“Türk izi” dərgisi - Akif Aşırlı yazır






Azərbaycan mühacirət mətbuatında "Türk izi” dərgisinin də öz yeri var. İlk sayı 1952-ci ilin mayında işıq üzü görən məcmuə Azərbaycan Milliyyətçilər Dərnəyinin orqanı olaraq fəaliyyətə başlayıb. Ankarada çap edilən "Türk izi”nin nəşriyyat müdiri, mühacirlər arasında aktiv siyasi fəaliyyəti ilə seçilən Çingiz Göygöl olub. Orqanı olduğu dərnəyin bəyannaməsi ilə mətbu həyata qədəm qoyan bu dərgini digər mühacir nəşrlərdən fərqləndirən bir çox cəhətlər var. Azərbaycan mühacirlərinin müəyyən bir kəsiminin marağını müdafiə edən bu məcmuə istiqlal savaşında liberal düşüncəni deyil, milliyyətçi xətti müdafiə edirdi.

Azərbaycan Milliyyətçilər Dərnəyi bəyannaməsində mühacirlərə maddi və mənəvi yardım göstərmək, azərbaycanlı tələbələrə imkan daxilində maddi dəstək vermək, türk milliyyətçiliyi əleyhinə fəaliyyətdə olan cərəyanlara mətbu yolla cavab vermək kimi bir neçə önəmli məsələlərin diqqətdə saxlanılacağı vədini verirdi. "Nəşr həyatına başlarkən” məqaləsində dərnəyin və məcmuənin təşəkkül məqsədi, görüləcək işlər və qarşıdakı planlar geniş şəkildə açıqlanırdı: "Hər şeydən üstün tutulması vacib olan milli davalarımızın bu qədər ucuzlaşdırılıb istismar edildiyini görən biz azərbaycanlı ziyalılar bir araya gələrək vəziyyəti milli şüurun işığı altında ətraflı tədqiq etdikdən sonra "Azərbaycan Milliyyətçilər Dərnəyi”nin qurulmasını lüzum gördük. Dərnəyimizin nizamnamə və bəyannaməsində göstərilən əsaslar dairəsində milli davalarımızı ümumi cəmiyyətə çatdırmaq və Azərbaycan türk milliyyətçiliyi əleyhindəki cərəyanlarla fikir və mətbuat yoluyla mücadilə etmək qayəsiylə "Türk izi” dərgisini çıxarırıq”.
"Yeni Qafqaziyyə”, "Odlu yurd”, "Azəri-türk” və "Azərbaycan” məcmuələrindən fərqli yaradıcı heyət formalaşdıran "Türk izi”ndə Çingiz Göygöl, Səffət Zərdabi, Məhəmməd Altunbay, Hızaloğlu Mustafa Zihni, Niyazi Kürdəmir Yusifbəyli, Əli Taşkənd, Nağı Bayramgil, Əziz Alpout, Hidayət Turanlı, Koroğlu, Mustafa Vəkilli, E.Borçalı və digər mühacir yazarlar iştirak edib.
1952-ci ilin 2 və 3-cü birləşmiş saylarında öz hədəflərini konkretləşdirən məcmuə istilaya uğrayan milliyyətçi mücahidlərin tək düşməninin "Qızıl Moskva” olduğunu bəyan edərək yazır: "Kommunizmin insanlıq üçün bir təhlükə olduğu anlaşılan bir dövrdə, azad millətlər içərisində Azərbaycan türkünün də kommunizmə qarşı müştərək mücadiləsində başlıca metod hürriyyətpərvərlik və milliyyətçilik prinsiplərinə dayanmasıdır”.

Peşəkar yaradıcılığa sahib olmasalar da S.Zərdabi, N.Yusifbəyli və Çingiz Göygölün məcmuənin ilk saylarında kifayət qədər orjinal və maraq doğuran məqalələri işıq üzü görüb. S.Zərdabinin "Azərbaycan istiqlalına gedən yollar”, "Millətimizi parçalama təşəbbüsləri”, "Birlik” və digər məqalələrin azərbaycanlı mühacirlərin birləşməsinə mane yaradan amillər təhlil olunur. Bu yazıların əsas mahiyyəti M.Ə.Rəsulzadənin liderliyi ilə İstanbulda fəaliyyət göstərən Müsavat Partiyası və Azərbaycan Milli Mərkəzinin siyasətinin tənqidinə yönəlib. Azərbaycan istiqlalının bərpasını milli mücadilədə görən S.Zərdabi hesab edirdi ki, Azərbaycan heç bir federasiya və konfederasiya prinsiplərini qəbul etməməli, kommunizmə və Moskvaya qarşı sərt mübarizə metodu seçilməlidir.

Nəsib bəy Yusifbəylinin yadigarı Niyazi Kürdəmir Yusifbəyli də dərginin ilk saylarında biri-birinin ardınca "Azərbaycan və mühacirətlər”, "Erməni və gürcü ittihadı”, "Aktual məsələlər” başlıqlı məqalələrində həmkarı S.Zərdabinin mövqeyi ilə eyniyyət təşkil edən fikirlər qələmə alıb. Sonrakı saylarda aktivliyilə seçilən bu müəlliflərin imzalarına rast gəlinmir. 1953-cü ilin sonlarında Azərbaycan Milliyyətçilər Dərnəyi konqresindəki seçkinin nəticələrindən narazı qalan idarə heyəti üzvləri Səffət Zərdabi, Çingiz Göygöl və Niyazi Kürdəmiri təşkilatdan uzaqlaşırlar. Beləliklə, "Türk izi”nin müntəzəm nəşrində də problemlər yaranır.

1954-cü ilin yanvar-fevral aylarının birləşmiş 10-cu sayında oxuculara bu barədə məlumat verilir, dərginin dövriliyində yaranan problemin mahiyyəti açıqlanır: "7 iyul 1953-cü il tarixdə keçirilən konqresində dərnək qurucuları arasında olan Səffət Zərdabi, Çingiz Göygöl, İsa Göçər və Niyazi Kürdəmir əvvəlcə özləri tərəfindən qəbul edilən və hökumət tərəfindən təsdiqlənən komitəyə gəlməyən üzvlərin vəkalətnamə vermək sürətiylə təmsil edilmələrini və rəy vermələrini mümkün hesab edən nizamnamənin 14-cü maddəsinin hökmünə hər nədənsə seçim sırasında etiraz etmişlərdi”. Hətta Səffət Zərdabi seçkilərin saxtalaşdırılması barədə məhkəməyə müraciət edir. Məhkəmə bu çəkişməni qarşı tərəfin xeyrinə həll etdiyindən Ç.Göygöl, S.Zərdabi və Niyazi Yusifbəyli Azərbaycan Milliyyətçilər Dərnəyindən və "Türk izi”ndən ayrılmaq qərarı verir. Bundan sonra bu üç əqidədaş mühacir "Mücahid” dərgisinin çapına izn alırlar.

1954-cü ilin ilk sayından başlayaran 1955-ci ilin iyulunadək dərginin nəşriyyat müdirliyini Şirin Şirvanlı həyata keçirir. Ş.Şirvanlıdan sonra bu vəzifəni bir müddət Qədir Dilcan və Mehmet Taşdəmiroğlu icra edir. Göründüyü kimi müntəzəm nəşr olunmaqda problem yaşayan dərginin nə vahid yaradıcılıq siyasəti, nə də çap imkanları olmayıb.

Azərbaycan Milliyyətçilər Dərnəyinin başqanı Hidayət Turanlı "Türk izi”nin hər sayında baş məqalə ilə çıxış edərək, təşkilatın qarşısına qoyduğu hədəfləri açıqlayırdı. Sovet imperiyası və kommunist rejiminə qarşı mühacirlərin vahid platformada çıxış etməsini gərəkli sayan H.Turanlı milliyyətçiliyi siyasi davanın ana xətti hesab edirdi. Məcmuənin 1955-ci il aprel, mart, iyun birləşmiş sayında "Birliyə dair düşüncələr”ini qələmə alan H.Turanlı yazır: "Çeşidli vəsilələrlə təmas etdiyimiz birlik məsələsi üzərində bir daha durmağı faydalı hesab etdik. Çünki milli davamızla əlaqəli bəzi problemlərin gözlənilən şəkildə inkişafı və bu günə qədər arzu edilsə də azərbaycanlılar arasında vəhdətin olmamasının izahı verilməlidir”. 

H.Turanlının fikrincə, Azərbaycan mühacirləri arasında birliyin yaranmamasının əsas səbəbi milli Azərbaycan savaşı aparanların ideoloji xəttindəki fərqlilikdir. Bəzən isə siyasi maraq, mənafe və partiya maraqları bu birliyin, vəhdətin yaranmasına mane olurdu.

"Türk izi” demək olar ki, hər sayında millət və milliyyətçilik anlayışlarının açımına və müstəqil inkişaf etmiş dövlətlərin tarixi təcrübəsinə söykənən nəzəri məsələləri gündəmə gətirirdi. Amma bu mövzunun tarixi, siyasi və elmi tərəflərinin təqdimatında bəsitliyə yol verilirdi. Məqalələrdə mövzunun elmi izahına səthi yanaşıldığı açıq-aydın özünü göstərir. Mühacirlər arasında birlik, vəhdət ideyasını əsas hədəfi hesab edən "Türk izi” təəssüf ki, çox vaxt təbliğatçısı olduğu Azərbaycan Milliyyətçilər Dərnəyinin baxış bucağından hadisələrə yanaşır və birliyə mane olan qıcıqlandırıcı mövqe nümayiş etdirirdi. Dərginin M.Ə.Rəsulzadənin xeyir-duası ilə Ankarada qurulan Azərbaycan Kültür Dərnəyinə, Azərbaycan Milli Mərkəzinə qarşı yazıları onu göstərir ki, birlik ideyasının reallaşmamasında şəxsi münasibətlər, keçmişdəki siyasi çəkişmələr əsas rol oynayıb.

Məcmuənin əsas yazarlarından olan Nağı Bayramgil (H.Hacıbayramoğlu) Azərbaycan Cümhuriyyətinin 1920-ci il 28 aprel istilasından sonra xalqın sovetlərə qarşı üsyanları barədə maraqlı faktları silsilə şəkildə qələmə alırdı. Lakin N.Bayramgil digər yazılarında mühacirlərin birliyi ideyasına bağlı olduğunu əsaslandırsa da, bəzən qıcıq doğuran, qarşı tərəfə ittiham kimi səslənən məqalələr də yazırdı. Bu sayaq məqalələrə və düşüncələrə qarşı Azərbaycan mühacirləri arasında kifayət qədər tanınan, bir neçə nəşrin yaradıcısı Mehmet Sadiq Aran Türkiyə qəzetlərində məqalə ilə çıxış etməli oldu. "Son havadis” qəzetində M.S.Aranın "Qardaş qardaşı necə vurdu” məqaləsinə "Ulus” qəzetində cavab verən N.Bayramgil "Türk izi”nin 1963-cü il tarixli 25-ci sayında 4 səhifəlik məqalə çap edir və vəziyyət bir qədər də tündləşir.

Bəsit, arzuolunmuz mövqe və intriqa qoxusu gələn yazılarla yanaşı, məcmuədə ciddi, intellektual məqalələr də işıq üzü görürdü. Əziz Alpautun, Əli Taşkəntin, Çingiz Göygölün siyasi təhlilləri, analitik məqalələri, şeirləri peşəkarlığa söykənir və oxucularda maraq oyadırdı.
Ə.Alpautun "Dünənki və bugünkü rus siyasəti”, "Qaş düzəldirdim deyərkən”, Çingiz Göygölün "Azad insan vicdanı hərəkətə keçməlidir” məqalələrində Sovet imperiyasına qarşı mücadilə taktikası açıqlanır və kommunizmlə mübarizənin yeni mərhələsi təhlil olunurdu. Əsir millətlərin hüquqlarının qorunması üçün Birləşmiş Millətlər təşkilatının, Amerika və Avropa dövlətlərinin siyasəti "Türk izi”nin tənqidi mövzuları sırasındadır. İstiqlalı Avropa dövlətləri tərəfindən tanınan Azərbaycanı Sovet Rusiyasının işğal etməsi faktına beynəlxalq aləmin diqqət göstərməsi üçün mühacirlərin bir araya gəlib vahid mövqe bildirməsini vacib hesab edən müəlliflər bəzən Türkiyəyə qarşı gizlin Sovet düşmənçiliyini də yada salırdılar.

Digər mühacir nəşrlərdə olduğu kimi istiqlal savaşını öləziməyə qoymayan poeziya nümunələri çap edən "Türk izi” demək olar ki, hər sayında mübarizə ovqatı yaradırdı. Əhməd Cavadın, M.S.Aranın, Ə.Taşkəndin şeirləri dərginin milli mübarizə ovqatını formalaşdırdı.
Rusiyaya qarşı yarım əsr mübarizə aparan Şeyx Şamilin həyatı, mücadiləsi barədə müəllif yazıları da məcmuənin bir neçə sayında ardıcıl çap olunub. Gəncədə Sisianova qarşı son damla qanınadək döyüşüb şəhid olan Cavad xan obrazı da məcmuənin əsas diqqət yönəltdiyi mövzulardandır.
"Türk izi” Azərbaycan istiqlal hərəkatında tarixində iz qoyan, dünyanın hər bir tərəfində müstəqilliyin bərpasına çalışan mühacirlərin dünyadan köç etməsi barədə nekroloqlar çap edir, bu şəxsiyyətləri xatırlayırdı.

Münhendə qətlə yetirilən Fətəli bəy Düdənginskinin, Gəncə üsyanının qəhrəmanı Cahangir bəy Kazımbəylinin ölüm xəbərini səhifələrinə köçürən "Türk izi” bu şəxsiyyətlərin istiqlal savaşında xidmətlərinin fərqli formada oxuculara çatdırırdı.

1953-cü il tarixli 7-ci sayında məcmuə Gəncə üsyanı qəhrəmanı Sarı Ələkbərin həyat yoldaşının "əbədi istirahətin”dən xəbər verərək yazırdı: "Ana Vətənə, Türkiyəyə qaçışı bu türk xanımının ayrıca bir cəsarət dastanıdır. Azərbaycan türk mühacirlərinin xalası, qəhrəman Sarı Ələkbərli həyat yoldaşı Cavahir Saryalın vəfatı azərbaycanlıları üzmüşdür. Mərhumun qızı Brilyant xanıma, kürəkəni sayın millət vəkili Lətif Aküzümə, oğlu dr. İsmayıl və Firudin Saryalın başsağlığı veririk”.

Məcmuənin əldə olunan saylarından aydın hiss olunur ki, "Türk izi” Azərbaycan mühacir qrupları ilə sıx əlaqədə fəaliyyət göstərib. 1951-ci ildə nəşrə başlayan dərgi müəyyən fasilələrlə 1963-cü ilə qədər çap olunub. Bu dövrlər ərzində məcmuənin 25 sayı işıq üzü görüb.



Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb