Gənclər kənd təsərrüfatına üz tutur: "5 ildən sonra aqrar ixtisasları seçənlər özlərinə iş tapa biləcəklər"

Bu il Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) rekord sayda tələbə qəbul olub. Belə ki, ADAU-nun qəbul planı ilk mərhələdə 92,12 faiz dolub. Universitetdən verilən məlumata görə, 2019/2020 tədris ilində ADAU üçün ayrılmış 1485 yerdən 1368 yerə tələbə qəbul olunub.

Bu, ADAU tarixində ən yüksək qəbul göstəricisidir. ADAU-da tələbə qəbulu üzrə son ən yüksək göstərici 2018/2019-cu tədris ilində qeydə alınmış, ötən il bu ali təhsil müəssisəsinə 1292 tələbə qəbul olmuşdu. 

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin stimullaşdırılması üçün ötən ildən başlayaraq bir sıra tədbirlər görülür. Ali məktəblərə qəbul imtahanlarında 400 baldan yuxarı toplamış və Azərbaycan Dövlət Aqrar Universitetini seçmiş tələbələrə 100 manat, 500 baldan yuxarı toplamış tələbələrə isə 200 manat əlavə təqaüd verilir.

ADAU-nun kənd təsərrüfatı ixtisasları üçün nəzərdə tutulmuş yerlərin mütləq əksəriyyəti dolub. Çox güman ki, bu abituriyentlər arasında aqrar ixtisaslara marağın artmasının göstəricisi sayıla bilər. 

Görəsən, təhsilin daha da stimullaşdırılması məqsədi ilə oxşar tədbirlər digər universitetlərdə də tətbiq oluna bilərmi?

Mövzu ətrafında fikrilərini Sherg.az-la bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirdi ki, ADAU-nu seçən tələbələrə müəyyən məbləğdə təqaüdlərin verilməsi ilə stimullaşdırıcı tədbirlər bitmir

Ekspert vurğulayıb ki, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiyaları zamanı 6 fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd verilir:

“Etiraf edək ki, əmək bazarında mövcud tələbləri dəyərləndirən abituriyentlər aqronomluq, baytarlıq və digər kənd təsərrüfatı yönümlü ixtisasları seçərək gələcək karyera həyatını indidən təmin etmiş olurlar. Qəbul imtahanlarında 500 və daha yüksək bal toplamış abituriyent ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçərsə, ayda təxminən 350 manata yaxın təqaüd almış olur. Həmçinin universitetin dörd ulduz təsnifatına uyğun, hər cür şəraitə malik yataqxanasında qalacaq. Ayda 350 manata yaxın təqaüd alacaq tələbə həm yüksək ali təhsil almış olur, həm ailə büdcəsinə qənaət edir, həm də əmək bazarında böyük tələbat olan, yüksək maaşlı işlə təmin olunmağa zəmanət verən ixtisasa yiyələnir. Vacib bir məqamı qeyd edim ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil almaq istəyən şəxslər Azərbaycan iqtisadiyyatı üçün lazım olan ixtisasları seçməlidirlər. Amma gənclər bəzi ixtisaslar üzrə dövlət sifarişli yerlərdə təhsil almağa maraq göstərmirlər. Həmin sahələr isə daha çox kənd təsərrüfatı, aqrokimya, zootexniklik, baytarlıq, aqromühəndislik və digərləri idi. Amma illər ərzində formalaşmış bu fikirlər ADAU-da son 4-5 ildə görülən müsbət işlərdən sonra dəyişdi”. 

Ekspertin qənaətincə, gənclər Azərbaycan üçün gərəkli ixtisaslar üzrə təhsil ala biləcəkləri təqdirdə özlərinə iş də tapa biləcəklər:

“Amma həmin ixtisaslar üzrə azərbaycanlı tələbə təhsil almasa, onda bu sahələr üzrə işləmək üçün ölkəyə xaricdən mütəxəssis dəvət ediləcək. Əminliklə deyə bilərəm ki, 5 ildən sonra aqrar ixtisasları seçən o gənclər özlərinə iş tapa biləcəklər. Çox zaman şəhərdə yaşayan insanlar kənd təsərrüfatı və aqrar sektoru seçmək istəmir. Amma onlar mütəxəssis olsalar, şəhər yerində də aqrar sektor üzrə iş tapa bilərlər. Hazırda ölkəmizdə kənd təsərüfatına dövlət başçısı tərəfindən çox yüksək diqqət ayrılıb və bu sahə üzrə yerli, savadlı mütəxəsislərə ciddi ehtiyac var”.