Gözümüz üstə yeri var...

Albertə qoyulan heykəl çox möhtəşəmdir, hamı bəyəndi

Paytaxtın Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə heykəl qoyulub. Qəhrəmanın heykəli Aşıq Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli küçəsi arasındakı yerləşən və Albert Aqarunovun adı verilən küçədə ucaldılıb.
Məlumata görə, heykəlin açılışı oktyabr ayında olacaq. Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov abidənin müəllifinin Ömər Eldarov olduğunu bildirib. Onun sözlərinə görə, abidənin açılışında ailəliklə iştirak edəcəklər. Qəhrəmana abidə ucaldılması ilə bağlı mətbuata açıqlama verən millət vəkili, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Yevda Abramov deyib ki, bu hadisə Azərbaycan dövlətinin və xalqının Milli Qəhrəmanına münasibətinin təzahürüdür. Deputat vurğulayıb ki, heykəl qoyulması İsrail və Azərbaycan xalqları arasında möhkəm dostluğun nümunəsidir: “Albert Aqarunov başqa millətin nümayəndəsi kimi Şuşa uğrunda döyüşərək həlak oldu, xalqının, doğulduğu torpağın adını ucaltdı. Dünyaya tanıtdı ki, Azərbaycan torpağı necə igidlər yetişdirən diyardır”. 
Məlumat üçün qısaca bildirək ki, Albert Aqarunov 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib. 1992-cu il mayın 8-də snayper gülləsinə tuş gələrək döyüş meydanında şəhid olub. Məzarı Bakıda Şəhidlər Xiyabanındadır. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canını qurban vermiş bir qəhrəmana şəhərin görkəmli yerində möhtəşəm abidə ucaldılması ictimaiyyət nümayəndələri, ələlxüsus qazilər tərəfindən yüksək dəyərləndirilib. Onların fikrincə, Vətən uğrunda şəhid olmuş qəhrəmanların adının əbədiləşdirilməsi ailələrinə təsəlli olmaqla yanaşı, həm də gənc nəslin vətənpərvərlik ruhunu yüksəltməyə xidmət edir. 
Millət vəkili Aqil Abbas “Şərq”ə açıqlamasında deyib ki, milli qəhrəmanlarımızın və şəhidlərimizin xatirəsinə xüsusi diqqət göstərilməsi olduqca müsbət haldır.
Deputatın sözlərinə görə, bu cür addımlar millətin öz şəhidlərinə olan sevgisini göstərir: “Qarabağ müharibəsində təkcə Azərbaycan türkləri vuruşmayıblar, milli kimliyindən asılı olmayaraq, ölkənin minlərlə vətəndaşı torpaqlarımızın müdafiəsi uğrunda düşmənlə döyüşüb. Türklərlə çiyin-çiyinə başqa millətlərin nümayəndələri də ermənilərlə qəhrəmancasına vuruşublar. Çünki Azərbaycan hamımızın vətənidir. Özü də Albert kimi adamlar cəbhəyə könüllü gediblər. Milli azlıqların nümayəndələrini məcbur etməyiblər ki, onlar mütləq cəbhəyə getməli, düşmənlə savaşmalıdırlar. Azərbaycanı öz Vətəni bilənlər düşmənlə döyüşə öz xoşları ilə yollanıblar. Sevindirici haldır ki, onlar özlərini bizdən ayırmayıblar. Albert tankçı idi və döyüşlərdə qeyrətlə vuruşurdu. Ona görə də deyirəm ki, Albert Aqarunov yəhudi yox, təmiz türkdür, azərbaycanlıdır. Ümumiyyətlə, torpaqlarımızın müdafiəsi uğrunda canını qurban vermiş bütün xalqların nümayəndələri bizdəndir. Albertə qoyulan heykəlin fotosuna baxdım, çox möhtəşəmdir, şəxsən mənə ləzzət elədi”. Parlament üzvü şəhidlərə göstərilən ehtiramla bağlı qardaş ölkəni misal çəkib: “Türkiyədə körpülərdən, tunellərdən keçərkən şəhid adlarını görürük. Demək olar ki, əksər körpü və tunellərə, yolüstü bulaqlara şəhidlərin adları verilib. Biz də şəhidlərimizə o cür qiymət verməliyik. Bakıda, rayonlarda müxtəlif yerlərə qəhrəmanlarımızın, şəhidlərimizin adlarını verə bilərik. Bu, həm onlara olan sevgimizi göstərər, həm də ailələrinə böyük təsəlli olar. Ağdamda Şəhidlər Xiyabanı var. Rayon uğrunda döyüşlərdə şəhid olanların adları həmin xiyabanda lövhə üzərində qeyd olunub. Düzdür, hələ siyahı tamamlanmayıb, çünki şəhidlərimiz çoxdur. Təklif etmişəm ki, Xiyabanda təkcə Ağdamdan olan şəhidlərin adı yazılmasın. Lənkərandan, Qazaxdan, Naxçıvandan, Qubadan, Bakıdan Ağdama döyüşə gedərək şəhid olanların adları qeyd olunsun, çünki onlar da əsl ağdamlılardır”. Millət vəkili şəhid ailələrini incitməyin yolverilməz olduğunu söyləyib: “Ağcabədinin Hindarx kəndindən 40 nəfər şəhid olub, amma elə rayon var, bir nəfər də olsun şəhid verməyib. İndi Hindarx kəndində üç məktəb var. Üç şəhidin adını məktəbə verəndə digər şəhid ailələri inciyir. Təbii olaraq hamı istəyər ki, onların şəhidlərinin adı əbədiləşsin. Ona görə kənddəki küçələrə, bulaqlara və s. yerlərə də şəhid adları vermək lazımdır. Bunu etsələr dünya dağılmaz ki?! Bələdiyyələr və icra hakimiyyətləri bu işi asanlıqla görə bilərlər”. 
A.Abbas digər qəhrəmanların da adının əbədiləşdirilməsinin zəruri olduğunu bildirib:
“Çox istərdim ki, Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun da abidəsi ucaldılsın. Düzdür, Ağdamdan çox qəhrəman çıxıb. Məsələn, Asif Məhərrəmov (Fred Asif), Şirin Mirzəyev, Ərşad Nadirov (General), Yaqub Rzayev (Ala Yaqub) və başqaları. ABŞ-da bir abidə var, naməlum əsgərlər ölkənin bayrağını yüksəldirlər. Amerikanlar bütün filmlərində o abidəni təbliğ edirlər. Yaxşı olar ki, Ağdamda simvolik olaraq həm Allahverdinin, həm də digər 16 Milli Qəhrəmanın adibələri ucaldılsın. Eyni zamanda Qubadlını, Şuşanı son damla qanına qədər müdafiə edən Əliyar Əliyevin də heykəli qoyulsun. İnsanlar da belə abidələrə baxıb qürrələnsinlər. Bir məqamı da vurğulayım ki, Azərbaycanda heykəl düzəltmək məsələsi problemlidir. Açığını deyək, çox bərbad abidələr qoyurlar. Koroğluya bir heykəl qoyublar, elə bil qatıra minib. Bakıda ən çox sevdiyim iki heykəl var. Biri Məhəmməd Füzulinin, ikincisi isə Cəfər Cabbarlının abidəsidir. Albert Aqarunova belə möhtəşəm heykəl ucaldılmasını ancaq alqışlamaq lazımdır”. 
Qarabağ qazisi, Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov da “Şərq”ə açıqlamasında bu təşəbbüsün çox gözəl olduğunu deyib:
“Hər kim reallaşdırıbsa, xərcini, zəhmətini çəkibsə, onu alqışlamaq lazımdır. Arzu edirik ki, bu cür addımlar tez-tez atılsın. Dəfələrlə təklif etmişdik ki, müxtəlif milli qəhrəmanların xatirəsi əbədiləşdirilsin. İlk təşəbbüs kimi bunu çox yüksək qiymətləndiririk. Gözəl abidədir, dizaynı da əladır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərin hamısı qəhrəmandır. Albert həqiqətən qəhrəman döyüşçü olub. Şuşanın müdafiəsində çox böyük fədakarlıq göstərib. Ona abidə ucaldılması bütün qaziləri, şəhid ailələrini sevindirir. İnşallah, davamı gələr. Bir misal çəkim, İraqın küçələrində bütün işıq dirəklərindən şəhidlərin fotoları asılır. Hər gün şəhid plakatlarını yuyub, təmizləyirlər. İraqlılar başlarını hara çevirirsə, öz şəhidlərini görürlər, beyinlərinə həkk olur. Bizim də şəhidlərə münasibətimiz yüksək olmalıdır. Axı Vətən şəhidlərin bizə əmanətidir. Şəhid olub qarışdıqları torpağın üzərində onlara abidə qoyulmasına məhdudiyyət qoymaq olmaz. Əfsuslar olsun ki, bəzən şəhidlərin büstünə yer “tapılmır”. 
Qarabağ qazisi Asəf Quliyev də “Şərq”ə açıqlamasında Aqarunova heykəl qoyulmasını təqdirəlayiq hesab edib:
“Azərbaycan bu torpaqda yaşayan bütün millətlərin Vətənidir. Azərbaycanın böyüklüyü, gücü də məhz bundadır. Albert Aqarunov Azərbaycanın Milli Qəhrəmanıdır, bu Vətənin övladıdır. Ona abidə ucaldılması çox müsbət haldır. Heykəlin dizaynı da çox gözəldir. Bu işi həyata keçirənləri alqışlayırıq”.