Böyük günah...

Su quyusuna atılan körpə ailə münaqişəsinin qurbanı olub
Hacı Şahin Həsənli: “Anlamaq çətindir ki, insan hansı yolun qulu olmalıdır ki, bir insanın canına qıysın. Xüsusən də insan günahsız, məsum körpədirsə. Və lap dəhşətlisi - bu körpə “insanın” öz övladıdırsa...”


Lənkəranda müdhiş cinayət yaşanıb. 6 günlük körpənin cəsədi su quyusundan tapılıb. Dəhşətli hadisənin bəzi təfərrüatları artıq məlub olub.

Məlumat ilkin olaraq belə yayılmışdı ki, altı günlük körpə Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan ana körpənin yoxa çıxmasından yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qayınana və körpənin atası da olub. Sonra isə körpənin cəsədi su quyusunda aşkar edilib.

Lakin hadisə barədə verilən rəsmi məlumatlar şübhəli məqamları ortaya çıxarır.

Körpə Mələk ölüb, yoxsa öldürülüb?

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi, Lənkəran Rayon İcra Hakimiyyəti, Lənkəran Rayon Mərkəzi Xəstəxanası açıqlamalar verib.
DİN-in məlumatında bildirilir ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in "102 Zəng Mərkəzi”nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını xəbər verib.
Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrar zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olduğunu deyib. Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları hadisə yerinə gəlib və uşağın meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Hazırda Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Lənkəran Rayon Mərkəzi Xəstəxanası da 6 günlük körpənin öldürülməsinə aydınlıq gətirib.
Xəstəxanadan verilən məlumata görə, 1989-cu il təvəllüdlü, Darquba kənd sakini Valiyyə Rzayeva İsfəndiyar qızı iyulun 25-də doğum şöbəsinə daxil olub: "Qeysəriyyə yolu ilə onun ikinci uşağı dünyaya gəlib. Bu, Valiyyənin 4-cü hamiləliyi idi. Birinci qızı doğulandan sonra iki uşağı abort etdirib. Onlar da qız olub. 4-cü dünyaya gələn qız uşağının çəkisi 4 kilo 300 qram idi. Özü də çox sağlam. Biz əhvalatı bu gün eşitmişik və olanlardan dəhşətə gəlmişik”.

Xəstəxanadan verilən məlumata görə, Valiyyə Rzayeva 2 gün doğum şöbəsində müalicə olunub: "Burada qaldığı müddətdə daima evlərindən onun yanına gəlib-gedən olub. Ailənin diqqətində olub. Yəni, belə bir diqqətdən sonra ailə necə qız uşağını qəbul etməz?”.

Ailədə nəsə baş verib

Lənkəran Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Muradov Modern.az-a deyib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır: "Təfərrüat tam aydın olmasa da, körpənin ölümünün ailə münaqişəsi zəminində baş verdiyi müəyyənləşib”.
Z.Muradov uşağın yoxa çıxması ilə bağlı ata Şaiq Nurullayevin "102” xidmətinə məlumat verdiyini deyib: "Amma uşağın Şaiq Nurullayev tərəfindən quyuya atılması hələ ki təsdiqlənməyib. Ola da bilər ki, onu atası yox, ailənin digər üzvü, yaxud üzvləri öldürüb quyuya atıb. Bu barədə fikir yürütmək çətindir. Çünki hadisə baş verən gecə evdə körpə Mələyin atası Şaiq Nurullayev, anası Valiyə Nurullayeva, nənəsi Atifə Nurullayevadan başqa yaxın qohumları da olub. Ona görə də istintaqın gedişini gözləməliyik”.

Rayon rəsmisi körpənin ölümü ilə bağlı ailə üzvlərinin dindirildiyini qeyd edib:
"Görünən odur ki, ailədə nə isə baş verib. Amma geniş məlumat verilmədiyinə görə, biz də dəqiq bilmirik. İndiyə qədər o ailədən bizə o qədər də şikayət daxil olmayıb”.

Lənkəranda qız və oğlan uşaqları arasında fərq qoyulmasına gəlincə, Z.Muradov bu ittihamla qətiyyən razılaşmayıb: "Bu, həmin ailədə baş verən problemdir. Onu bütün rayona şamil etmək doğru deyil. Həm də hadisənin hansı səbəbdən baş verdiyini bilmirik”.

"Bu, Allah qarşısında bağışlanmaz günahdır”

Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli "Şərq”ə açıqlamasında ümumiyyətlə, övladın öldürülməsinin Allah qarşısında bağışlanmaz günah olduğunu, qız övladlarının öldürülməsi ilə bağlı isə Allah-təala tərəfindən xüsusi ayə nazil olduğunu bildirdi:

- Elə hadisələr baş verir ki, insan buna ad verməkdə çətinlik çəkir. Bu mövzularda danışmaq, fikir, rəy bildirmək çox ağırdır. Anlamaq çətindir ki, insan hansı yolun qulu olmalıdır ki, bir insanın canına qıysın. Xüsusən də insan günahsız, məsum körpədirsə. Və lap dəhşətlisi - bu körpə "insanın” öz övladıdırsa... Belə adama insan demək düzgün deyil. Belə adamlar Şeytana uyub, Allahın göstərdiyi yolu Şeytanın yoluna dəyişənlər, Cənnəti verib, Cəhənnəmi satın alanlardır. Tarixdən bilirik ki, islamdan əvvəlki cahiliyyət dövründə bədəvi ərəblər arasında qız övladına xor baxılardı, qız övladları diri-diri torpağa basdırılardı. İslam dini Allah tərəfindən insanlara bunun kimi, bəzi digər çirkin əməllərə son qoyulması üçün ehsan edildi. Allah bəndələrinə bütün dövrlərdə peyğəmbərlər göndərib və öz buyuruqlarını, tövsiyələrini həm peyğəmbərlər, həm də müqəddəs kitablar vasitəsilə çatdırıb. İslamiyyətin ilk illərində əziz peyğəmbərimiz Muhəmməd s.ə.s-ə nazil olmuş ayələrdən biri məhz qız övladlarına qarşı törədilən çirkin əməlin ortadan qalxması ilə bağlıdır. "Qurani-Kərim”in "ət-Təkvir” surəsinin 8-9-cu ayələri məhz bu əmələ qarşı nazil olub və bu əməlin Allah tərəfindən pisləndiyi və ağır əməl hesab olunduğunu bildirilir. Əslində, ət-Təkvir surəsinin 1-ci ayəsindən 19-cu ayəsi də daxil bəzi insanların çirkin əməllərinin qarşılığını alacağına dair Allahın andıdır: Günəş sarınıb büküləcəyi zaman; Ulduzlar səpələnəcəyi zaman; Dağlar yerindən qopardılacağı zaman; Boğaz dəvələr başlı-başına buraxılacağı zaman; Vəhşi heyvanlar bir yerə toplanacağı zaman; Dənizlər od tutub yanacağı zaman; Ruhlar qovuşacağı zaman; Diri-diri torpağa gömülən körpə qızdan; Axı o, hansı günaha görə öldürüldü? - deyə soruşulacağı zaman; Əməl dəftərləri açılacağı zaman; Göy qopardılacağı zaman; Cəhənnəm alovlandırılacağı zaman; Və Cənnət yaxınlaşdırılacağı zaman; Hər kəs nə hazır etdiyini biləcəkdir! And içirəm yanıb sönən ulduzlara; Seyr edib gizlənən səyyarələrə; Qaralmaqda olan gecəyə; Və sökülməkdə olan dan yerinə ki, bu, çox möhtərəm olan bir elçinin gətirdiyi kəlamdır (ayələr təfsirsiz verilib - red.) ət-Təkvir Məkkə surələrindəndir və orada cəmlənmiş ayələr islamiyyətin ilk vaxtlarında nazil olmuş ayələrdir.

Qeyd edim ki, islam tarixi və peyğəmbərimiz Muhəmməd əleyhissalamın həyatı barədə çəkilmiş "Çağırış” filmində də məhz bu ayələr oxunur. "Qurani-Kərim”dən xəbərsizdilər, bircə dəfə əllərinə alıb oxumayıblar, filmə də heç baxmayıblarmı? İllərdir bu film efirlərdə nümayiş olunur.
Əhalisinin 90 faizi müsəlman olan bir ölkədə belə ağlasığmaz cinayətlərin törədilməsindən insan həqiqətən də dəhşətə gəlir. Yəni, bu insanların heçmi Allah qorxusu yoxdur, yaxşı, tutalım qorxunu qoyaq bir kənara, Allah qorxusunun nə olduğunu bilmirlər. Bəs heçmi Allah sevgisi yoxdur?! İnsan öz övladına necə qıyır?! 6 günlük məsum körpə "hansı günahın sahibidir?!”. Körpənin adı da Mələk olub. Mələyə necə qıyıblar?! Belə əməl insanlıq çərçivəsinə sığmır. Övlad, istər qız olsun, istər oğlan, Allahın bəndəyə hədiyyəsidir, bir lütfüdür. Öldürülən övladlarla bağlı "Qurani-Kərim”in əl-İsra surəsində də ayə vardır: "Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. 

Onları öldürmək, həqiqətən böyük günahdır” (31-ci ayə). Görürük ki, bəzən insan yoxsulluq, çətinlik səbəbindən, bəzən də uşağın cinsinə fərq qoyub hələ doğulmamış övladına qıyır. Allah-təala bu ayə ilə uşaqların istər ana bətnində, istərsə də doğulduqdan sonra öldürülməsinin, atılmasının, çünki körpəni küçəyə atmaq da ölümə tərk etməklə eynidir, günah olduğunu bildirir. Dinimizdə oğlan-qız fərqi yoxdur, hamımız Allahın yaratdığı bəndəyik. Əksinə, peyğəmbərimiz qız övladlarına həmişə daha çox üstünlük verərmiş və söylərmiş ki, oğlan nemətdirsə, qız rəhmətdir. Həyat da sübut edir ki, qız övladları valideynlərinə qarşı bir çox hallarda daha vəfalı, sədaqətli, şəfqətli olur. Heç bir səbəb övladın qətlinə əsas verə bilməz. 

Bu, cəmiyyət qarşısında məsuliyyət, qanun qarşısında cinayət, Allah qarşısında isə bağışlanmaz günahdır. Təəssüf edirəm ki, bəzi insanlar islamdan bixəbərdir. Dinimizin qaydalarını bilmirlər. Bu cür çirkin əməllərin törədilməsi də insanların Allah yolundan azmasının nəticəsidir. İnsanlarımızın dini maariflənməsinə ciddi ehtiyac var.

Məlahət Rzayeva