XIX əsrin 90-cı illərində Azərbaycan mətbuatı...

O dövrdə ziyalılar milli media uğrunda mübarizə aparırdılar

Problemlər və reallıqlar

1891-ci ildə “Kəşkül” qəzeti bağlandıqdan sonra “Şərqi-rus”un çapına qədərki 14 il müddətində Azərbaycan dilində heç bir qəzet və jurnalın nəşrinə icazə verilməyib. Bu, çar Rusiyasının müsəlmanlara, məxsusi olaraq Azərbaycan türklərinə qarşı apardığı müstəmləkəçilik, ruslaşdırma siyasətindən doğurdu. Azərbaycan dilində qəzet nəşr etmək istəyənlərə çar III Aleksandrın Qafqaz müsəlmanları üçün söylədiyi "qoy onlar rusca oxusunlar" kəlamını xatırladır, təşəbbüslərin qarşısını alırdılar. Çarizmin yeritdiyi bu siyasətə qarşı mübarizə aparan ziyalılar milli mətbu orqanların çapı üçün bütün vasitələrdən istifadə edirdilər. Çünki onlar gözəl anlayırdılar ki, ictimai fikrin inkişafında, siyasi və ictimai ideyaların mənimsənilməsində, milli şüurun oyanışında anadilli mətbuatın əvəzsiz rolu var. Böyük pedaqoq və ədəbiyyatşünas - alim Firudin bəy Köçərli "Şərqi-rus" qəzetinin 1903-cü il tarixli 17-ci sayında yazırdı: “... Axırıncı qəzetənin ki, "Kəşkül"dən ibarət ola, zavalından on il gəlib keçdi və bu müddətin ərzində biz ruznaməsiz qaldıq”.

“Məşriq”, “Uçar yarpaq” və “Daniş” nəşrləri...

Mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, I hissə, (1875-1920)" adlı kitabında vurğulayıb ki, “Kəşkül” bağlandıqdan iki ay sonra, yəni 1891-ci ilin dekabrında Ünsizadə qardaşlarından Kamal bəy "Azərbaycan" adında qəzet nəşrinə icazə istəsə də, çar orqanları buna imkan verməyiblər: “Avropa təhsili alaraq ölkəyə qayıdan, milli məfkurəli ziyalı Əhməd bəy Ağaoğlu 1893-cü ildə mətbu orqan yaratmağa cəhd etdi. 1893-cü il 6 dekabr tarixində Baş mətbuat idarəsinə və əhli Əhməd bəy Ağayev" müraciət edərək "Məşriq" adlı qəzetin nəşrinə icazə istədi. Rusiya daxli işlər nazirinin Bakı polismeystrinə göndərdiyi cavab məktubunda isə bunun yolverilməzliyi göstərilirdi: "Azərbaycan dilində qəzet və jurnalların nəşri tamamilə arzuedilməzdir. Baş Mətbuat İşləri İdarəsi belə hesab edir ki, cənab Ağayevin xahişi rədd edilsin. "Məşriq"in çapına icazə verilməməsinin səbəbi Ə.Ağaoğlunun çar rejimi nümayəndələrinə panislamist, pantürkist kimi təqdim olunması idi. “Azərbaycan”ın çapına icazə ala bilməyən Kamal Ünsizadə 1896-cı ildə "Letuçiya listok" ("Uçan yarpaq") adlı mətbu orqan yaratmaq üçün çalışdı. Senzura idarələrinin bəhanələrini kəsmək, qəzet nəşrinə nail olmaq üçün K.Ünsizadə "Letuçiya listok"u mülki müşavir Georgi Klimovski ilə birlikdə nəşr etmək istəsə də, onun bu cəhdi də alınmadı. K.Ünsizadənin "az savadlı, mətbəəçilik işində səriştəsi olmaması" əsas gətirilərək qəzeti qeydiyyata almaqdan imtina etdilər. Yeni mətbuat yaratmaq istəyi K.Ünsizadəni təkrarən Qafqaz mülki işlər üzrə baş hakiminə müraciətə sövq edir. 1896-cı ildə o, "Daniş" adlı qəzet nəşrinə ilkin hazırlıq görür. Həftədə iki dəfə nəşr olunacaq qəzetin yığcam proqramı və məramnaməsi tərtib olunur. 13 şöbədən ibarət olacaq "Daniş"in nəşrinə hökumət icazə vermir. Məqsədinə çata bilməyən K.Ünsizadə yerli elanları dərc edəcək bir qəzetin nəşrinə yenidən razılıq almağa çalışır. O, mülki müşavir Georgi Klimovski ilə birgə nəşr etmək istədiyi həmin qəzeti "Mestnoye obyavlenie" adlandırdı. Rus və Azərbaycan dillərində çıxarılması planlaşdırılan bu qəzetin gündəlik nəşri nəzərdə tutulsa da, bu cəhd də uğursuzluqla nəticələndi”.  

“Tiflis” qəzeti nəşrə başlaya bilmədi

Müəllif əsərində bəyan edib ki, Azərbaycan mətbuatı tarixində və milli jurnalistikamızın formalaşmasında böyük xidmətləri olan Məhəmmədağa Şahtaxtlı da milli mətbuatın yoxluğunu duyaraq, bu boşluğu doldurmaq üçün fəaliyyətə başladı: “O, 1896-cı ilin sonunda həftəlik "Tiflis" adında qəzet nəşrinə hökumətdən icazə istədi. Şahtaxtlı məqsədini izah edərək yazırdı ki, rus təbəsi olan azərbaycanlıların bir dənə də olsa qəzet və jurnalı yoxdur. Onlar Baxçasarayda çıxan "Tərcüman" ilə yanaşı, fars, ərəb və türk dillərində xarici ölkələrdən gətirilən dövri mətbuatı oxumaq məcburiyyətindədirlər. Savadlı olub rus dilini başa düşməyənlər isə rus qəzetlərindən istifadə edə bilmir. Bu səbəbdən onların rus həyatı, ədəbiyyatı, incəsənəti, ümumiyyətlə, mədəniyyəti və ölkə daxilində baş verənlərdən xəbəri olmur. Ana dilində olan qəzet bu baxımdan onlara kömək edər, nəticədə bu zümrənin üzvləri Rusiyaya yaxınlaşar. İcazə üçün M.Şahtaxtlı sənədləri Baş Mətbuat İşləri İdarəsinə göndərir. Baş idarə "Tiflis"in nəşri ilə bağlı Qafqaz Senzura Komitəsinin rəyini tələb edir. Qafqaz Senzura Komitəsinin müsbət rəy verməsinə baxmayaraq qəzetin proqramı  yenidən araşdırılır. Rusiya Baş Mətbuat İşləri İdarəsi "Tiflis"in sənədlərini böyük rus şovinisti, senzor Simirnova rəy üçün göndərir. Şahtaxtlının ərizəsi yə qəzetin məramnaməsi ilə tanış olan Simirnov geniş rəy yazaraq 1897-ci il yanvar ayının 7-də Baş İdarəyə təqdim edir. Şahtaxtlının qəzet nəşr etmək təşəbbüsünü "xeyirxah niyyət" adlandıran, onun bu sahədəki səylərini "hər cür təqdirə və mükafata layiq görən" Simirnov arayışında yazırdı: "Axı məsələ bunlarda deyil, bu xeyirxah niyyətlərin hansı vasitələrlə həyata keçiriləcəyi də çox əhəmiyyətə malikdir, ancaq bu vasitələr cənab Şahtaxtlının ərizəsində o qədər də aydın deyil". Simirnov öz mülahizələrini genişləndirərək Şahtaxtlının ərizəsindəki hər bir ifadənin sətiraltı mənasına varır: "Cənab Şahtaxtinski həm qəzetin istiqamətini, həmçinin də gələcək qəzetin məzmununu özü lazımınca dərk etmir. Qəzetin səhifələrini müxtəlif Şərq bağırtıları ilə doldurmaqla məşğul olmaq istəyir. Başa düşmək çətin deyil ki, bu, qafqazlılar üçün də ümumi dövlət dili olan rus dilinin kənar edilməsinə və eyni zamanda hətta ərəb dilinin saxlanılmasına səbəb olar və buna rus mənafeyinə xidmət kimi baxıla bilməz”. Baş Mətbuat İdarəsi Simirnovun rəyini aldıqdan iki gün sonra, yəni 1897-ci il yanvarın 9-da Qafqaz Senzura Komitəsinə bu məzmunda məktub göndərir: "Bizə qeyri-millət və qeyri-dindaşların yaxınlaşması yalnız maarifin yayılması ilə mümkündür, onun da silahı rus dili olmalıdır. Əks təqdirdə ümumi müsəlman dövri mətbuatı nəşrinin təşəkkülü müsəlmanları rus vətəndaşlarına nəinki yaxınlaşdırar, hətta uzaqlaşdırar. Şahtaxtinskinin türk Azərbaycan şivəsində qəzet nəşrini əsaslandırması bu vaxta qədər olmayan qəbilə dilində xüsusi jurnalistikanın başlanğıcını qoyacaq, beləliklə də Zaqafqaziya tatarlarının (Azərbaycan türklərinin - red.) Rusiyadan daha çox uzaqlaşmasına səbəb olacaqdır". Bu izahatdan göründüyü kimi Azərbaycan türklərini qəbilə hesab edən Rus imperiyası çinovnikləri bu "qəbilə"nin öz ana dilində mətbuat yaratmasını qəbul etmir, onları daim öz müstəmləkəsində görür, milli-mənəvi dəyərlərinin yox olmasına çalışırdılar. Sonralar "Tiflisski listok" qəzetindəki məqaləsində Şahtaxtlı rus şovinisti Simirnovla olan görüşünü təsvir edərək yazırdı: "Var qüvvəmlə ona dil töküb xahiş etdim, lakin bundan bir şey çıxmadı. O dedi: - tatar dilində heç bir qəzetə icazə verə bilmərəm. İstəyirsinizsə, rusca qəzet çıxarmanıza icazə verim. Qoy tatarlar sizdən nümunə götürüb rusca oxusunlar. Siz rus dilində əla danışırsınız, tatar qəzeti nəyinizə lazımdır?”. "Mən öz həmvətəndaşlarımın hamısının tərəqqisinə kömək etmək istəyirəm. Tatarlar hamısı rus dilində təhsil ala bilməzlər. Bu ancaq varlı ailələrə müyəssər olan bir nemətdir" dedim. O isə dedi: - Qəzet xalqın nəyinə lazımdır? Ziyalılar qoy rus dilində oxusunlar, adi tatarlar isə qoy gedib sürülərini otarsınlar". Simirnovun bu cavabı Rus imperiyasının tərkibində olduğu xalqlara qarşı apardığı milli ayrıseçkilikdən, rus millətçiliyindən doğurdu”. 

Çapına icazə verilməyən “Sovqat”, “Nübar” və “Çıraq” nəşrləri...

Akif Aşırlı kitabında qeyd edib ki, Azərbaycanda milli mətbuat yaratmaqla xalqın maariflənməsinə, milli özünüdərk prosesinə təkan verməyə çalışan ziyalılardan biri də Nəriman Nərimanov idi: “Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra bir müddət Borçalıda müəllimlik edən Nərimanov Bakıya köçür və ictimai işlərlə məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı, Bakıda "Kaspi", Baxçasarayda "Tərcüman", Kəlküttədə "Həbil-mətin" kimi mətbu orqanlarla əməkdaşlıq edir, günün vacib məsələləri haqqında məqalələr yazırdı. Nəhayət, onun özü də qəzet nəşr etməklə xalqın maariflənməsinə kömək etmək istəyir. O, 1896-cı ilin mart ayında müəllim dostu S.M.Qənizadə ilə birlikdə "Sovqat" adında uşaq jurnalı nəşr etmək üçün çalışır. Azərbaycan məktəbləri üçün nəzərdə tutulan "Sovqat" ayda bir dəfə, şəkilli çıxmalı idi. “Sovqat”ın nəşrinə icazə ala bilməyən N.Nərimanov bir neçə ildən sonra yenidən qəzet çıxarmağa təşəbbüs edir. Müvafiq idarələrə müraciət edərək Azərbaycan və rus dillərində çapı nəzərdə tutulan "Təzə xəbərlər" adlı qəzetin nəşrinə icazə istəyir. Ancaq bu dəfə də Nərimanovun arzusu reallaşmır. Bakı şəhər məktəblərinin müəllimləri S.M.Qənizadə və "Həbibullabəy Mahmudbəyov 1896-cı ilin may ayında "Nübar" adlı ədəbi-pedaqoji jurnal nəşr etməyə qərar verirlər. Hər iki müəllimin imzaladığı ərizədə deyilir: "Bizdə, Rusiyada rus müsəlmanları üçün bir dənə də olsun ədəbi jurnalın olmaması üzündən Zaqafqaziya müsəlmanları hələ də məişətdə fars kitablarını oxumaqda davam edirlər". Lakin çar orqanları "Nübar"ın çapına icazə vermədi. Bu dəfə isə S.M.Qənizadə "Çıraq" adlı qəzetin nəşrinə razılıq almaq istəyir, ancaq yenə də onun istəyi baş tutmur. 

(Davamı var) 

İsmayıl Qocayev