“Paşinyanın Xankəndidəki açıqlamasının təsdiqi də, inkarı da xeyrimizədir”

Elxan Şahinoğlu:“Təsdiqi manevr imkanlarımızı genişləndirə bilər, inkarı Paşinyanın ermənilər arasındakı mövqelərini zəiflədəcək”



“Məqsədi nə olursa-olsun, Ermənistanın baş naziri səsləndirdiyi “şüarla” qırmızı çizgiləri aşdı”.

Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Siyasi şərhçinin sözlərinə görə, Ermənistana rəhbərlik edən nə Levon Ter-Petrosyan, nə də qatı separatçılar Robert Koçaryan və Serj Sarkisyan “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” ideyasını səsləndirmədilər. Çünki onlar iki mühüm amilə görə bunu etmirdilər: 

“Birincisi, onlar anlayırdılar ki, “birləşmə” ideyası Ermənistanın “Dağlıq Qarabağın Azərbaycandan ayrılması” mübarizəsinin beynəlxalq aləmdəki mövqelərini zəiflədəcək. İkincisi, “Dağlıq Qarabağın Ermənistana birləşdirilməlidir” ideyasının səsləndirilməsi faktiki danışıqlardan imtina edilməsi, atəşkəsin intensiv pozulması, o cümlədən Azərbaycanla müharibə ehtimalını artırırdı. Ermənistanın keçmiş rəhbərləri bunun qorxusundan hətta Ermənistan parlamentində “Dağlıq Qarabağın tanınması” səsverməsini də hər dəfə təxirə salırdılar. Lakin Paşinyan xələflərindən fərqli yol seçdi. O çoxdan unudulmuş “miatsum” şüarına qayıtdı və avqustun 5-də elan etdi ki, “Arsax elə Ermənistandır”. 

Politoloqun sözlərinə görə, Paşinyanın Dağlıq Qarabağdakı mövqeləri zəifdir və gələnilki “prezident seçkisində” öz adamını kürsüdə otuzdurmaq istəyir: 

“Paşinyan “Arsax elə Ermənistandır” şüarını bəlkə də bu məqsədlə söyləyib ki, onun namizədi yeni “şüarla” seçki kampaniyasına başlasın. Artıq dünəndən başlayaraq Dağlıq Qarabağda erməni separatçılığının başında dayanan şəxslər də “miatsum” şüarına qayıdışın onlara baha başa gələcəyinə dair ehtiyatlı açıqlamalar verməyə başlayıblar. İstisna etmirəm ki, “Qarabağ klanı”nın lideri Robert Koçaryan yaxınlarda həbsxanadan Paşinyana təhlükəli oyuna girişdiyinə dair açıqlama verəcək. Vəziyyət nə qədər qəribə olsa da, Koçaryanın bu mövzuda Paşinyan əleyhinə verəcəyi açıqlama bəlkə də münaqişənin başladığı uzaq 1980-ci illərdən bu tərəfə Azərbaycanın gələcək planında əlini gücləndirəcək”.

Analitikin sözlərinə görə, dərhal beynəlxalq təşkilatlardan Paşinyanın açıqlamasına münasibət bildirilməsi tələb olunmalıdır: 

“Paşinyandan izahat tələb olunmalıdır. Paşinyanın Xankəndidəki açıqlamasının təsdiqi də, inkarı da xeyrimizədir. Təsdiqi manevr imkanlarımızı genişləndirə bilər, inkarı Paşinyanın ermənilər arasındakı mövqelərini zəiflədəcək. İkincisi, Azərbaycan XİN Müdafiə Nazirliyi ilə birgə sərt bəyanat yayınlamalıdır. Paşinyan Xankəndidəki çıxışı ilə buna qədər olan şifahi razılaşmaların üstündən xətt çəkir, ortada nə “Praqa porsesi”, nə də “Madrid planı” qalır. Üçüncüsü, əslində Nikol Paşinyan bəlkə də anlamadan Azərbaycan ordusu üçün manevr imkanlarını genişləndirir. Bu şansdan isti-isti istifadə etmək lazımdır. Dünya tarixindəki müharibələr hansısa yanlış açıqlamadan və hərəkətdən başlayıb. Ancaq bu qərarın verilməsi də asan deyil. Ordunun istədiyi kimi hərəkət etməsi üçün siyasi qərardan əlavə düşmən müttəfiqinə işləyən mexanizm tam neytrallaşdırılmalıdır. Bunu da etməliyik”.