Mədəni irsimiz dünyada tanıdılır: "Heydər Əliyevin Fondunun rəhbərliyi uzun illərdir böyük işlər görür"

“Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrsinə daxil edilməsi Azərbaycan xalqı üçün çox sevincli xəbər oldu”.  Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib

Politoloq bildirib ki, bu hadisədən sonra böyüklü-kiçikli hər kəs öz tarixi və mədəniyyəti ilə sevindi, qürur duydu: 

“Önəmli olan bu mədəniyyətin dünya ictimaiyyətinə düzgün çatdırılması, Azərbaycanın tarixinin incilərinin dünya mədəniyyət nümunələri arasında yer almasıdır. Bunlar çox vacib məqamlardır. Dünya irsinin öyrənilməsində və bu kimi hadisələrdə UNESKO-nun rolu danılmazdır. Şübhəsiz, birinci vitse-prezident Mehriban xanım Əliyevanın da Azərbaycan tarixinin dünya ictimaiyyətinə çatdırılmasında və tanıdılmasında rolu kifayət qədər böyükdür. Müasir dünya proseslərində, beynəlxalq əlaqələrdə artıq klassik münasibətlərdən fərqli olaraq “yumşaq güc” siyasəti aparılır. Bu cür siyasət sayəsində xalqların bir-biri ilə yaxınlaşması və münasibəti daha da inkişaf edir”. 

Analitikin sözlərinə görə, Heydər Əliyevin Fondunun rəhbərliyi bu istiqamətdə uzun illərdir böyük işlər görür: 

“Xarici ölkələrdə tarixi abidələr tərəfimizdən bərpa edilir. UNESKO çərçivəsində Dədə Qorqudun 1300 illiyi qeyd olunur, Fizulunun 500 illiyi, Yusif Məmmədəliyevin, Mir Cəlal Paşayevin xatirələri yad edilir və s. Bütün bunlar Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması deməkdir. Belə tədbirlər Azərbaycanın mədəni irsinə legitimlik verir. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin və informasiya müharibəsinin getdiyi bir dövrdə bu cür fəaliyyət və əldə edilən uğurlar olduqca vacibdir. Çünki uzun illərdir ermənilər özlərini “qədim” dövlət kimi təqdim edirdilər. Lakin bugün ermənilərin UNESKO-da neçə abidəsinin olduğunu hamımız bilirik. Erməni və gürcülərin xristian, Azərbaycan xalqının müsəlman olmasına baxmayaraq, bizim dövlətin qorunan abidələri qonşu dövlətlərdən daha çoxdur”.