas götürülür. Ermənistan cəmiyyətinin ağlı başında olan, mövcud situasiyanı düzgün qiymətləndirən kəsimi reallığı qəbul edir və mövqeyini buna görə müəyyənləşdirir. Hazırda Paşinyan Ermənistanda realist və praqmatik baxışın lideri sayıla bilər.

Ermənilər illərlə əsirinə çevrildikləri xəstə şovinizmin uğursuzluğunu dərk etmək məcburiyyətindədir. Bu xalq varlığını itirmək istəmirsə, Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymalıdır.

Ermənistanın başqa yolu yoxdur. Azərbaycan bölgənin iqtisadi lideridir və regionun iqtisadi mənfəətləri yalnız rəsmi Bakının razılığı ilə mümkündür. Paşinyan bunların fərqindədir və yürütdüyü siyasət sadalanan reallıqdan irəli gəlir. Ölkədə səslənən digər radikal fikir və bəyanatlar isə Sarkisyan-Koçaryan xəttinin işartılarıdır.

Ümumi görüntülər və analizlər onu göstərir ki, Ermənistan cəmiyyəti keçmişdən qurtulmağa qərarlıdır. Ona görə də üç-beş revanşistin çağırışlarına, əsassız ittihamlarına məhəl qoymayacaqlar”.