“Rusiya bəzən Tehranın yanında yer alır, bəzən isə...” – ŞƏRH

ABŞ-İran qarşıdurması uzun müddət davam edən məsələdir. Sadəcə, Rusiyanın bu qarşıdurmada iştirakı hər zaman eyni xarakter daşımır”.

Bunu “Sherg.az”a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. 

Analitik bildirib ki, Rusiya bəzən Tehranın yanında yer alır, bəzən isə İrana məsafəli dayanmağa çalışır: 

“Gərginlik yüksələndə isə Moskva ümumiyyətlə neytral mövqe sərgiləyir. Çünki Rusiya və İran bütün məsələlərdə müttəfiq deyil. Tərəflərin bir-biri ilə yaxın olduqları məsələlərlə yanaşı, rəqabət apardıqları mövzular da var.

Sadəcə olaraq indiki konyukturada Rusiya Qərbin öz daxilində yaşadıqları problemləri nəzərdən keçirərək belə bir addım atır. Məsələn, hazırda ABŞ-ın daxili problemləri ilə yanaşı, Avropa dövlətlərinin və NATO-nun öz çətinlikləri var.

Eyni zamanda Vaşinqtonla Avropa Birliyi və Hərbi Alyans arasında “soyuq münaqişə” xarakterli gərginlik mövcuddur. O baxımdan İranla keçirilən hərbi təlimlər daha çox Rusiyanın İrana dəstəyi şəklində qiymətləndirilə bilər.
Təbii ki, burada Qərbə mesaj verilməsi də var ki, İranın ən çox arzuladığı da məhz budur”. 

Qeyd edək ki, İran və Rusiya yaxın gələcəkdə Hörmüz boğazı və Fars körfəzində müştərək hərbi təlim keçirəcək. Bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib. O bildirib ki, bu təlimlər ilin sonunadək təşkil olunacaq: “Tezliklə müştərək təlimin təşkili üçün kordinasiya iclası keçiriləcək”. Xanzadinin sözlərinə görə, səfər çərçivəsində İran və Rusiya arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə dair saziş də imzalanıb. Ekspertlərin fikrincə, indiki məqamda Rusiya ilə birgə hərbi təlimlər keçirən İranın əsas qayəsi Tehrana sanksiya tətbiq edən və təzyiq göstərən ABŞ-a mesaj verməkdir. Həm də Moskvanın onların yanında olduğunu nümayiş etdirməkdir.