Qərb üzünü Bakıya çevirib 

Azərbaycan artıq Qarabağ məsələsində Qərbdən istədiyi dəstəyi ala bilir

“Ermənistan tərəfinin sərhəddə atəşkəsi mütəmadi pozması və Qarabağ cəbhəsində təxribatlara əl atması, o cümlədən üçüncü yolun çəkilməsinə qərar verməsi İrəvanın danışıqlar prosesindən uzaqlaşdığını göstərir”. 

Bunu “Şərqə açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Son günlər mütəmadi hal alan erməni təxribatları ilə bağlı danışan politoloq bildirib ki, Azərbaycanın ABŞ, Fransa və digər Qərb ölkələri ilə hərbi-texniki əməkdaşlıq etməsi İrəvanda ciddi böhrana səbəb olub:

“Ermənistanın milli təhlükəsizlik konsepsiyasının qəbulu İrəvanı bu çətin vəziyyətdən çıxarmaq iqtidarında deyil. Amerikanın Azərbaycana 101 milyon dollar vəsait ayırması İrəvanın blokadasını daha da gücləndirəcək.

Artıq Azərbaycan Qərbin regiondakı əsas təhlükəsiz və strateji partnyorudur. Ermənistan və Gürcüstana gəldikdə isə bu ölkələrin xarici siyasətində Qərbyönümlü tendensiyalar nümayiş etdirilsə də, ciddi bir dəyişiklik müşahidə olunmur. Hər iki ölkə iqtisadi vəziyyətlərinə görə, Rusiyanın təzyiqi altındadır”. 

Analitikin sözlərinə görə, Azərbaycanın enerji və iqtisadi siyasəti Qərbin üzünü rəsmi Bakıya çevirib: “Qərbin silah ixracatçı şirkətləri ölkəmizlə hərbi-texniki əməkdaşlığa başlamaq istiqamətində əməkdaşlıq edirlər.

Bu onu göstərir ki, Azərbaycan artıq Qarabağ məsələsində Qərbdən istədiyi dəstəyi ala bilir. Əgər rəsmi Bakı anti-terror əməliyyatlarına başlayarsa, Qərb ölkəmizə qarşı hər hansı ciddi ölçü götürməyəcək. Azərbaycan Qərblə yanaşı Rusiya ilə də ümumi tarazlıq siyasətini qorumaqla Ermənistanın izolyasiyasını dərinləşdirə bilər.

Türkiyə-Rusiya əlaqələrindən istifadə edib, Ankaranı Qarabağ məsələsində yenidən aktiv olmağa cəlb etməliyik. Proseslər bu istiqamətdə gedərsə, Azərbaycan lokal hərbi əməliyyatlarla İrəvanı kompromisə gətirə bilər”.