Heç bir səbəb övladın qətlinə əsas verə bilməz

Körpələrin ana bətnində məhv edilməsi böyük günahdır
Əksinə, peyğəmbərimiz qız övladlarına həmişə daha çox üstünlük verərmiş və söylərmiş ki, oğlan nemətdirsə, qız rəhmətdir. Həyat da sübut edir ki, qız övladları valideynlərinə qarşı bir çox hallarda daha vəfalı, səd


Oğlan, yoxsa qız? Azərbaycanda yeni qurulan ailələrdə məhz bu sual havada uçuşur; uşaq dünyaya gələnədək. Nə etsək də, nə yazsaq da, 21-ci əsr olmasın, lap 22, 23-cü əsrdə yaşayanları da, deyəsən, yalnız bu sual düşündürəcək. Bəli. Artıq çoxdan təsdiqlənib ki, texniki və elektron inqilablar insanların xeyrindən çox, zərərinə xidmət edir. Hərdən ağsaqqal, ağbirçəklər dərin köks ötürüb «bizim zəmanəmizdə…» kəlməsi ilə sözə başlayıb ardınca da, sağlam həyatı, uzun ömrü, doğulan «top kimi» uşaqları, gəlinlərin bətnində 9 aylıq körpə ilə bulaqdan səhənglə su daşıdığını misal çəkib, ardınca da «o vaxt həkim nədi bilməzdik, yaşlı qadınlar hamilə gəlinlərə məsləhət verərdi, uşağın oğlan, yoxsa qız olduğunu da gəlinin yerişindən, duruşundan bilərdik» söyləyəndə çoxumuz ağız büzüb «bu lap Nuh əyyamı vaxtından qalıb ki?!» deyirik. Guya USM aparatı icad olundu deyə, körpələr daha sağlammı dünyaya gəlir? Yaxud USM aparatında körpənin cinsi müəyyənləşməklə ailədə sağlam, səmimi münasibətlər qorunub saxlanır? Heç də yox.

Söhbət müasir tibbi aparatların lazımsızlığından getmir, əlbəttə.

Məsələ, insanların həqiqi rifahı naminə icad edilmiş hər cür yenilikdən xeyirli məqsədlər üçün istifadə edilməsidir. Bunun üçün də mütləq maarifləndirmə işləri aparılmalıdır. Dölün cinsinin müəyyənləşməsi mövzusunun yenidən gündəmə gəlməsinə səbəb isə «Reproduktiv sağlamlıq haqqında» qanunun bu il Milli Məclisin yaz sessiyasında qəbul olunacağına dair verilən xəbərlərdir.

Uşağın cinsinin açıqlanması qadağan olunacaq

Bu il Milli Məclisin yaz sessiyasında "Reproduktiv sağlamlıq haqqında" Qanunun qəbul olunacağı gözlənilir. Bununla da ultrasəs müayinə zamanı (USM) uşağın cinsinin açıqlanması qadağan olunacaq. Bu qanunun işlənmə mexanizmi, ona nəzarətin necə həyata keçirilməsi isə, sual doğurur.
Bu haqda Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev, Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmançı və baş ginekoloq Sevinc Məmmədova Sputnik Azərbaycan-a danışıb.

M.Quliyev bildirib ki, qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə uyğun dəyişikliklər olacaq: "Yalnız bundan sonra cərimələr nəzərdə tutulacaq. Prezidentin sərəncamından sonra "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin bu ilin yaz sessiyasında, mart və aprel aylarında qüvvəyə minməsi gözlənilir. Daha sonra isə bununla bağlı Səhiyyə Nazirliyinə tapşırıq veriləcək. Nazirlik tərəfindən qanunun işlənmə mexanizmi hazırlanacaq".
"Məsuliyyətə gəldikdə isə, qeyd edə bilərəm ki, bu qanunda yalnız "inzibati məsuliyyət və cinayət məsuliyyəti nəzərdə tutulur" bəndləri yazıla bilər. Məsuliyyətin nədən ibarət olmasını isə İnzibati Xətalar Məcəlləsi, yaxud da Cinayət Məcəlləsi müəyyənləşdirəcək" – deyə M.Quliyev əlavə edib.

Selektiv abortlara son qoyulmalıdır

Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək layihəsinin yekunlarına həsr olunmuş tədbir

Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmançı isə fərqli təklif irəli sürüb: "Düşünürəm ki, ultrasəs müayinə ilə uşağın cinsiyyətini öyrənməyə deyil, selektiv abortlara qadağa qoyulması daha vacibdir. Ümumdünya Səhiyyə Təşkilatına görə, uşaqların cinsinin deyilməsi yolveriləndir. Lakin cinsin müəyyənləşməsindən sonra hamiləliyin sonlandırılması qəbuledilməzdir".
"Ümid edirəm ki, zamanla Azərbaycanda da selektiv abortların sayı azalacaq. Düzdür, hələ ki, nəzərdə tutulan qanun qüvvəyə minməyib. Bunadək Ümumdünya Səhiyyə Təşkilatı olaraq biz də öz növbəmizdə Azərbaycan hökumətinə təkliflərimizi verəcəyik" – deyə H.Harmançı əlavə edib.
Baş ginekoloq Sevinc Məmmədova yeni qüvvəyə minəcək qanuna nəzarət mexanizmi ilə bağlı məlumat verib: ""Reproduktiv sağlamlıq haqqında" milli strategiyanın müəllifi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutudur. Strategiyamız qəbul olunduqdan sonra təsdiq olunmuş milli plan üzrə nəzarət mexanizmini həyata keçirəcəyik. Lakin bu haqda öncədən məlumat vermək istəmirəm".
"Döldə cinsi xəstəliklə bağlı bir problem yoxdursa, bu zaman cinsiyyəti açıqlayan mütəxəssis cəzalandırılacaq. Cəza tədbirləri ilə ultrasəs müayinədə cinsin deyilməsinin qarşısı alınacaq" – deyə baş ginekoloq əlavə edib.
Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, qanunvericilik qüvvəyə mindikdən sonra USM-də cinsi deməyə görə cəza nəzərdə tutulacaq. Lakin belə şəxslərin necə müəyyənləşəcəyi sual doğurur. Çünki övladın cinsi həkim üçün deyil, onu dünyaya gətirməyi planlaşdıran valideynlər üçün maraqlı ola bilər.

Digər düşündürücü sual budur ki, belə olan halda, xüsusən də aborta görə övladının cinsini öyrənməkdə maraqlı olan ailə həkimdən şikayət edəcəkmi? Tək USM mütəxəssisi və övlad planlayan valideynlərin olduğu bu otaqda başqa kiminsə USM mütəxəssisindən şikayət edəcəyini düşünmək də ağlasığmazdır».

USM-ə, həkimə, yoxsa, valideynə nəzarət?

Deməli, sual hələ də açıq qalır; USM-də cinsin açıqlanmasına necə, kimlər tərəfindən nəzarət ediləcək? USM aparatının yanında müşahidə kamerasımı qoyulacaq, həkimlərə nəzarətçimi təyin ediləcək, yoxsa gələcək övladının qızmı, oğlanmı olduğunu öyrənməyə gələn analar göz altında tutulacaq? Həqiqətən də çətin məsələdir. Və belədə sözügedən qanunun sadəcə, kağız üzərində qalacağı daha real görünür. Qanunun icra mexanizmi olmayacaqsa, ona necə riayət ediləcək və qanunu pozanlar hansı əsasla mühakimə edilib inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcək?

Günahsız körpələrin qətlinə görə necə cavab verəcəklər?

Artıq çoxdan təsdiqlənib ki, hamiləlik başlayar-başlamaz, yəni döl ana bətninə düşəndən canlıdır. Canlıdır, deməli ruhu var. Bir canlını səbəbsiz yerə, günahsız olduğu halda məhv etmək, öldürmək isə Allah-təala tərəfindən böyük günah sayılır. Gələcək övladını, qız və ya oğlan, fərq etməz, doğulmamış tələf edənlər bunu düşünürmü görəsən? Ananın istəyini nəzərə alıb, nə qədərsə maddiyyat qarşılığında abort etdirən, yəni bir canlının qətlində birbaşa iştirak edən həkimlər, necə necə bir ağır cinayətə imza atdıqlarını bilirlərmi? Tibb mütəxəssisləri hər zaman bildirir ki, dölün inkişafının dayandırılması yalnız zəruri hallarda – anormallıq, xəstəlik müəyyən edilibsə, eləcə də, hamiləliyin davamı qadının həyatını təhdid edirsə, mümkündür. Digər hallarda isə selektiv aborta gedilməməlidir. Amma bunun əksi baş verir.

İlahiyyatçı Hacı Şahin Həsənli körpələrin ana bətnində məhv edilməsinin həqiqətən də böyük günah sayıldığını bildirdi:

- Əhalisini 90 faizi müsəlman olan bir ölkədə belə əməllərin törədilməsindən insan həqiqətən də dəhşətə gəlir. Yəni bu insanların heçmi Allah qorxusu yoxdur, yaxşı tutalım qorxunu qoyaq bir kənara, Allah qorxusunun nə olduğunu bilmirlər. Bəs heçmi Allah sevgisi yoxdur?! İnsan öz övladına necə qıyır?! Bu körpələr hansı günahın sahibidir?! Belə əməllər insanlıq çərçivəsinə sığmır. Övlad, istər qız olsun, istər oğlan, Allahın bəndəyə hədiyyəsidir, bir lütfüdür. Öldürülən övladlarla bağlı "Qurani-Kərim"in əl-İsra surəsində də ayə vardır: «Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. 

Onları öldürmək, həqiqətən böyük günahdır» (31-ci ayə). Görürük ki, bəzən insan yoxsulluq, çətinlik səbəbindən, bəzən də uşağın cinsinə fərq qoyub hələ doğulmamış övladına qıyır. Allah-təala bu ayə ilə uşaqların istər ana bətnində, istərsə də doğulduqdan sonra öldürülməsinin, atılmasının, çünki körpəni küçəyə atmaq da ölümə tərk etməklə eynidir, günah olduğunu bildirir. Dinimizdə oğlan-qız fərqi yoxdur, hamımız Allahın yaratdığı bəndəyik. Əksinə, peyğəmbərimiz qız övladlarına həmişə daha çox üstünlük verərmiş və söylərmiş ki, oğlan nemətdirsə, qız rəhmətdir. Həyat da sübut edir ki, qız övladları valideynlərinə qarşı bir çox hallarda daha vəfalı, sədaqətli, şəfqətli olur. Heç bir səbəb övladın qətlinə əsas verə bilməz. Bu, cəmiyyət qarşısında məsuliyyət, qanun qarşısında cinayət, Allah qarşısında isə bağışlanmaz günahdır. Təəssüf edirəm ki, bəzi insanlar islamdan bixəbərdir. 

Dinimizin qaydalarını bilmirlər. Bu cür çirkin əməllərin törədilməsi də insanların Allah yolundan azmasının nəticəsidir. İnsanlarımızın həm dini maariflənməsinə, həm də tibbi bilmələrinə ciddi ehtiyac var. Hesab edirəm ki, xanımlarımız və həyat yoldaşları da lazımi bilgilərə sahib olsalar, günah yükünün altına çiyinlərini verməzlər. Bu məsələlərdə əlaqədar qurumlar aktiv olmalıdır. Vətəndaşlarımıza doğru olanlar başa salınmalıdır.

Məlahət Rzayeva